Çeçenlərə yardım edən azərbaycanlı avtoritet – GİZLİ TARİX

Çeçenlərə yardım edən azərbaycanlı avtoritet – GİZLİ TARİX
  17 Fevral 2017    Oxunub:35861
Bəhram Çələbi
AzVision.az üçün

- 1953-cü ilin mayında Qazaxıstanın Nura çayı üzərindəki Kiyevka qəsəbəsində yerləşən həbs düşərgəsinə yatab göndərildim. - Çəmbərəkəndli Mir Kazım kişi danışır, - Cavan oğlan idim, hələ bərkə-boşa düşməmiş, həmişə “ver yeyim, ört yatım”a öyrəşmiş dədə balası. Düzdür, azadlıqda olanda türmənin qanunları haqda az-çox eşitmişdim. Amma lager ayrı şey idi, şəraitə uyğunlaşmaq üçün xeyli zaman tələb olunurdu.

O vaxt lagerlərdə oğruların sözü qanun idi. Başımı aşağı salıb, günlərimi yola verirdim. Vəziyyətim yaxşı olmasa da, pis də deyildi. Dustaqlara babat yemək, hətta ağ çörək də verirdilər. Bıtovka da pis deyildi. Buğda sahələrində işləyirdik. O qədər çox məhsul vardı ki, yığıb-qurtarmaq mümkün deyildi.

Şofer işləyirdim. Bir ay sonra kolonumuza yeni yatab gətirdilər. Onların içində səkkiz nəfər azərbaycanlı balası da vardı. Şəkili Piton Rasim, novxanılı Əliqardaş, ağdaşlı Qozbel Çingiz, sumqayıtlı Şuler Nazim. Qalan həmvətənlilərimiz xozçastda işlədiklərindən, onlarla ünsiyyətim az olub və bu üzdən adlarını unutmuşam.

Piton Rasim olduqca ünsiyyətcil, işgüzar, zarafatcıl oğlan idi. Bədənində ayaq barmağının ucundan başlayıb boğazında qurtaran qalın ilan nakolkası vardı. Buna görə onu “Piton” deyə klikat edirdilər. Yaxşı voleybol, futbol və kart oynayırdı.

Əliqardaş yaxşı nərd, kart ustası idi, taxıl yığmaq üçün terminal adlanan ambarların inşasında sürücü kimi çalışırdı. Əslində tikintidə onun ancaq adı gedirdi. Sonradan o da maşın sükanı arxasına keçib, taxıl yığımına qoşuldu. Taxıl yığımında sürücülər çatışmadığından, kolonun nəzdində şoferlik kursları açılmışdı və onlarla zek üç gün sərasər səhərdən axşamadək “Ural”ın hərəkət qaydalarını, təmirini öyrənirdi. Müəllimləri də Rasimlə Əliqardaş idilər. Əliqardaş bunları hələ yeniyetməliyində Şipaç Lətifdən lazımı qədər dərs aldığından çox gözəl bilirdi. Ona sürücülük vəsiqəsini əvəz edən sarı rəngli arayış verilmişdi və maşını əla idarə etdiyinə görə kolonda ona “adskiy voditel” deyirdilər.

Əliqardaşın dediklərindən:

- Dustaqlıqdır də, hərə birtəhər günlərini yola verir. Dustaqsansa, deməli, əlin-qolun bağlıdır. Aylar bir-birini əvəz etdikcə bunu daha dərindən anlayırdım. Mənə bir özüboşaldan “QAZ-51” vermişdilər, iş xatirinə deyil, sükan arxasında oturub ucu-bucağı bilinməyən Qazaxıstan çöllərində sərbəst maşın sürəndə elə bilirdim azadlıqdayam. Smen ərzində iki reys etməli idim. Qazaxıstan çöllərinin qışı şaxtalı, yayı isə cəhənnəm istisi ilə məşhurdur. Terminala qədər olan yolun yarısında özümlə götürdüyüm su bardakındakı mayeni boşaltmışdım. Dilim-dodağım qurusa da, bədənimdən axan tər oturacağı tamam islatmışdı.

