Atambayev Nazarbayevə qarşı Putindən kömək istədi

Atambayev Nazarbayevə qarşı Putindən kömək istədi
  20 Noyabr 2017    Oxunub:1796
"Rusiya Qırğızıstan və Qazaxıstan arasındakı hazırkı durumun nizamlanmasına kömək etməlidir".

AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Qırğızıstan prezidenti Almazbek Atambayev 6-ilik prezidentlik müddətinin yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib.
“Bildiyiniz kimi bu yaxınlarda mən öz dostum, Rusiya prezidenti Vladimir Putinlə görüş keçirdim və mən ona açıq şəkildə bildirdim: Əgər sizə Avrasiya İqtisadi İttifaqı (Aİİ) lazımdırsa, onda onu necə dağıtdıqlarına sakit şəkildə baxmaq lazım deyil”, - deyə Atambayev iki ölkə arasında vəziyyətin nizamlanması perspektivləri barədə sualları cavablandırarkən deyib.

Qeyd edək ki, Qırğızıstan prezidenti Almazbek Atambayev ölkəsinin dövlət mükafatlarını təqdim etmə mərasimində Qazaxıstan hakimiyyətinin və şəxsən prezident Nursultan Nazarbayevin ünvanına çox ağır ifadələr işlədib.

Qırğızıstanın demokrat prezidentini qəzəbləndirən Qazaxıstanın onun ölkəsindəki seçkilərə müdaxilə etmək və keçmiş prezident Kurmanbek Bakiyevin klanına dəstək vermək cəhdləri olub. Atambayev Qazaxıstan oliqarxlarının Bakiyev klanını hakimiyyətə gətirmək cəhdləri haqda danışaraq deyib:

"Mən istənilən halda təmiz seçkilər keçirəcəyəm. Hər xalq öz hakimiyyətinə layiqdir. Mən başa düşürəm, qazax hakimiyyəti nəyə görə onları bizə sırımaq istəyir. Onlar Bakiyevi sevirlər. Bakiyevi hələ də Qazaxıstanda öz bayramlarına çağırırlar. Mən hətta Qazaxıstanın ən yüksək rütbəli şəxslərindən dəfələrlə eşitmişəm ki, Bakiyevlər düz eləyib insanları güllələyiblər. Familiyaları deməyəcəm.Bakiyevləri ona görə dəstəkləyirlər ki, biz qazax xalqına pis nümunə oluruq. Nursultan Abışeviç düz deyir ki, hətta Almatının ÜDM-i Qırğızıstanın ÜDM-indən beş dəfə çoxdur. Qazaxıstanın ÜDM-i Qırğızıstanın ÜDM-indən 20 dəfə çoxdur. Və Qazaxıstan vətəndaşına düşən orta illik gəlir Qırğızıstandan 10 dəfə çoxdur. Onda nəyə görə Qazaxıstanda pensiyalar Qırğızıstandan 10 dəfə yox, cəmi 1.5 dəfə çoxdur? Ona görə ki, Qazaxıstanın sərvətlərini oğurlayırlar. Bu gəlirlər Qazaxıstan xalqına gedib çatmır. Və biz onlara pis nümunə oluruq. Atambayev onlara pis nümunədir. Çünki ədalətli hakimiyyət nümunəsi ortaya qoyur. Bizim qonşu vilayətdə, Talasda heç də Qazaxıstandan pis yaşamırlar. Əgər biz adambaşına 10 dəfə çox gəlir əldə etsəydik pensiyalar da 10 dəfə çox olardı"

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Atambayev   Nazabayev   Putin  





Xəbər lenti