BMT husilərin raket hücumunu qınayıb

BMT husilərin raket hücumunu qınayıb
  25 Dekabr 2017    Oxunub:1276
Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasına üzv dövlətlər, Husi silahlı qruplaşmasının 19 dekabr tarixində Səudiyyə Ərəbistanı Krallığının paytaxtı ər-Riyada ballistik raket hücumunu kəskin qınayıb. Şura üzvləri Husilərin Səudiyyə Ərəbistanına, həmçinin digər region dövlətlərinə qarşı bu hücumları davam etdirmək niyyətində olduğunu bəyan etməsindən narahatlıqlarını ifadə ediblər.
Səudiyyə Ərəbistanın Bakıdakı səfirliyindən AzVision.az-a daxil olan məlumata görə, Təhlükəsizlik Şurası üzvləri bütün üzv dövlətləri BMT TŞ-nın müvafiq qərarlarına uyğun olaraq silahlara qoyulmuş qadağanın bütün yönlərini tam icra etməyə çağırmış, bu qadağanın pozulmasının davam etməsini göstərən hesabatlardan narahatlıq keçirdiklərini bildiriblər.

Təhlükəsizlik Şurası üzvləri qeyd ediblər ki, Körfəz Əməkdaşlıq Şurası Təşəbbüsü və onun mexanizmləri, Hərtərəfli Milli Dialoq Konfransının nəticələri, BMT TŞ-nın müvafiq bəyanat və qərarları, o cümlədən 2216 saylı qərarı, hamının hərtərəfli danışıqlar aparmasına və Yəmən böhranının siyasi həllinə zəmin yaradır. Onlar bu qərarların hələ də icra edilməməsindən narahatlıqlarını ifadə ediblər.

Təhlükəsizlik Şurası üzvləri bütün tərəfləri, Yəməndə qarşıdurmaya son qoyulması üçün tez bir zamanda son həll və hərtərəfli razılaşmaya nail olunması məqsədi ilə tərəflərin danışıqlara cəlb edilməsi uğrunda ardıcıl səy göstərən BMT-nin Yəməndəki nümayəndəsi İsmayıl Valəd əş-Şeyx Əhmədin fəaliyyətinə öz konstruktiv iştirakları ilə dəstək verməyə səsləyib.
Təhlükəsizlik Şurası üzvləri Yəməndə humanitar vəziyyətin pisləşməsindən öz narahatlıqlarını ifadə edib. Onlar bütün tərəfləri, humanitar yardımların və işçilərin bütün əziyyət çəkən bölgə sakinlərinə tez və maneəsiz şəkildə yetişməsinə şərait yaratmağa, ölkəyə əsas idxal məhsullarının, o cümlədən ərzaq, yanacaq və tibbi yardımların alınması və onların hər yerdə paylanmasını sadələşdirməyə səsləyib.

Bu xüsusda Təhlükəsizlik Şurası üzvləri Səudiyyə Ərəbistanı Krallığının, Hüdeydə limanı ilə bağlı verdiyi bəyanatı təqdir etmişlər. Təhlükəsizlik Şurası üzvləri bütün tərəfləri, beynəlxalq humanitar qanuna əməl etməyə çağırmışdır. Təhlükəsizlik Şurası üzvləri Yəmənin birliyi, suverenliyi, müstəqilliyi və torpaq bütünlüyü ilə bağlı güclü öhdəliklərini bir daha vurğulayıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: BMT  





Xəbər lenti