`Pəhləvilər bizi məhv edə bilmədilər` – Qacar sülaləsinin davamçısı (MÜSAHİBƏ)

`Pəhləvilər bizi məhv edə bilmədilər` – Qacar sülaləsinin davamçısı (MÜSAHİBƏ)
  26 Yanvar 2017    Oxunub:36202
Fərial Lukas Nikpur-Naini vaxtilə bölgəni idarə etmiş böyük bir sülalənin – Qacarların hazırda yaşayan davamçılarındandır. Onun anası ana tərəfdən sonuncu Qacar şahı Əhməd şahının əmisi Nəsrəddin şahın qızı, ata tərəfdən isə Məhəmməd şah Qacarın nəvəsi Şahzadə Qulamhüseyn Mirzə Qəhrəman Qacarın qızıdır.

Onun atası isə İranın demokratik yolla seçilmiş baş nazirinin (həm də Qacar şahzadəsinin və `Khabar` qəzetinin sahibinin) katibi vəzifəsində çalışıb.

Əhməd şahın iki qızı və bir oğlu olub. Bununla belə, onun vəliəhdi kiçik qardaşı Məmməd Həsən Mirzə Qacar sayılır, çünki sülalənin qaydalarına görə, şah hər iki tərəfdən Qacar nəslindən olmalı idi. Məmməd Həsən Mirzə Qacar da Əhməd şah kimi sürgündə vəfat edib.



Fərial Lukas Nikpur-Naini Tehranda doğulub. Fransız qadın monastırında və İngiltərədə internat məktəbində təhsil alıb. Mikrobiologiya üzrə mütəxəssis olandan sonra ailə qurub və istiqamətini dəyişərək, incəsənət və əntiq əşyalar dünyasına yönəlib.

- Biz nə məktəbdə, nə də İranın hər hansı bir yerində Qacar soyadından istifadə edə bilirdik. Hər kəs özünə gerçək ad və titullarından əlavə fərqli bir soyad götürürdü. Qacar ailəsinə aid məsələlər ancaq gizli şəkildə müzakirə olunurdu. Yeni şah sülaləsi tarixçi və yazıçıları qacarları ləkələməyə ruhlandırır və bunu edənləri mükafatlandırırdı. Qacar nəslinə məxsus nə vardısa - saray, malikanə, ictimai binalar, kitabxana, teatr,- hamısı məhv edilirdi. Bir sözlə, Qacarlar sülaləsi Pəhləvilərin və onların ətrafının əmri ilə aradan götürülürdü.

- Əhməd şahın nəvələri ilə əlaqə saxlayırsınızmı?

- Mən onun nəticələrilə əlaqə saxlayıram. Biri xeyriyyə fondu üçün işləyir, digərinin isə özünün şirkəti var. Onların hər ikisi və mən əmim oğlumun Tehranda Qacarların devrilməsindən sonra əsasını qoyduğu Qacar ailə assosiasiyasının aktiv üzvləriyik. Pəhləvi rejimi buna son qoysa da 1999-cu ildə Avropa və Amerikada şahzadə Mənuçöhr Eskandari Qacar və şahzadə Feridun Barjesteh tərəfindən bərpa edilib.

- 1925-ci ildə hakimiyyətdən devrildikdən sonra Əhməd şahın həyatı necə oldu?

- Əhməd şah vaxtsız ölümünə qədər İsveçrədə oteldə yaşayırdı. Anası və digər ailə üzvləri bir müddət Ukraynada, Livanda yaşadıqdan sonra Parisə köçüblər. Babam bilirdi ki, gənc Əhməd Şah İranın yenicə kəşf olunmuş neft və digər mədənlərini britanyalılar üçün bağlamağa hazır deyil. Buna görə də tacını itirməyə hazır idi.

Nasirəddin şah Qacar və oğlu Müzəffərəddin şah Qacar din çərçivəsində geniş müasirləşdirilmə işlərinə başlamışdılar.



- Qacarların əksəriyyəti hazırda harada məskunlaşıb?

