Ermənistanda baş nazir həm də Ali Baş Komandan olacaq

Ermənistanda baş nazir həm də Ali Baş Komandan olacaq
  23 Oktyabr 2017    Oxunub:2148
Bu gün Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının iclasında müdafiə naziri Vigen Sarkisyan tərəfindən “Müdafiə haqqında” yeni qanun layihəsinə əlavə və dəyişikliklər müzakirəyə çıxarılıb.
AzVision.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.

Vigen Sarkisyan qanunların Ermənistan Konstitutsiyasına uyğunlaşdırıldığını bildirib: ““Səfərbərliyə hazırlıq və səfərbərlik haqqında”, “Müdafiə haqqında”, “Müdafiə məqsədilə nəqliyyat vasitələrinin istifadəsi haqqında”, “Hərbi xidmət haqqında” qanunlar vahid qanun halında birləşdirilir. Demək olar ki, bütün müdafiə sahələrində dəyişikliklər edilir”, – deyə erməni nazir bildirib.

Onun sözlərinə görə, müdafiə, səfərbərliyə hazırlıq və səfərbərliklə bağlı qanunlar Ermənistanın yarım prezidentlik idaretmə sistemi çərçivəsində müəyyənləşdirilirdi. Müvafiq tədbirlərin təşkili və təminatı məsələsi isə Ali Baş komandan olaraq Ermənistan prezidentinin səlahiyyətləri üzərində qurulmuşdu.

Hazırda isə Ermənistan Konstitutsiyasında edilən dəyişikliklərlə əlaqədar müvafiq fəaliyyəti parlament idarəetmə üsuluna uygunlaşdırmağa çalışırlar. Bu məqsədlə sözügedən qanun növbəti ilin aprel ayınadək qüvvəyə minməlidir.

“Baş nazir Ali Baş komandan olacaq, onun tənzimləyə bilmədiyi məsələlər isə müdafiə nazirinin səlahiyyətində qalacaq. Səfərbərliyin təşkili Ermənistan Müdafiə Nazirliyinə veriləcək, hərbi komissarlıqların sayı isə azaldılacaq”, - Vigen Sarkisyan qeyd edib.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: Ermənistan   Sarkisyan  





Xəbər lenti