Çexiya İxrac Bankı “Metsamor”u modernləşdirəcək

  03 Oktyabr 2017    Oxunub : 1366
Çexiya İxrac Bankı “Metsamor”u modernləşdirəcək
Çexiya İxrac Bankı Ermənistanın “Metsamor” Atom Elektrik Stansiyasının modernləşdirilməsinə zəmanət verir. Bu istiqamətdə görüləcək işlər Çexiyanın "Škoda JS" şirkəti tərəfindən həyata keçiriləcək.
AzVision.az xəbər verir ki, bu barədə Çexiya radiosu məlumat yayıb.

Çexiya İxrac Bankının nümayəndəliyinin rəhbəri və baş direktoru Krel Bureş “Metsamor” AES-ə yüksək ixtisaslaşmış texnoloji təchizat üçün bank tərəfindən təxminən 1 milyon dollar dəyərində zəmanət veriləcəyini bildirib.

Sifarişlərin alındığını bildirən direktor aparılacaq işin bank üçün Ermənistanın ərazisində ilk kommersiya əməliyyatı olduğunu bildirib.

"Škoda JS" nümayəndəliyinin rəhbəri və baş direktoru Jozef Perlik isə bu kimi sistemlərin Çexiya və Slovakiyada quraşdırıldığını, artıq Macarıstana da verildiyini deyib.

Qeyd edək ki, “Metsamor” Atom Elektrik Stansiyası (AES) region üçün ciddi təhlükə mənbəyidir. AES-də baş verəcək istənilən qəza Cənubi Qafqazla yanaşı, Rusiya, Orta Asiya, Xəzər və Qara dəniz ölkələrinin əhalisi üçün böyük faciələrə səbəb ola bilər.

Alpər Mövludoğlu
AzVision.az

Teqlər: Metsamor