- Bu gün təxminən 300 Qacar gənci var. Onların əksəriyyəti Fətəli şah Qacarın nəslindən gəlir. Böyük bir qismi İranda yaşayır, qalanı isə yeni İran diasporunun bir hissəsidir.
Bizim Beynəlxalq Qacar Cəmiyyəti Assosiasiyası adlı elmi mərkəzimiz tədqiqatçıları Qacar hökmranlığı dövrünün müxtəlif aspektlərinə dair tədqiqatlar aparmağa dəvət edir və ingilis dilində illik jurnal çap edir. Bunlar kitabxanalar və tarixçilər üçün dəyərli mənbələrdir. Assosiyasiyanın 2017-ci ilin iyun ayında Londonda görüşü keçiriləcək. Görüşün əsas mövzusu isə müasir İranda Qacarların məşhurluğu və bunun əsas səbəbləri olacaq.




- Qacar sülaləsindən olanlar hazırda İranın idarə olunmasında iştirak edirlərmi?

- Əminəm ki, iştirak edirlər. Amma onları şəxsən tanımıram. Pəhləvilər hakimiyyətə gələndən sonar həm Rza şah, həm də Məhəmməd Rza Pəhləvinin dövründə beş Qacar baş naziri olub. Onlardan ən nüfuzlusu doktor Müsəddiq idi. Qacar şahzadələri, yazıçısından tutmuş siyasətçi, rəssam, memar, həkim və cərrahına kimi 20-ci əsrdə İranda ən nüfüzlu insanlar olublar.



- İranda olursunuzmu? Orda sizə münasibət necədir?

- Bəli, İrana gedirəm. İnsanlar soruşmadıqca, soyadımı söyləmirəm. Orada hamı bizə hörmətlə yanaşır.


- Bir az övladlarınız haqqında danışaq.

- Bir oğlum və bir qızım var. Hər ikisi Avropada yaşayır və işləyirlər.

- Həyat yoldaşınız da sizinlə eyni sülalədəndir?

- Həyat yoldaşım tibb üzrə mütəxəssis olub, hazırda pensionerdir. Onun ana tərəfdən sülaləsi İngiltərə Kralı I Villiamın nəslinə gedib çıxır.



- Qacarlar sülalələrini qorumaq və tarixdə saxlamaq üçün nə edirlər?

- Onlar tarixdə qalmaq üçün nəsə etməli deyillər. Çünki, uzun müddət hökmranlıq edən sülalə olublar. Amma bu sualı verməkdə haqlısınız. Biz gələcək nəsillərin rifahı üçün Pəhləvilərin saxtalaşdırdığı fikirlərlə mübarizə aparıb, həqiqətləri qorumağa çalışırıq.

- Özlərini yalandan Qacarların nümayəndəsi kimi təqdim edən insanlar olurmu?

- Mən şəxsən bir neçəsilə rastlaşmışam, lakin əksər vaxtlarda susuram. Bacım Nyu-Yorkda çox maraqlı bir hal ilə rastlaşıb. Dostu ona tanımadığı bir Qacar şahzadəslə görüşməli olduğunu demişdi. Həmin qadının evində keçirilən nahar zamanı bacıma Qacarlara aid olmayan şəkillər göstərmişdilər. Bu cür iddiaları olan insanlar adətən yeni dostlarını təəccübləndirmək üçün özlərinə böyük adlar verirlər. Bəziləri hətta özlərini ailənin sözçüsü kimi təqdim edirlər. Biz Qacarların digər üzvlərilə birlikdə belə şəxslərə qarşı etirazımızı bildiririk.

Qacar nəsli çox böyükdür, onların heç də hamısı hakimiyyətdə olmuş sülalənin üzvü deyillər. Ailənin heç bir həqiqi üzvü icazə almadan sülalənin adından ictimaiyyətdə danışa bilməz. Son zamanlar əsli naməlum olan bir şəxs tərəfindən iddialar irəli sürülməyə başlayıb. Ondan bu iddiaları dayandırmaq tələb edilib. Hazırda biz Turkiyə mediasını məlumatlandırmağa çalışırıq.



- Azərbaycanda olmusunuzmu?

- Müstəqil Azərbaycanda yox, İran Azərbaycanında olmuşam. Oranı çox sevirəm. Qacarların hakimiyyəti dövründə şahın Təbrizdə yaşaması bir qayda idi. Hətta Müzəffərəddin şahın oğlu hakimiyyətə gələndə həyatının 50 ilini Azərbaycanda yaşadığına görə, rəsmi dil olan fars dilində Azərbaycan ləhcəsilə danışırdı.



Şahanə Rəhimli
Leyla Cabbarzadə
Günel Babayeva



Teqlər:  





Xəbər lenti