Təzəpirin məşhur memarı niyə intihar etmişdi? – Nəvəsi gizli məqamları danışır (FOTOLAR+VİDEO)

Təzəpirin məşhur memarı niyə intihar etmişdi? – Nəvəsi gizli məqamları danışır (FOTOLAR+VİDEO)
  17 Aprel 2017    Oxunub:70672
Zivər bəy Əhmədbəyov Azərbaycanın ilk ali təhsilli rəssam-memarı olub. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakı şəhərinin baş memarı işləyib. Sankt-Peterburq Mülki Mühəndislər İnstitutunu bitirdikdən (1902) sonra Bakı quberniya idarəsinin İnşaat şöbəsində, Bakı şəhər idarəsində memar işləyib. 1907 ildə Şamaxı şəhərinin baş memarı təyin edilib, məhəllələrin düzgün planlaşdırılması və tikilməsinə, zəlzələ zamamı (1908) dağılmış Cümə məscidinin yeni layihəsinin hazırlanmasına böyük əmək sərf edib.



Layihələrində milli memarlıq ənənələrindən geniş istifadə edib. Onun layihələri əsasında Bakıda Təzəpir (1905-14), Göy məscid (1912-13), Göyçayda məscid (1906), Şamaxıda İmam məscidi (1909), Cümə məscidi (1909-18), “Səadət” məktəbi (1911-12) və s. inşa edilib.

Əhmədbəyov öz yaradıcılığında milli irslə yanaşı Avropa klassisizminə də müraciət edib. Bakıda “Doğum evi” (1910-cu illər), “Uşaq xəstəxanası” (indiki Elmi-Tədqiqat Ana və Uşaq Mühafızəsi İnstitutu, 1914-1916), həmçinin Bakıda və Şamaxıda bir sıra yaşayış evlərinin layihələrini yaradıb.

Əhmədbəyov Azərbaycan xalq memarlığının mütərəqqi ənənələrini Şərq və Avropa memarlığı ilə üzvi surətdə əlaqələndirib. AXC dövründə Bakının baş memarı vəzifəsində çalışan Əhmədbəyov şəhərin daşnaklar və eser-menşeviklərdən ibarət “Sentrokaspi diktaturası”ndan azad olunması (1918, 15 sentyabr) zamanı şəhid olmuş azərbaycanlı və türk əsgərlərinin xatirəsini əbədiləşdirmək üçün Çəmbərəkənd qəbiristanlığında (indiki Şəhidlər Xiyabanı) ucaldılacaq abidə kompleksinin layihəsini hazırlayıb. Altıbucaqlı türbə görünüşündə olan həmin layihədə orta əsr Azərbaycan memarlıq incilərindən məharətlə istifadə olunub.

Zivər bəy Əhmədbəyovun yeganə qızı olmuş mərhum Firəngiz xanımın övladı, hüquq elmləri doktoru Oktay Əfəndiyev babası ilə bağlı bir çox gizli qalmış məqamlara AzVision.az-a müsahibəsində aydınlıq gətirir:



- 1835-ci ildə Şamaxıda bir bəy övladı dünyaya gəlir. Adını Gəray bəy qoyurlar. O, dövrünün açıq düşüncəli qızı hesab edilən Töhfə xanımla evlənib. Bu evlilikdən onların 9 övladları olub. Həmin uşaqlardan biri Zivər bəy idi.

Şamaxının Sarıtorpaq məhəlləsində böyüyüyən Zivər bəy hələ uşaqlıq illərindən musiqiyə, ədəbiyyata, rəssamlığa meyilli olub. Atası Gəray bəy ömrünü maarif işinə sərf edib, anası isə yaxşı təhsil görmüş, ədəbiyyata bələd olan bir insan kimi gözəl şeirlər yazıb. Zivər bəy ali təhsilli ilk Azərbaycan memarı olub. O, ailənin sonbeşiyi olub. Royalda gözəl ifa edən Zivər bəy çox duyğusal insan olub.



Oktay Əfəndiyevin bildirdiyinə görə, Zivər bəyin Şövkət xanımla evliliyindən Firəngiz adlı bir qızı dünyaya gəlib. O, Firəngiz xanımın övladıdır:

- Yeganə qızına çox bağlı olan Zivər bəy sona qədər ona qayğı göstərə bilmədi. Qızı ilə bağlı arzuları da torpağa gömüldü. Tale ona başqa bir həyat qismət elədi. Əsrin əvvələrində rus-erməni fitnəsi ilə Azərbaycanın görkəmli ziyalılarını məhvetmə siyasəti həyata keçirirldi. Bu, Zivər bəydən də yan keçmədi. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra ermənilər tərrəfindən daimi təqibə məruz qalan Zivər bəy belə bir şəraitdə işləməyin mümkünsüzlüyünü Respublika rəhbərliyinə bildirib və etiraz olaraq özünə qəsd edib.

