Bakı Platforması Qarabağın açarıdır? - Rusiyalı ekspertlər şərh edir

Bakı Platforması Qarabağın açarıdır? - Rusiyalı ekspertlər şərh edir
  24 Dekabr 2016    Oxunub:11087
Cəmiyyətlər arasında pozitiv dialoqun yaradılması mövcud münaqişələrin tam həllinin yeganə yoludur.

AzVision.az xəbər verir ki, bunu “Vestnik Kafkaza”ya açıqlamalarında rusiyalı politoloqlar “Ermənistan və Azərbaycan arasında sülh platforması”nı şərh edərkən bildirib.

Siyasi Araşdırmalar üzrə İnstitutun direktoru Sergey Markov vətəndaş dialoqunun Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım edəcəyinə ümid etdiyini bildirib: “Bu, düzgündür. Hətta müəyyən mənada qabaqlayıcı addımdır. Xatırladım ki, “Kazan formulu” əsasında Dağlıq Qarabağ münaqişəsinin müvəqqəti həll olunması konsepsiyasını Azərbaycan və Ermənistan rəhbərliyi, həmçinin ATƏT-in Minsk qrupunun həmsədrləri dəstəkləyib, lakin sonradan bu konsepsiya maneələrlə üzləşib. Öncə Ermənistanın daxilində, sonra Dağlıq Qarabağda yaşayan ermənilər və diaspora buna qarşı çıxdı və İrəvan bu planı reallaşdırmaqdan qorxdu və sabotaj yolunu seçdi. İkinci problem – 2016-cı ilin aprel ayında baş verən patriotik eyforiyanın təsiri altında erməni və Azərbaycan xalqları arasında sərt qarşıdurmadır. Bu kəskin yanaşma əsasən özünü sosial şəbəkələrdə göstərir”.



“Bu problemləri dialoqların yaranması yolu ilə həll etmək olar və ona görə bu cür birgə ictimai platformalar belə dialoqlar üçün zəmin rolunu oynayır. Hesab edirəm ki, bu təşəbbüsə mütləq qayda da diaspora nümayəndələri də qoşulmalıdır. Təşəbbüsə öncə Rusiyada olan güclü erməni və Azərbaycan diasporları cəlb olunmalıdır. Bundan əlavə, sosial şəbəkələrdə xüsusi olaraq ayrıca iş aparılmalıdır. Vurğulmaq istəyirəm ki, bu platforma Ermənistanın daxili siyasətindəki vəziyyətə ciddi təsir edəcək, Çünki sabiq prezident Levon Ter-Petrosyan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasından danışarkən məhz “barışıq” kəlməsini vurğulayır. Bu onun seçkiöncəsi kampaniyasının əsas özəylərindən birini təşkil edir. Ümumilikdə, cəmiyyətlər arasında dialoq yalnız siyasi prosesə əlavə deyil, həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını ləngidən vacib problemlərdən birinin həllinə yardımçı olacaq”, - deyə Markov bildirib.

Onun fikrincə, vətəndaş cəmiyyəti nümayəndələrinin dialoq üçün məhz Bakıda toplaşması gözlənilən idi: “Azərbaycanın bunun üçün öz meydançasını təqdim etməsi olduqca önəmlidir. Bu, həmçinin obyektiv qərardır. Çünki məhz bu ölkə münaqişənin “Kazan formulu” üzərində həllində daha çox maraqlıdır. Maraqlı olan tərəf kimi Azərbaycan özünü daha aktiv formada göstərir.

Dağlıq Qarabağ münaqişəsini zonasında hazırki durum onu göstərir ki, son 25 ildə vəziyyət kəskin dəyişib. Bakı öz mövqelərini möhkəmləndirib və öz gücünü artırıb. “Kazan formulu” hazırda mövcud güclərə yaxın olmağa imkan verir ki, bu da daha çox Azərbaycanın xeyrindədir. Ona görə də rəsmi Bakı sülhməramlı işdə aktivdir və bunu düzgün edir”, - deyə Siyasi araşdırmalar İnstitutunun direktoru bildirib.

Politoloq Andrey Epifançev Ermənistan və Azərbaycan arasında vətəndaş barışığı yolunda olan problemlərə diqqət çəkib: “Şübhəsiz, belə bir platformanın yaradılmasını alqışlamaq lazımdır. Cəmiyyətlər arasında dialoq yaxşıdır. Çünki ölkələrin barışığa getməsi üzrə mövcud təcrübə göstərir ki, münaqişələrin həlli həmişə vətəndaş cəmiyyəti səviyyəsində qarşılıqlı əlaqələrdən keçir”.



“Erməni cəmiyyətinin bir neçə erməninin, faktiki olaraq disidentlərin Bakıya gəlməsi reaksiyasına baxın. Onlar bunu qəbul etmirlər. Bakı rəhbərliyi, Azərbaycan KİV, ümumilikdə cəmiyyətlə dialoqa girdikləri üçün insanları satqınlıqda ittiham edirdilər. Böyük ehtimalla sadə insanlar və ictimai fikrin nümayəndələri bu ictimai təşəbbüsə qoşulmaqdan qorxacaqlar. Çünki onları öz vətənlərində lənətləyəcəklər. Bir cəmiyyətdə onları Bakının, digər cəmiyyətdə isə İrəvanın agenti kimi qiymətləndirəcəklər. Lakin buna baxmayaraq bunu etmək lazımdır, təşəbbüsün sonluğundan asılı olmayaraq bunu etmək lazımdır: Bir gün müharibə etməkdənsə, 10 il danışıqlar aparmaq yaxşıdır”.

