Məni utandıran absurd

Məni utandıran absurd
  29 Noyabr 2016    Oxunub:5397
Musa Əliyev
Rejissor

Əsas işimdən əlavə, boş vaxtlarımda “Uber” taksi şirkəti ilə də əməkdaşlıq edirəm. Əlavə qazanc yeri kimi pis deyil. Min bərəkət. Müştərilərin arasında azərbaycanlılarla yanaşı, xaricilər də olur. Onlarla səyahət daha maraqlıdır - Azərbaycanla maraqlanırlar, müxtəlif suallar verirlər.

Bakıya heyran olduqlarını tez-tez deyirlər. Əbəttə, bu, məni bir azərbaycanlı kimi çox sevindirir. Suallarını bacardığım qədər cavablandırmağa çalışıram. Bilmədiklərimi onlarla birlikdə internetdən oxuyuram. Qonaqların maraq dairələri də müxtəlif olur – avropalı və amerikalılar əsasən şəhərin gözəlliyindən, Rusiyadan gələn qonşular isə insanlardan danışırlar.

Amma əlbəttə ki, hərdən utanan vaxtlarım da olub. Bizim söhbətimiz yolda baş tutduğundan, elə həmin yolda baş verən məqamlar qonaqlarımızın diqqətindən yayınmır. Bakıya güclü yağış yağanda yaranan gölməçələri görən avropalılar maraqla soruşurlar ki, necə olur, asfaltlanmış, heç bir yerində çala-çuxuru olmayan yol yağış yağan kimi bu günə düşür? Avtobus sürücüləri niyə istədikləri vaxt istədikləri yerdə saxlayib, adam düşürdüb-mindirir?!

Rusiyalıları heyrətləndirən məsələ piyadalarımızın yolu keçməsidir. Bir dəfə Moskvdan gələn bir ailəni mənzil başına aparanda kişi mənə dedi ki, sizin şəhərdə piyadalar yolu çox arxayın keçirlər. Yəni 100% arxayındır ki, haradan keçməsindən asılı olmayaraq, sən saxlayıb, yol verəcəksən. Avropa və Amerikadan gələnlər əsasən sürücülərin necə gəldi maşın sürməyindən qorxa-qorxa danışırlar. Həmin an onların səslərindəki heyrəti yazı ilə çatdırmaq olmur.

Amma bir dəfə Avstriyadan olan müştəri ilə söhbətimiz xüsusilə yadımda qaldi. Müştərini hava limanına aparırdım. Radioda sürücülər arasında çox populyar olan “Avtostop” verilişi gedirdi. Həmişəki kimi zənglər olur, suallar verilir, aparıcı Tural cavablandırırdı. Ümumiyyətlə, biz çox emosional millətik və hətta radioda danışanda belə, bunu gizlədə bilmirik. Tural zəng edən dinləyiciyə özünəməxsus emosionallıqla nəyisə başa salmağa çalışırdı. Bu, qonağımızın da diqqətini çəkdi. Emosional söhbəti bir qədər dinləyəndən sonra məndən soruşdu:

- Onlar nədən danışırlar?

Dedim, bu, bizim radio məkanımızın ən populyar verilişlərindən biridir. Soruşdu ki, bəs burada söhbət nədən gedir? Qısaca başa saldım ki, hər gün 3 saat ərzində sürücülər zəng vurub, aparıcıya suallar verir, ya da, yol polisi ilə yaranan problemlərini deyirlər.
- Sürücülər ondan nə soruşurlar ki?
- Yol hərəkəti qaydalarını, harada necə sürmək lazım olduğunu, yol nişanlarının mənasını...
- Bəs yol polisi ilə olan problem nədir?
- Hərdən olur ki, yol polisi sürücüyə haqsız yerə protokol yazır. O da bu verilişə zəng edib, aparıcıya deyir.
- Bəs o nə edir?
- O da lazım olarsa, zəng edənin nömrəsini göndərir polis rəhbərliyinə ki, araşdırsınlar.

Qonaq susdu. Bir qədər düşünəndən sonra mənə tərəf dönüb dedi:
- Siz ciddi deyirsiniz, ya mənimlə zarafat edirsiniz?

- Əlbəttə, ciddi deyirəm!

Və… birdən anladım ki, səhv elədim. Avropalıya bunu demək olmazdı. Amma artıq gec idi. Avstriyali qonaq təəccüblə mənə baxıb, dedi:

- Bağışlayın, məgər sizdə sükan arxasına keçən şəxs yol hərəkəti haqqında qaydaları bilməyə bilər? Necə ola bilər ki, sən maşın sürəsən, amma hansısa yol nişanından xəbərin olmasın? Necə ola bilər ki, yol polisi qanunsuz kimisə cərimələsin, o da öz növbəsində gedib həmin polisin rəhbərliyinə müraciət etmək əvəzinə, hansısa radio verilişinə zəng vurub, şikayət eləsin? Bu aparıcı hüquqşünasdır?
- Yox.
- Bəs ixtisasca kimdir?
- Deyəsən, tarixçidir.
- Çox maraqlıdır. Məncə bu, absurddur. Belə olmalı deyil. Hər bir sürücü yol qaydalarını bilməlidir. Polis isə heç kimə əsassız cərimə yazmali deyil. Yazsa belə, vətəndaş polisə şikayət etməlidir, radioya yox. Axı aparıcının belə səlahiyyəti ola bilməz ki, kiminsə problemini həll etsin...

Razılaşmamaq olmazdı. İnanın ki, utandım. Doğurdan da, baxanda görürsən ki, çoxları asan yol tapıblar. İşi çətinə düşən kimi zəng edirlər radioya ki, mənə kömək elə. Məsələnin başqa bir tərəfi də var: bəzi yol polisləri sürücüləri elə incidirlər ki, onlar məcbur qalib belə edir. Amma razılaşaq ki, sürücü yol hərəkətinə aid olan qaydaları normal bilsə, lazım gələndə öz haqqını tələb edə bilər. Belələri də var, amma azdır.

Çoxları sürücülük vəsiqəsini min cür yolla alıb, keçirlər sükan arxasına. Heç nədən xəbərləri yox. Polis saxlayir, baxır ki, sürücü heç nə bilmir. Və istədiyi nağılı danışır ona, o da protokola qol çəkib, gedir. Sonra bir başı çıxan dostu deyir ki, ay yazıq, sənə protokolu düz yazmayıblar. O da axşam saat 6-dan 8-ə qədər düşür telefonun üstünə ki, zəng eləsin Turalın verilişinə, problemini desin, Tural da onu kiməsə tapşırsın.

Həmin verilişin reklam çarxlarının birində belə bir ifadə var: “Tural, sənin sayəndə biz qaydaların çoxunu öyrənmişik…” Vallah, biabırçılıqdır, bu, nə deməkdir? Adam neçə vaxtdır maşın sürür, amma qaydaları verilişin hesabına öyrənir və bunu utanmadan deyir də!

Tural yaxşı oğlandır, sağ olsun ki, bu işi görür. Amma məsələnin dərinliyinə gedəndə, bu, doğrudan da, absurddur. Düz deyirdi mənim Avstriyadan olan müştərim!..


Teqlər:  





Xəbər lenti