Paltarlarımı soyunub yalnız alt tuman–köynəkdə sürürdüm maşını. Uzaqdan kiçik bir daxmanın qara damını görəndə sevicimdən gözlərimi yaş pərdəsi örtdü. Palçıqdan hörülmüş daxmanın qarşısında eşşək arabası və onun yanında iki çılpaq uşaq vardı. Eşşək qarşısındakı vedrəyə başını soxaraq su içirdi. Maşın dayananda daxmadan qara saqqallı bir kişi bayıra çıxaraq təccüb dolu nəzərlərini üzümə zillədi:
- Nə lazımdır? – qəzəblə qışqırdı.
- Zemlyak, Allah xatirinə, mənə bir bardaq su verginən, - yalvardım.
- Gürcüsən? – ötgəm, nifrət dolu səslə soruşdu.
- Azərbaycanlıyam, Bakıdan.
- Doğrudan? Burada, bizdən azacıq aralıda azərbaycanlılar da yaşayırlar, – üzünü uşaqlara tutub, - Ramzan, get evdən su gətir, - dedi.


Eşşəyin qarşısındakı vedrəni götürüb podnoşkaya çıxdım, buğda ilə doldurub, heyvanın qarşısına qoydum.
- Bratuxa, bir çuval verginən, buğda ilə doldurum, - dedim. – Ya da maşının arxasına palaz salginən, bir qədər boşaldım.
- Lazım deyil!
- Lazımdır, qardaş. Sənə yox, bu uşaqlara verirəm, - dedim və uşağın gətirdiyi suyu ovuclayaraq doyunca içdim.
Uşaqlar evdən iri bir kilim gətirib maşının arxasına sərdilər. Kuzovu qaldırıb maşındakı buğdanın tən yarısını oraya boşaltdım.
Su ilə dolu bardağımı götürüb, yola düzəlmək istərkən Xazrat əlindəki dəstərxanı ehmalca kabinaya qoydu:
- Pendir-lavaşdır, bir qədər də quyryq qaxacı.
- Qürub çağı yenə gələcəyəm, bratuxa, hələlik, - deyib terminala doğru yol aldım.

İkinci reysimdə yenə həmin daxmanın qarşısında dayanada kilim artıq arabanın qarşısında yerə sərilmişdi. Xazrat evdə deyildi. Yenə bir xeyli buğda boşaldıb, Ramzanın verdiyi pendirlə quyruqu götürərək, yola düzəldim.

Qərara aldım ki, gündə bir dəfə, qaranlıq qarışanda Xazratgilə dəysəm, kifayətdir. Xazrat iri bir qıf düzəltmişdi, buğdanın üstünə qoyurdu, kuzovu bir az qaldıran kimi taxıl arxaya qoyulmuş iki çəlləyi doldururdu.
Sonradan eşitdim ki, Piton Rasim də hələ məndən əvvəl auldakı azərbaycanlılara belə yardımlar edirmiş.
Beləliklə, bütün taxıl sezonu ərzində Xazratla aramızda dostluq ünsiyyəti yarandı.

Quyruq qaxacına yamanca dadanmışdım. Demək olar ki, kişkodroma (aşxana) getmirdim. Taxıl sezonu isə bitmək üzrə idi. Sonuncu dəfə çəlləkləri doldurandan sonra Xazratı qucaqlayıb:
- Bu, axırıncı qrevimdir, bratan, - dedim. – Allah bilir, bir daha görüşəcəyikmi. Uşaqları sənə, səni də Allaha tapşırıram. Yaxşı, qeyrətli uşaqların var. Bizi bu yaxınlarda yatab göndərəcəklər. Salamat qalın.
Bu sözlərimdən sonra Xazrat tələsik daxmaya getdi bə əlində bağlama tutaraq qayıtdı:
- Sənin verdiyin buğdanı bütün aulda yaşayan həmkəndlilərimə paylamışam, çox ucuz qiymətə, - deyərək iki bağlama pulu qoltuğumun arasına dürtdü. – Götürməsən halallıq olmaz. İkicə min rubldur…


