Azad Rəhimov İstanbula gedib

Azad Rəhimov İstanbula gedib
  27 Sentyabr 2017    Oxunub:1808
Türkiyənin İstanbul şəhərində təşkil ediləm İslam Əməkdaşlıq Təşkilatının İslam Konfransı Dialoq və Əməkdaşlıq Gənclər Forumunun (İƏTİKDƏGF) “Müsəlman gənclərin vəziyyəti” mövzusunda beynəlxalq konfransında Azərbaycanı gənclər və idman naziri Azad Rəhimovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, müsəlman gənclərinin qarşılaşdıqları əsas problemləri həll etmək üçün gənclər sahəsində fəaliyyət göstərən dövlət orqanlarına, ictimai təşkilatlara istiqamət verib, vasitələr tapmaq baş tutan konfransın əsas müzakirə istiqamətlərindən olub. Müsəlman gənclərin qarşılaşdıqları problemlərin həlli yolunda onlar arasında koordinasiyanın gücləndirilməsinə diqqət yetirilməsi də beynəlxalq konfransda müzakirə edilib.



Gənclər və idman naziri Azad Rəhimov konfransda çıxışı zamanı dövlətin gənclərin üzləşdiyi problemlərin həlli yolları üzərində daim işləməsi ilə bərabər, eyni zamanda onların öncədən qarşısının alınması istiqamətində də çalışdığını bildirib.

Azad Rəhimov, Azərbaycanın 1991-ci ildə müstəqillik qazandığı dönəmlərdə siyasi və iqtisadi sahələrdə bir sıra çətinliklər yaşaması, Ermənistanın torpaqlarımıza təcavüzü nəticəsində 20% ərazilərin işğal edilməsi, bir milyondan artıq insanın öz torpaqlarından qaçqın düşməsi, çox sayda gəncin həyatını, eyni zamanda, dövlətin inkişafına, sabahına olan inamını itirməsi barədə danışıb. Nazir bütün bu gərginliklər zəminində 1994-cü ildə dahi şəxsiyyət Heydər Əliyevin Sərəncamı ilə Gənclər və İdman Nazirliyinin yaradılması və ötən bu müddət ərzində gənclərin inkişafı istiqamətində imzalanan Dövlət Proqramları, “2015-2025-ci illər Gənclərin inkişaf strategiyası”, ideya və təkliflərin bir araya toplandığı forumların keçirilməsi və digər mühüm əhəmiyyət kəsb edən mövzular haqqında məlumat verib.

“İmzalanan hər bir Dövlət Proqramı gənclər siyasətinin inkişafı ilə bərabər, hər bir gəncin ayrı-ayrılıqda bir fərd olaraq inkişafına yönəlib. Çünki, gəncin inkişafı, ölkənin inkişafı deməkdir. Bu fikir, cənab Prezident İlham Əliyevin “Neft kapitalını, insan kapitalına çevirmək” ideyasını özündə tərənnüm edir.”



İstanbula səfəri çərçivəsində nazir Azad Rəhimov eyni zamanda İslam Ölkələri üçün Statistik, İqtisadi və Sosial Araşdırma və Təlim Mərkəzinin (SESRİC) icraçı direktoru Musa Kulaklıkaya, Qətər Dövlətinin mədəniyyət və idman naziri Salah Bin Ghanim Al Ali, Türkiyə Cümhuriyyetinin gənclər və idman naziri Osman Aşkin Bak, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun sədri Elşad İsgəndərov, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun vitse prezidenti Abdurrahman Topbaş, Fələstin Dövlətinin gənclər və idman üzrə yüksək müşaviri Jibril Rajoub ilə görüşlər keçirib.





Bununla yanaşı, nazir Türkiyənin TRT və Kanal 24 kanallarına müsahibə verib.

Aytən Zəhra
AzVision.az


Teqlər: Azad-Rəhimov  





Xəbər lenti