Açıq deyəcəyəm. 1925-ci ilin 16 fevrel tarixində babam Çəmbərkənddə yerləşən evində özünü güllələdi. Babamla bağlı sənəd və materialları rəhmətlik qardaşım tapıb və məqalələr şəkilində çap edib. Həmin vaxt babamın 52 yaşı vardı.

Prezidentimiz İlham Əliyevə çox minnətdaram, o, babamın xatirəsinin əbədiləşdirilməsi ilə bağlı Sərəncam imzaladı. İndi “Nizami” stansiyasının önündə babamın heykəli var.



- İntihara səbəb nə oldu?

- Onun yeganə qızı olan anam Firəngiz hərdən babamız barədə qorxa-qorxa danışardı. Çünki babamın intihar etdiyi illərdə vəziyyətin necə olduğunu hər kəsə məlumdur. Babam qətiyyən Sovet hökumətini qəbul etmirdi. O, Almaniyaya, Fransaya getmişdi. Sovet hökumətinin qərarları ilə razılaşmırdı. Ona görə də, tez-tez aralarında toqquşmalar baş verirdi. Bunları bizə anamız danışıb. Sovet hökuməti xaricə gedən insanları da qəbul etmirdi. 1920-ci illərdə Azərbaycana Şamuyan kimi ermənilər rəhbərlik edirdilər. Babam da bununla razılaşmırdı.

Babamgilin evi indiki Dağüstü Parkda (Çəmbərkənd) yerləşirdi. 1967-ci ildə babamın evini sökdülər. Yol çəkirdilər. Çox haqsız yerə sökdülər. Akademik Hüseynov özü sənədlərə qol çəkmişdi ki, bu ev muzey kimidir və qanunla qorunmalıdır. Mən həmin evdə anadan olmuşam. Uşaqlığım o evdə keçib. Böyük ev idi. Otaqları da, həyəti də geniş idi, velosipedlə gəzirdim. Yaxşı yadımdadır, o evə çoxlu qonaqlar gələrdi. Babam xaricdən gələndə patefon valları gətirərdi. Orada royal da vardı. Babam elə həmin o evdə də həyatına qəsd elədi. Anam ərə gedəndən sonra babam evi anama bağışlamışdı.

Ölümündən sonra Çəmbərəkənddə evinin yanında dəfn olunan Zivər bəyin məzarı da rahatlıq tapmadı. 1931-cu ildə hökumətin qəbul etdiyi qərarla Çəmbərəkənd qəbirstanlığı dağıdıldı. Məzarların üstündə park salındı və Semyon Mironoviç Kirovun nəhəng heykəli ucaldıldı. Zivər bəyin yeganə övladı Firəngiz xanım atasının məzarını başqa yerə köçürsə də, tezliklə o yerdə də Fəxri Xiyabanın tikintisi üçün köhnə qəbiristanlıq alt-üst edilir. Firəngiz xanım bu hadisədən dərin sarsıntı keçirir. Beləliklə, Zivər bəy Əhmədbəyovun məzarı itərək, torpağa qarışdı.



- Bəs o, intihar edəndən sonra, ailə üzvlərinin taleyi necə oldu?

- Babam intihar edəndən sonra həyat yoldaşı, yəni Şövkət nənəm başqa bir şəxsə ərə getdi. Onlar birlikdə İrana, sonra Parisə köçdülər. Anam isə burda qaldı, ona xalam dayaq oldu. Nənəmin yeni həyat yoldaşından Elxan və Mələk adlı uşaqları oldu. Mələk xala indi Parisdə yaşayır. Elxan dayı dünyasını dəyişib.

Şövkət nənə ilə babam Zivər bəyin yeganə övladı bizim anamız Firəngiz xanım idi. Mələk xala ilə Parisdə bir neçə dəfə görüşmüşəm.
Mən 26 il Moskavada yaşamışam. Orada müəllim kimi çalışmışam. Daha sonra Sankt-Petrburqa, babamın təhsil aldığı universitetə getdim. Orada arxiv sənədlərilə tanış oldum, babamın diplomunu götürdüm.

- Zivər bəyin ölümündən sonra həyat yoldaşı niyə qısa vaxtda ərə getdi?

- Zivər bəy elə də imkanlı olmamışdı. Nənəmin yeni həyat yoldaşı çox dövlətli idi. Şövkət nənə təzə həyat yoldaşı ilə İrana gedəndən sonra anam Azərbaycanda tək qaldı.

- Babanızla bağlı hansı xatirənizi bizimlə bölüşə bilərsiniz?

