İstanbulda 22-ci Dünya Neft Konqresinin rəsmi açılışı olub
Konqresin rəsmi açılışında Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Berat Albayrak, ABŞ-ın dövlət katibi Reks Tillerson və digərlərinin çıxışları dinlənilib.
Çıxışlarda Dünya Neft Konqresinin əhəmiyyətindən danışılıb, Türkiyədə keçirilən 22-ci konqresin yüksək peşəkarlıqla təşkil olunduğu vurğulanıb. Qeyd olunub ki, müasir dövrdə Türkiyə enerji üçün açar ölkə rolunu oynayır.
Türkiyənin ilk dəfə ev sahibliyi etdiyi konqresdə neft-qaz yataqlarına aid kəşfiyyat işləri, karbohidrogen ehtiyatların emalı, hazır məhsulların daşınması, onların alıcılara təhlükəsiz çatdırılması və digər məsələlər ətrafında müzakirələr aparılacaq.
Qeyd edək ki, 1933-cü ildə Londonda təsis edilən Dünya Neft Konqresi 70 ölkəni özündə birləşdirir. Bu konqres ötən dövrdə dünyada enerji təhlükəsizliyinin təmin olunmasına böyük töhfələr verib.
Konqres iyulun 13-dək davam edəcək. (AzərTAc)
AzVision.az