Mən heç vəchlə pulları götürmək istəmir, o isə zorla dəstəni ovucuma, ciblərimə dürtüşdürməyə çalışırdı. Axırda pullar əlimdən düşüb, yerə dağıldı. Əyilb bir dənə yüzlük götürdüm:
- Sən də elə bu Valodkaya (Leninə) oxşayırsan, bircə fərq bundadır ki, onun saqqalı balacadır, keçisaqqaldır, - dedim. - Bunu səndən yadigar olaraq götürürəm, ən ağrılı günümdə, yəni sənin indiki vəziyətində olanda xərcləyəcəm, – dedim və qardaş məhəbbəti ilə bağrıma basdım. Nədənsə gözlərim doluxsunmuş, dodaqlarım əsirdi…

Həmin axşam Malay Rasimlə oturub dərdləşirdik – aulda yaşayan azərbaycanlılara necə yardım edə bilərik? Artıq taxıl yığımı başa çatmışdı. Amma zondakı müsəlmanlar – azərilər, özbəklər, çeçenlər, acarlar, udmurtlar… donuz əti yemədiklərinə görə, xozeyin auldakı repressiya olunan adamlarla danışığa getmiş, onlardan qoyun, “qaxac quyruq” alır, əvəzinə valenka, yataq mələfələri, balınc üzü, dəsmal, damların üzərinə çəkmək üçün brezent parçalar verirdi.

Təxminən bir həftə sonra yenicə nahar edib, uşaqlarla nərd oynayırdım. Piton Pasim gələrək, mənimlə vacib söhbəti olduğunu bildirdi. Quyryq və bir neçə qoyun gətirmək üçün aula gedəcəyini dedi.
- Onlarla görüşmək istəyirsənsə, operə yaxınlaş, putyovkaya adını yazsın, on dəqiqədən çıxaq.
Qaş qaralanda azərilərin yaşadıqları aula çatdıq. Rasımi doğma övladları kimi sevinclə qarşıladılar. Bir andaca ocaqlar qalandı, samovarlara od salındı.
Sadıx kişinin komasına başqa evlərdən də ağsaqqallar yığışdı. Hamısı naxçıvanlılar idi.

- 1918-ci ildə Andronikin qoşunu Noraşendən başlayaraq, Ordubada kimi bütün kəndləri viran qoymuşdu. Təkcə Culfa rayonunun Yadcı kəndində altı yüz nəfər qətlə yetirilmşdi,- Sadıx kişi boğazını cırmaqlayan xırıltılı səslə danışırdı. – Naxçıvan şəhərində əhalinin yarısını qırıb çatmışdılar. Nehrəm kəndinə isə girişə bilmədilər. Kənd camaatı böyükdən kiçiyə qədər Andronikə qarşı ayağa qalxaraq, onun qoşunlarına böyük tələfat yetirmişdi. Həmin vaxt kimlər ki Andronikə qarşı vuruşub, onların taleyi 37-ci ildə çox qara gəldi. NKVD-də həmin illərdə çalışanların 60 faizi ermənilər idi. Ermənilər onların əksəriyyətini güllələyib, sağ qalanları isə sürgünlərə göndəriblər. Culfa rayonunun Milax və Ərəfşə kəndlərindən iyirmiyə yaxın insan “troika” tərəfindən güllələnib, qırxdan artıq ailəni isə Qazaxıstana sürgün ediliblər. Naxçıvanın Keçili kəndinə o vaxtlar ermənilər “bandit kəndi” deyirdilər. Çünki kənd camaatı Andronikin qoşununa qarşı ciddi müqavimət göstərmiş, yüzdən çox əsgərini öldürmüşdülər. Andronik dörd gün ərzində mühasirədə saxladığı kənddə yalnız bircə evi yandıra bilmişdi. 37-də isə NKVD-nin erməni əməkdaşları onlara qarşı vuruşanların əksəriyyətini güllələdi, qırxa yaxın ailəni isə Qazaxıstan çöllərinə sürgün göndəridilər. Naxçıvan NKVD sinin müavini Orbelyan adlı bir qaniçən vardı, sonralar Azərbaycan NKVD sində daha yüksək vəzifəyə, şöbə rəisi kresosuna gətirildi və Xızı rayonu ona tapşırıldı. Xızıdan da burada ailələr var. Onların danışığından məlum olur ki, Orbelyanla onun əməliyyat müvəkkili Ağacanyan Xızıda, Mərəzədə çox alçaqlıqlar törədiblər…

