Erməni vəhşiliyi haqda nüfuzlu nəşrlərə məktub göndərilib

  07 İyul 2017    Oxunub : 963
Erməni vəhşiliyi haqda nüfuzlu nəşrlərə məktub göndərilib
İyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonun Alxanlı kəndinin mülki əhalisini atəşə tutması, Quliyeva Sahibə və onun iki yaşlı nəvəsi Quliyeva Zəhranın həlak olması barədə xəbərlərə dünya mediasında geniş yer ayrılıb. Beynəlxalq medianı məlumatlandırmaq məqsədi ilə Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) direktoru Lionel Zetter “The Times”, “The Guardian”, “The Economist” və “New York Times” kimi milyonlarla oxucu auditoriyası olan nüfuzlu qəzet və dərgilərə məktubla müraciət edib.
AzVision.az-ın məlumatına görə, məktubda qeyd olunur ki, bu vəhşiliyi törədənlər həm Ermənistan hakimiyyəti, həm də Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən cinayət məsuliyyətinə cəlb olunmalıdır:

“Dünyada o qədər münaqişə var ki, Dağlıq Qarabağ münaqişəsi yaddan çıxıb. Təmas xəttində qanunsuz yerləşən erməni silahlı qüvvələri Azərbaycan kəndlərində yaşayan dinc sakinləri mütəmadi olaraq atəşə tuturlar. 2017-ci il iyulun 4-ü axşam saatlarında Azərbaycan işğal olunmuş ərazilərində qanunsuz yerləşən Ermənistan silahlı qüvvələri Füzuli rayonun Alxanlı kəndini iri çaplı silahlardan atəşə tutublar. Bu vəhşilik nəticəsində Sahibə Quliyeva və onun ikiyaşlı nəvəsi Zəhra Quliyeva qətlə yetiriliblər. Bu fakt dinc əhalinin təhlükəsizliyi təmin etmək məqsədilə qəbul olunmuş 12 Avqust 1949-cu il tarixli “Cenevrə Konvensiyası” və digər beynəlxalq sazişlərin tələblərinə ziddir.

Bu vəhşiliyi törədənlər həm Ermənistan hakimiyyəti, həm də Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən cinayət məsuliyyətinə cəlb olunmalıdır. Artıq 29 ildir erməni silahlı qüvvələri Dağlıq Qarabağ və onun ətrafındakı yeddi rayonu işğal altında saxlayırlar. Birləşmiş Millətlər Təşkilatının erməni silahlı qüvvələrinin münaqişə ərazisindən çıxarılmasını tələb edən dörd qətnaməsinə əməl olunmasının vaxtı yetişib”.

“The Economist” jurnalına ünvanlanan məktubda isə vurğulanır ki, Cənubi QafqazXəzər hövzəsi regionları çox böyük iqtisadi potensiala malikdir: “Bu potensial Azərbaycan və Ermənistan arasında sülh olmayanadək tam reallaşa bilməz. Son hadisə bunu bir daha təsdiq edib. Təmas xəttində qanunsuz yerləşən erməni silahlı qüvvələri Azərbaycan kəndlərində yaşayan dinc sakinləri mütəmadi olaraq atəşə tutur. 2017-ci il iyulun 4-də axşam saatlarında Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz yerləşən Ermənistan silahlı qüvvələri Füzuli rayonun Alxanlı kəndini iriçaplı silahlardan atəşə tutub. Bu vəhşilik nəticəsində Sahibə Quliyeva və onun ikiyaşlı nəvəsi Zəhra Quliyeva qətlə yetiriliblər. Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsini işğal etməsi bu ölkənin iqtisadiyyatını çökdürüb.

Heç bir təbii sərvətə malik olmayan bu ölkə BP-nin rəhbərliyi ilə Azərbaycanda neft məhsulları bumundan faydalana bilərdi. Azərbaycanla münaqişədə olduğu üçün bütün neft kəmərləri Ermənistan ərazisindən yan keçir. Ermənistan iqtisadiyyatı bütövlüklə Metsamor Atom Elektrik stansiyasından asılıdır. Bu, Sovet dönəmindən qalma AES Çernobıl AES-i kimi bir çox çatışmazlığa malikdir. Ermənistanın Azərbaycan və Türkiyə kimi qonşuları ilə sərhədləri bağlıdır. Ermənistan ərazisində Rusiyanın hərbi bazaları yerləşir. Beynəlxalq qurumlar münaqişənin sülh yolu ilə həllini tələb etməlidir. Onlar erməni silahlılarının dinc Azərbaycan əhalisini öldürdüyünü unutmamalı və qanunsuz işğalın dayandırılması üçün Ermənistana təzyiq göstərməlidir”.

AzVision.az

Teqlər: Erməni-təxribatı   Alxanlı   TAES