“Lapşinin ekstradisiyasına kömək etməyə hazırıq” – Səfirlik

“Lapşinin ekstradisiyasına kömək etməyə hazırıq” – Səfirlik
  25 İyul 2017    Oxunub:2760
Rusiyanın Azərbaycandakı səfirliyi həbs olunan bloqqer, Rusiya və İsrail vətəndaşı olan Aleksandr Lapşinin ekstradisiyasına yardım etməyə hazırdır. AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu səfirliyin mətbuat-katibi Denis Apaşkin bildirib.
“Səfirlik A.Lapşinin və onun qohumları ilə əlaqədədir. Bizim Azərbaycan məhkəməsinin qərarını şərh etmək hüququmuz yoxdur. Səfirlik bundan sonra da öz səlahiyyətləri çərçivəsində A.Lapşinin hüquqlarının qorunması prosesində iştirak edəcək”, - deyə Apaşkin bəyan edib.

Lapşinin Rusiyaya ekstradisiyasını şərh edən press-attaşe xatırladıb ki, “Rusiya Federasiyası və Azərbaycan arasında məhkumların cəzalarını öz ölkələrində çəkməsi üçün ekstradisiya edilməsinə dair razılaşma var. Əgər A. Lapşin bu sazişlə nəzərdə tutulan hüququndan istifadə etməyə çalışsa, onda səfirlik bunun üçün lazımı köməkliyi göstərəcək”.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində blogger Aleksandr Lapşinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Məhkəmə Lapşini Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə təqdirli bilərək 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib.

Xatırladaq ki, Azərbaycan Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaqı aparılan cinayət işi üzrə ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A.Lapşin Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə təqsirləndirilən şəxs qismində cəlb edilib. Beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya olunub.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Lapşin   Səfirlik  





Xəbər lenti