Qarşımızdakı süfrədə çay, buğlama toxunulmamış qalmışdı. Sadıx kişinin ah–nalə ilə danışdığı bu olaylar hələ də qulaqlarımdadır…

…Taxıl yığımı mövsümü başa çatandan sonra minlərlə zeki bir gecənin içində vaqonlara doldurub, sosializm quruculuğu üçün lazımlı yerlərdə srok çəkməyə, işləməyə göndərirdilər. Məni Kuybışevə yatab elədilər. Malay Rasimi isə Rostovda “Stolıpin”dən düşürmüşdülər.

O vaxtlar Kuybışevdə məşhur su-atom stansiyasını tikilirdi. Təxminən otuz min dustaq vardı tikinti obyektində. Orda da vəziyyətim yaxşı idi. Srok çəkənlərin əksəriyyəti ikinci-üçüncü dəfə məhbəsə düşənlər, residivistlər idi. İyirmi-iyirmi beş il işi olanlar vardı. Bilirdim ki, papağımı hərləyənə kimi belimə yüklədikləri srokum keçəcək. 1957-ci ilin payızında mənə "azadlığın mübarək" dedilər.

Bakıya iyunun əvvəllərində gəldim. Əslində heç nəyə ehtiyacım yox idi, atam bizi saxlayırdı. Bu minvalla aradan iki il də keçdi. İkinci srokumu da 1958-ci ildə aldım. Kənd mağazasını yarmışdıq. Podelniklərimin biri rəhmətlik Eldar, o birisi də qaynım idi. İnanın ki, həmin əməliyyatdan bir köpük də xeyrim olmadı. Mağazada nə vardısa, hamısını yığışdırıb aparmışdıq. Amma bir çöp də sata bilmədik. Beş gün sonra işin üstü açıdı. Nə oğurlamışdıqsa, tutub əlimizdən aldılar. İşin üstü çox rahat açıldı. Eldarın belində üstünə qartal şəkli həkk olunmuş göy rəngli bir qayış vardı. İki daşın arasında bir qayış da mağazadan götürüb onun üstündən bağlayıb. Damdan çıxarkən öz qayışı sürüşüb düşüb. Həmin qayışı içəridən tapıblar. Baxan kimi biliblər ki, Eldarındır. Əvvəlcə iki podelnikimi, sonra da məni həbs etdilər. Müstəntiqim Qrişa Manukyan adında bir erməni dığası idi və hər vəchlə Bakıda baş vermiş bütün mağaza oğurluqlarını boynuma yükləmək istəyirdi. Məhkəməmiz Novxanıdakı kənd klubunda oldu. Hakim mənim bəxtimdən yenə də erməni çıxdı. Vəkilim deyirdi ki, belə bir cinayətə görə üç, yaxud uzağı, beş il həbs kəsərlər. Aquzarova idi, yaxud Yeguzarova atamdan on beş min manat istəmişdi. Kişi səkkiz min aparıb getmişdi. Hakimin kabinetindən çıxanda hiss elədim ki, danışıq baş tutmayıb. Yeguzarova üzümə 15 il oxudu...


Teqlər:





Xəbər lenti