Vüqar Rahi: “Nanə xanımın oxuduğu digər şeirlər niyə məşhur olmadı?”

Vüqar Rahi: “Nanə xanımın oxuduğu digər şeirlər niyə məşhur olmadı?”
  12 Sentyabr 2013    Oxunub:5175
“Nanə xanımın "şeir mənim ifamda populyar oldu və sevildi" ifadəsi yanlışdır”
“Şeirin müəllifi Vüqar Rahidir. Bu şeiri ilk dəfə sumqayıtlı otaq yoldaşlarımdan eşitdim. Dedilər müəllifi Nüsrət Kəsəmənlidir. Nə qədər axtardım müəllifi tapmadım və efirdə şeirin müəllifinin Nüsrət Kəsəmənli olduğunu dedim. Bu şairin şanssızlığı idi. Amma şeir mənim ifamda bəyənildi və məşhurlaşdı”. AzVision.az xəbər verir ki, bu sözləri ATV-nin məşhur aparıcısı Nanə Ağamalıyeva qafqazinfo-ya müsahibəsində deyib.

Gənc şair Vüqar Rahi isə aparıcının bu sözlərinə cavab verib. AzVision.az-a açıqlamasında V.Rahi bildirib ki, Nanə xanımın "şeir mənim ifamda populyar oldu və sevildi" ifadəsi yanlışdır: “Əgər xatırlayırsızsa həmin günü Nanə xanım mənim şeirimi deyəndə elə ardınca rejissor Kənan MM-dən də bir şeir oxumuşdu, bəs o şeir niyə populyar olmadı? Və yaxud Nanə xanım bu günə qədər o qədər şeir səsləndirib efirdən, hansı ki, youtube-da da var, bəs onlar niyə belə, hətta mənim şeirimin yarısının yarısı qədər populyar olmadı? Nanə xanımın fikri ilə qətiyyən razı deyiləm. Mənim şeirimi populyar edən şeirimin özünün içdən yazılması, aşırı dərəcədə duyğu yüklü olması və səmimiliyidir. Nanə xanımın şeirimi qiraətinə gəlincə: Nanə xanımın qiraəti özünəməxsus və göz qabağındadır..”-deyə, V.Rahi əlavə edib.

N.Ağamalıyevanın müəllifi axtarıb tapmaması fikrinə də Vüqar Rahi münasibət bildirib: “Məlum şeirimi ilk dəfə özüm sələndirmişəm və Youtube kimi məşhur saytda 07.04.2011-ci ildə mənim ifamda və müəllifliyimlə yer alıb. Nanə xanımın istər Google.az-da, istərsə də youtube-da "Mənə bir az ondan danış" yazmağı kifayət edərdi ki, şeirin kimə aid olduğunu bilsin. Odur ki, mən Nanə xanımın "şeirin müəllifini axtardım, fəqət tapa bilmədim" ifadəsi ilə də razı deyiləm və Nanə xanımın bu hərəkətini onun öz işinə qeyri-ciddi yanaşması kimi qəbul edirəm".

Qeyd edək ki, sabah Vüqar Rahi mətbuat konfransı keçirəcək. Konfrans zamanı şerinin plagiat olunması ilə bağlı mətbuata açıqlama verəcək.

Sevinc


Teqlər:  





Xəbər lenti