- Babam haqqında daha çox anamın, eyni zamanda böyük qardaşım Cahangirin dediklərini danışa bilərəm. O, ədəbiyyat və incəsənət vurğunu idi. Çox zəngin kitabxanası, Peterburqdan və Avropadan gətirilmiş rəssamlıq və heykəltəraşlıq nümunələrindən ibarət kolleksiyası vardı. Onun bu irsini uzun illər anam Firəngiz xanım qoruyub saxlayıb. Kolleksiya babamın 1914-1916-cı illərdə tikdirdiyi evin böyük bir otağını əhatə edirdi. İndiki Dağüstü parkda yerləşən həmin malikanəni dəqiqliklə xatırlayıram. Evin ətrafında gözəl dekorativ bağ salınmışdı. Babam orada ekzotik balıqların üzdükləri səkkizguşəli akvarium yerləşdirmişdi. Anam danışardı ki, babam inşa etdiyi mərmər döşəməli geniş qalereyada qohumları və Bakı ziyalılarını toplayıb, musiqi gecələri keçirər, fortepiano və skripkada ifa etdiyi melodiyalarla onlara gözəl əhval bəxş edərdi. Onu adətən anam müşayiət edərdi.



- Bu gün Bakıya yaraşıq verən tikililərin sırasında Təzəpir məscidi xüsusi memarlıq üslubu ilə fərqlənir…

- Təzəpir Məscidi Zivər bəy Əhmədbəyovun şah əsəri hesab edilir. 1883-cü ildə Bakı quberniyasına müraciət edən müsəlmanlar İçərişəhər qala divarlarının yanında, indiki Sabir bağının yerində məscid tikilməsinə icazə verilməsini xahiş ediblər. Lakin Təzəpirin o vaxt şəhərin kənarı sayılan Yuxarı Dağlı məhəlləsində tikilməsi ilə bağlı qərar verilir. Dövrün ziyalı, vətənpərvər xanımı sayılan Nabat xanım Aşurbəyli həyat yoldaşı və atasından aldığı miras hesabına qoşa minarəli Təzəpir məscidini tikdirməyi öz öhdəsinə götürüb. O, bunun üçün Zivər Bəyi Şərq ölkələrində yerləşən ən gözəl məscid komplekslərini ziyarət etməyə göndərib ki, onaların tikiliş tərzlərini öz gözlərilə görsün və gəlib Azərbaycanda onlardan daha da möhtəşəm bir işə imza atasın. Memar Zivər bəy çox böyük ruh yüksəkliyilə məscidin layihəsini hazırlayıb. Bu layihəyə əsasən məscid hündürlüyünə və əzəmətinə görə Yaxın Şərqin ən möhtəşəm dini abidələrindən biri olmalı idi. O, şəhərin hər yerindən görünməli və Günəşin şüaları altında parlamlı idi.



Lakin Bakı qubarniyasının Dini İşlər İdarəsindən Zivər bəyə ciddi xəbərdarlıq edilir ki, Təzəpir məscidi yaxınlıqda yerləşən və xalq arasında “Qızıllı kilsə” adlanan Aleksandr Nevski kilsəsindən hündür olmamalıdır. Beləliklə, Zivər bəy hazırladığı layihədə bəzi dəyişiklər etmək məcburiyyətində qalır. İmperiyanın iç üzü müsəlman dindarlara qarşı münasibətdə özünü bu şəkildə göstərir.

Vaxtilə Bakının mərkəzində müsəlmanların vəsaiti hesabına tikilən “Qızıllı kilsə”dən fərqli olaraq, Təzəpir məscinin tikintisi zamanı ilk vaxtlar vəsait çatışmayıb. Yalnız Nabat xanım Aşurbəylinin fədakarlığı və xeyirxahlığı sayəsində 1905-ci ildə məscidin ilk bünövrə daşı qoyulub. Tikinti işləri 1914-cü ilə kimi davam edib. Bu gün də Bakının memarlıq inciləri arasında Təzəpir əsrarəngizliyi ilə göz oxşayır.

- Təzəpirdən başqa, babanızın hansı əsərlərini daha möhtəşəm hesab edirsiniz?

- Zivər bəyin layihəsi əsasında Məkkədəki müqəddəs Kəbə evinin, Kərbəla məscidinin elementlərini özündə əks etdirən məşhur Əjdər bəy məscidi ərsəyə gəlib. Məscid dövrün tanınmış xeyriyyəçilərindən sayılan Əjdər bəy Aşurbəyovun vəsaiti ilə inşa edilib. Memarın Əmircanda tikdiyi məscid isə Şərq memarlığının ən yaxşı incilərindən biri kimi qorunur.