Fəallar Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını yardım etmək üçün cəmiyyətlər arasında gərginliyin azaldılması istiqamətində işlər görməlidirlər: “Vətəndaş dialoqu özü-özlüyündə problemləri həll etməyəcək, lakin bu dialoqu davam etdirmək lazımdır. Çünki bu hazırda heç bir kompromisə hazır olmayan sadə insanlar arasında nifrət səviyyəsinin aşağı düşməsi ilə nəticələnə bilər. Kompromis olmadan Dağlıq Qarabağ münaqişəsi üzrə həllə nail olmaq mümkünsüzdür”.

Onun sözlərinə görə, vətəndaş dialoquna öz meydançasını təqdim etməklə rəsmi Bakı danışıqlardakı mövqeyini əhəmiyyətli dərəcədə artırıb: “Hazırda Azərbaycan üçün münaqişənin diplomatik sülh yolu ilə həllində bütün imkanlardan istifadə etdiyini göstərmək olduqca önəmlidir. Məsələ bundan ibarətdir ki, danışıqlar artıq çoxdan dalana dirənib. Çünki Ermənistan məsələ ilə bağlı mövqeyini dəyişmir, vəziyyəti uzadır və münaqişəni status-kvo səviyyəsində saxlayır. Belə bir vəziyyətdə Bakının elə də çox variantı yoxdur. Azərbaycan tərəfi münaqişənin sülh yolu ilə həll olunması üçün əlində qalan mümkün vasitələrdən istifadə etməyə çalışır. Bu imkandan biri vətəndaş dialoqudur”.

“Şimal-Cənub” Politoloji Mərkəzinin aparıcı eksperti Aleksandr Karavayev münaqişə tərəflərinin cəmiyyətlərində atmosferin dəyişməsini proqnoz edir: “Bakıda keçirilən görüşlər davam etsə, genişləndirilsə, onda bu formatdan əhalinin daha geniş təbəqəsini əhatə edən daha böyük bir proses başlaya bilər. Regional geosiyasət və hərbi qarşıdurmalar aradan qaldırıldığı vaxt belə təşəbbüslər gələcəkdə Qarabağda iki cəmiyyətin birgə yaşanmasına töhfə verə bilər. Bununla indidən məşğul olmaq lazımdır. Çünki düşmənçilik aradan qaldırılması məsələsi çox uzun prosesdir və onun həlli onilliklər ərzində davam edə bilər. Hətta Bakı və İrəvan bir-birinə doğru addım atsa və işğal olunan torpaqların bir hissəsinin Azərbaycana qaytarılması formasında ilkin praktiki addımlar atılsa, belə cəmiyyətlər arasında gərginlik azalacaq”.



Ekspertin sözlərinə görə, xalq diplomatiyasi ilə indi və burada məşğul olmaq tələb olunur: “Əgər barışıq səsi daha yüksək tonda eşidilsə, hərbçilərin vətəndaşlara qarşı cinayətləri kimi çətin məsələlərin müzakirəsindən qorxulmasa və tam barışıq mövqeyi formalaşdırıla bilsə, bu, dünyada nadir sayılan hallardan biri olacaq ki, münaqişəni xalqların özü həll etməyə çalışacaq. Əgər hakimiyyətlər tərəfindən ən xırda bir dəstək verilsə, əgər onlar tərəfindən reaksiya verilsə, onda bu təşəbbüs yaşamağa layiqdir. İstənilən halda və istənilən ssenaridə ictimai dialoq vacibdir. Qarabağ məsələsində istənilən addım, istənilən kompromis cəmiyyətlərarası atmosferin normallaşmasını, bu gün həddən artıq yüksək olan xalqlararası düşmənçiliyin azaldılmasını tələb edir”

Ekspert vurğulayıb ki, sülh platformasının Bakı meydançasında keçirilməsini gözləmək olardı: “Bakıda belə bir dialoqun vacibliyindən danışan həm iqtidar, həm də müxalifyönlü vətəndaş cəmiyyəti liderlərinin sayı kifayət qədərdir. Azərbaycan iqtisadiyyat və hərbi sahədə Ermənistan üzərində üstünlüyə malikdir və siyahı anlamda da Bakı üstünlüyü ələ alır. Ona görə də rəsmi Bakıdan regiondan sülhün təmin olunması istiqamətində bu cür təkliflər gözlənilir. Bu arada Ermənistan müdafiə olunma mövqeyini tutub. Bu ölkə münaqişənin siyasi və faktiki sərhədlərini dəyişmək istəmir, İrəvan üçün Qarabağa diqqətin ayrılmaması olduqca önəmlidir. Yalnız erməni elitasının bir hissəsi anlayır ki, ölkə məhz Dağlıq Qarabağ münaqişəsinə görə, ölkə iqtisadi dalana dirənib. Bu barədə sabiq prezident Ter-Petrosyan və onun tərəfdarları açıq şəkildə danışırlar. Hazırki durumda isə Ermənistan rəhbərliyi üçün nəyləsə bağlı addım atmaq sərfəli deyil, ona görə də İrəvan tərəfindən belə bir təşəbbüs yoxdur. Lakin onlar Ermənistanın ictimai xadimlərinə Bakı platformasında iştirak etmələrinə mane ola bilməzlər”.

Tərcümə etdi: Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti