`18 yaşım olanda yuxuda uçurdum` - Səfurə İbrahimova
Bu gün Azərbaycanın Xalq artisti Səfurə İbrahimovanın doğum günüdür. Tanınmış aktrisa 78 yaşını qeyd edir. Səfurə İbrahimova doğum günü ilə bağlı AzVision.az-ın suallarını cavablandırıb.
-Sizi doğum gününüz münasibətilə təbrik edirəm. Bu günü necə qeyd edəcəksiniz?
-Təşəkkür edirəm. Əslində bu gün mənim üçün dünəndən və ya sabahdan o qədər də fərqlənmir. Təmtəraqlı ad günü keçirməyəcəm. Süfrəmə imkanım daxilində nəsə bişirib qoyacağam.
- Yaxınlarınızdan kimlər size təbrik edib?
- Ailəmizdə xüsusi təmtəraqlı ad günlərinin keçirildiyini görməmişəm. Özəl günləri sadə formada qeyd edərdik. Sağlığında anam və bacım mənə hədiyyələr bağışlayardı. İndi isə heç kimdən hədiyyə, təbrik gözləmirəm. Ömrümdə bir dəfə ad günümü təmtəraqla qeyd etmişəm. Onda da yer dar olduğuna görə saatlarla qonaqlarım da, mən də ayaq üstündə qalmışdıq. Əsas olan təmtəraq deyil, əsas insan xəstələnməsin, ağır hadisə ilə rastlaşmasın, ili xoş keçsin.
-Kişinin yaşı onun var-dövlətidir. Bəs qadın üçün yaş nədir?
-Deyirlər, `qocalmaq istəmirəm, istəyirəm cavan qalım`. Arzula və bunun üçün çalış.Ancaq unutma ki, yaşın üstünə yaş gəlməlidir. İnsan yaşa dolduqca dəyişir, dolğunlaşır. Mən artıq 18-19 yaşında deyiləm. 18 yaşım olanda yuxularımda uçurdum. Amma indi qəribə yuxular görürəm. İndi cavan qız rolunu oynamaq arzusunda olsam, gülməli olar. Qəbul edək ki, vaxt öz işini görür.
-Həyatınızın ən uğurlu günlərini necə xatıryarısınız?
Həyatımda 1970-80 ci illəri çox uğurlu sayıram. Həmin illər filmlərdə, rollarımda bir sanballılıq, özünəməxsusluq olub. O ilər çox işləyirdim. Bir- birinin ardınca filmlərə çəkilirdim. Etiraf edim ki, çox böyük rollar oynamamışam. Kiçik rollara eyni münasibət bəsləmişəm. “Alma-almaya bənzər” filmindəki rolumu xatırlayıram. Orada sonluq da, əvvəl də yaxşı hadisələrlə bağlıdır. Həmin film Qubada çəkilib.Tərəf müqabilim Həsən Məmmədov işində peşəkar idi. 40 dərəcə istidə böyük həvəslə işləyirdik. İçimizdə həyat qaynayırdı, yeniliklər istəyirdik. Deyirdim, bir kadr da çəkək. Rejissor deyirdi ki, `istidən nəfəs ala bilmirik, sən bir kadr da istəyirsən`.
-Özünüz üçün nələri arzu edərdiniz?
-İnsan yaşa dolanda, təlatümlü günləri olubsa da, geridə buraxmalıdır. Tək özümə yox, xalqımız, yurdumuz üçün böyük arzularım var. Ölkəmizdə əmin amanlıq olsun, insanlar firavan yaşasınlar. Mənim “Qaynana” filmindəki rolumu gözünüzün qabağına gətirin.Oradakı obrazım kimi istəyirəm, qonşular bir-biri ilə mehriban olsun.
İnsan həyatdan küsülü getməməlidir. Həyatımızın qalan günlərini xoş yaşamalıyıq. Əvəllər mənə kimsə söz atanda, ağır söz deyəndə əsəbiləşərdim. İndi çalışıram ki, belə şeylər olmasın, həyatımı sakit yaşayım.
Aktyor Muxtar Manıyev, İlham Əsgərov kimi insanları yadıma salanda görürəm ki, biz nə qədər itirmişik. Ona görə də bir -birimizi qorumalıyıq.
Şahanə Rəhimli
AzVision.az