`Metsamor insanlıq üçün təhlükədir` - Meksika mətbuatı

`Metsamor insanlıq üçün təhlükədir` - Meksika mətbuatı
  16 Noyabr 2016    Oxunub:1568
Meksikanın geniş oxucu kütləsinə malik olan Uno Mas Uno və El Dia qəzetlərində “Metsamor insanlıq üçün təhlükədir” başlıqlı məqalə dərc olunub.
AzVision.az xəbər verir ki, məqalədə dövrümüzün ən böyük problemlərindən biri olan nüvə təhlükəsizliyindən bəhs edilərək, atom energetikasının inkişafının bəşəriyyət üçün faydalı olmaqla yanaşı bu enerji növü ilə ehtiyatsız davranma, ondan qərəzli istifadə və nəzarətsizlik kimi halların çoxsaylı tələfatlara səbəb ola bilməsindən danışılır.

“Metsamor” Atom Elektrik Stansiyasının fəaliyyətindən danışılan məqalədə 1994-cü ildə qəbul olunmuş, Ermənistanın da qoşulduğu “Nüvə təhlükəsizliyi haqqında” Konvensiyayanın 14-cü maddəsində iştirakçı dövlətlərin nüvə qurğuları istismara verilməzdən öncə və istismar dövründə qurğunun təhlükəsizliyinin hərtərəfli qiymətləndirilməsinin nəticələri, radiasiya təhlükəsizliyi normativlərinin vəziyyəti barədə hesabatları təqdim etməli olduqları barədə təsbit olunmuş öhdəliklərə imza atdıqları xatırladılır. Buna baxmayaraq, Ermənistan Hökumətinin bu tələblərə riayət etməkdən boyun qaçıraraq uzun illər ərzində texniki və fiziki aşınmaya məruz qalmış bu ölümsaçan obyektin istismarını davam etdirir.

Qeyd olunur ki, seysmik aktiv ərazidə, Çernobıl Atom Elektrik Stansiyasına oxşar köhnə Sovet texnologiyası ilə 1976-cı ildə inşa olunmuş və qəza zamanı radiasiya sızmalarının qarşısını almaq üçün güvənli soyutma mexanizmi və ya qoruyucu konstruksiyaları olmayan bu obyekt National Geographic tərəfindən "Dünyanın ən təhlükəli nüvə stansiyası” adlandırılıb. Eyni zamanda, Ermənistandakı mövcud durumun nüvə materialları qaçaqmalçılığı ilə məşğul olan transmilli cinayətkar qrupların regiona diqqətini artırdığı və bu ölkənin dənizə birbaşa çıxışı olmadığı üçün həmin qüvvələrin öz çirkin məqsədləri üçün qonşu Gürcüstan ərazisindən tranzit kimi istifadə etdikləri diqqətə çatdırılır, cinayətkarlar yaxalanaraq Ermənistana təhvil verilən zaman əksər hallarda onlar haqqında heç bir tədbir görülmədiyi, cəzasızlığın isə insanlıq əleyhinə yeni cinayətlərə şərait yaratdığı təəssüflə qeyd olunur.

Məqalədə həmçinin qeyd olunur ki, radioaktiv materialların davamlı qaçaqçılığı çirkli bomba istehsalı riskini də artırır ki, bu da öz növbəsində İŞİD kimi terrorist təşkilatların daha qanlı cinayətləri reallaşdırmasına xidmət edir. Beynəlxalq ekspertlərin araşdırmalarının mətbuatda dərc olunmuş nəticələrinə istinad edilən məqalədə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və yeddi ətraf rayonunun nəzarətsiz ərazilərində Metsamor atom elektrik stansiyasının radioaktiv tullantılarının basdırıldığı 29 radiasiya mərkəzinin mövcudluğunu göstərilir və beynəlxalq səviyyədə həyəcan təbilinin çalınmasının vacibliyi qeyd olunur.

AzVision.az


Teqlər:  





Xəbər lenti