Saakaşvillinin Bakı səfərilə bağlı iki versiya – TƏHLİL

Saakaşvillinin Bakı səfərilə bağlı iki versiya – TƏHLİL
  28 Fevral 2013    Oxunub:2180
Gürcüstanın səlahiyyətləri baş nazir tərəfindən alınmış prezidenti Mixeil Saakaşvillinin Azərbaycan səfərinə iki müxtəlif bucaqdan yanaşmaq olar. Hər iki halda əsas səbəb mümkün Rusiya təhlükəsi və preventiv tədbirlərlə bağlıdır.
Birinci versiya ondan ibarətdir ki, Gürcüstanın prezidentə müxalif olan baş naziri Bidzina İvanişvilli həqiqətən də, rusiyayönümlü siyasət yeridir və Moskvanın artıq nəzarətindən çıxmış Azərbaycan və Gürcüstana qarşı əlavə təsir vasitələri axtarışı fonunda bu tendensiya hər iki ölkə üçün təhlükə mənbəyi ola bilər. Söhbət ondan gedir ki, əlavə təsir vasitələrinin olmamasının Moskvanı hiddətləndirdiyi açıq-aşkar hiss olunur və əvvəlki illərdən fərqli olaraq, Rusiya Ermənistanı dəstəklədiyini diplomatik pərdə ilə örtməyə çalışmır.

Rusiya təhlükəsi Azərbaycan və Gürcüstanı birləşdirən əsas faktorlardan biridir, çünkü hər iki ölkə bir-birinə Rusiyadan iqtisadi asılılığa son qoymuş layihələrlə bağlıdır. Moskvanın hər hansı ölkəni təsir dairəsinə almaq üçün istifadə etdiyi əsas metod isə həmin dövlətin rəhbərliyinə özünə “sərfəli” liderin təyin edilməsindən ibarətdir. Azərbaycanda seçki ilinin yaxınlaşması bu istiqamətdə yarana biləcək təhlükənin indidən qarşısını almaq üçün birgə tədbirlərin görülməsini zəruri edir. Kreml Azərbaycanda da, İvanişvilli sayağı Rusiyada var-dövlət sahibi olmuş şəxsin hakimiyyətə gəlməsini arzulaya bilər. Moskva anlayır ki, Qafaqazda lokomotiv rolunu Azərbaycan oynayır və regionu arxasınca Qərbə doğru aparır. Hətta Ermənistan nə qədər istəsə də, bu prosesdən qaça bilməyəcək və gec-tez lokomotivə qoşulmalı olacaq.

İvanişvilli rusiyayönümlü olsa belə, Azərbaycanın iradəsinə zidd olan qərarlar qəbul etmək iqtidarında deyil. Odur ki, Kremlin Azərbaycanda hakimiyyət dəyişikliyində maraqlı olması anlaşılandır. Təbii ki, belə ssenari ölkələrini Rusiyanın asılılığından xilas etmiş Azərbaycan və Gürcüstan prezidentlərin marağına cavab vermir. Hər iki ölkədə seçki ilinin olmasını nəzərə alsaq, seçkiöncəsi liderlərin məsləhətləşməsi zəruridir.

İkinci versiya isə ondan ibarətdir ki, İvanişvilli Saakaşvilliyə qarşı üzdə müxalifdir, əslində isə elə prezidentin öz tərəfdaşıdır. Məqsəd isə, ictimaiyyətə hakimiyyət dəyişikliyi görüntüsü yartmaqla kütlənin dəyişiklik tələbatını ödəməkdir. Eyni zamanda, rusiyayönümlü görüntüsü yaratmış İvanişvilli bu yolla işğal olunmuş Cənubi Osetiya və Abxaziya ilə bağlı Moskvanı danışıqlar masasına əyləşdirə bilər. Bundan əlavə, Moskvanın hakimiyyətdə öz adamını görmək istəyi Gürcüstanı şimaldan gələ biləcək təhlükəyə qarşı sığortalamış olur. Kreml sadəlövhcəsinə düşünə bilər ki, Tbilisidəki baş nazir öz kadrıdır və artıq Gürcüstana təsir rıçaqları onun əlindədir.

Belə olan halda da Saakaşvilli ilə məsləhətləşmə zəruridir. Çünki, Rusiyanın Azərbaycana yaratdığı təhlükə paralel olaraq Gürcüstan üçün də zərbədir. Gürcüstan və Azərbaycan prezidentlərinin razılaşdırılmış birgə “yol xəritəsi”nə ehtiyac duyulur. Azərbaycanın İvanişvilidənsə, onun sahibi ilə danışması daha məntiqlidir. Buna görə, artıq səlahiyyətsiz görünən prezident Saakaşvillinin Azərbaycanda belə təm-təraqlı qarşılanması təəccüb doğurmamalıdır.

Təbii ki, prezidentlər arasında danışıqların mövzusu daha geniş xarakter daşıyıb və hər iki ölkə maraqlarına toxunan müzakirəsi vacib bir çox məsələr gündəmdə olub. Elə Ermənistanda seçki sonrası proseslər və qərbyönümlü qüvvələrin hakimiyyətə gəlmə ehtimalı, Amerika və ya İsrailin İrana hücum etmə ehtimalı və bu halda iki ölkənin mövqeyi, İranın mümkün təxribatları, Türkiyə ilə birgə hərbi təlimlər və sair məsələləri misal çəkmək olar. Ancaq hər bir halda, bu məsələlərin mərkəzində Rusiya və Qafqazın bu ölkənin təsirindən çıxması dayanır və edilən bütün cəhdlər həmin məqsəd üçündür.

Tofiq Əsgərov


Teqlər:  





Xəbər lenti