1859-cu ildə zəlzələdən sarsılan Şamaxıda 1902-ci ildə daha bir dəhşətli zəlzələ baş verib. Fəlakətlə üzləşən şəhər yerlə-yeksan olub. Saysız-hesabsız insan tələf olub. Şəhər sanki açıq səma altında daş məzarlığı xatırladırdı. Bu hadisə Zivər bəyə çox pis təsir etmişdi. O, doğma yurdunun dərdini ürəyinə salır və oranı yenidən dirçəltmək üçün yollar axtarırdı. Sağ qalan minlərlə insan başqa yerlərə sığınmışdılar. Şamaxının baş memarı kimi o, 1907-ci ildə şəhərin yenidən tikilməsi, küçələrin, yolların düzgün planlaşdırlması, xüsusilə zəlzələ zamanı dağılan Cümə məscinin yeni layihəsinin hazırlanması üzərində düşünürdü.

8-ci əsrin möhtəşəm İslam Memerlıq abidələrindən biri olan Cümə Məscidi (743) Əbu-Müslümün hakimiyyəti illərində inşa edilib və Cənubi Qafqazda tikilən ilk məscid olub. Dəməşqdəki Cümə məscidi ilə eyni olan Şamaxı Cümə Məscidi gözəlliyi, möhtəşəmliyi ilə rus rəssamı Qaqarini də heyran edib və o, hələ 1847-ci ildə bu məscidin rəsmini çəkib. 902-ci il Şamaxı zəlzələsindən sonra dağılmış, bərpası mümkün olmayan Cümə məscidinin yeni layihəsini hazırlayan Zivər bəy son dərəcə gözəl bir memarlıq nümunəsi yaradıb. Sonradan Şamaxı qırğınları zamanı erməni qaniçənlərinin əlindən qaçıb bu məscidə sığınanaları od vurub didi-diri yandıran daşnaklar top gülləsi ilə məscidin 4 minarəsini uçurublar, lakin bütövlükdə Cümə məscidi salamat qalıb.



Şamaxıda doğulub-böyüyən Zivər bəyi öz yurdunda, böyük bir şəhərdə kitabxananın olmaması çox narahat edirdi. Elə buna görə də Şamaxıda kitabxana binası tikir. Hələ o vaxtlar dövrünün görkəmli şairi olan Mirzə Əlkəkbər Sabir Şamaxı kitabxnasının yaradılmasını Zivər bəyin ən xeyirxah işi kimi qiymətləndirib.

Zivər bəy Əhmədbəyovun Bakı milyonçusu Murtuza Muxtarovun sifarişilə Əmircan kəndində tikdirdiyi iki minarəli məscid də Abşeronun nadir sənət nümunələrindən sayılır. Əvvəllər bu məscid Azərbaycanın ən hündür minarəli məscidi hesab olunurdu. Minarələrin hündürlüyü 40 metrdən artıqdır.



- Necə olub ki, Murtuza Muxtarov məscid tikdirmək fikrinə düşüb?

-Murtuza Muxtarov 19-cu əsrin axırlarında Bibiheybətdə qazma avadanlığı zavodunu işə salır. Bu, Rusiyada ilk neft avadanlığı müəssisəsi idi. O, zavodda hazırlanan dəzgah və avadanlıqları Rusiyaya və xaricə satırdı. Özü də tez-tez Şimalı Qafqaza gedirdi. Deyilənə görə, Muxtarov bir dəfə dəmiryol stansiyasında görür ki, perronda çərkəz libasında iki nəfər yerə xalça sərib, namaz qılmağa başladı. Murtuza onun kimliyi ilə maraqlanır və məlum olur ki, o, tanınmış vladiqafqazlı general Tuqanovdur. Tanış olurlar və onun dəvətilə evlərində qonaq qalır. Sonradan generalın ortancıl qızı Liza xanımla evlənir.



Bakıya qayıdanda həmin stansiyanın restoranının sahibinə deyir ki, həmin gün nahar edənlərin hamısının xərcini ödəyəcək. Vladiqafqzda isə qoşa minarəli, qoşa eyvanlı əzəmətli bir məscid tikdirir.

Əmircanlı qocalar bir dəfə ona rast gələndə deyirlər ki, ağa Murtuz, çox sağ ol, uşaqlara məktəb tikdirdin, biz yaşlılar üçün də bir adına layiq məscid tikdir. Savaba batarsan, ata-ananın ruhuna dua oxuyarıq. Murtuza “baş üstə” deyib, Vladiqafqazda tikdirdiyi məscid kimi Əmircanda da qoşa minarəli, qoşa eyvanlı möhtəşəm məscid inşa etdirmək qərarına gəlir və dövrün məşhur memarı Zivər bəy Əhmədbəyova müraciət edir. Beləliklə, Əmircanda möhtşəm məscid tikildi. Həmin məscid də Zivər bəydən yadigar qalıb.



Hafiz Əhmədov
Foto-Video: Evin Abdulla
Montaj: Bəxtiyar Məmmədov

AzVision.az


Teqlər: ZivərbəyƏhmədbəyov   Memar  





Xəbər lenti