Şərqdə heç kim ölüləri saymır – Aqşin Yenisey yazır

Şərqdə heç kim ölüləri saymır – Aqşin Yenisey yazır
  04 Noyabr 2016    Oxunub:7591
Aqşin Yenisey

“Neft milli yox, bəşəri sərvətdir” deyən Qərb kapitalizmi “demokratiya”, “insan haqları”, “söz və fikir azadlığı” adı altında zəngin neft yataqlarına sahib müsəlman ölkələrini bir-birinin ardınca işğal edir. Amma beynəlxalq diplomatiyanın dilinə tətbiq olunan senzura “işğal” sözünü uzun-uzadı və dolaşıq cümlələrlə ifadə etməyi məqsədə uyğun bilir.


İslam dünyasının neftxudaları isə işğala qarşı dirənə biləcək gücü yalnız islam həmrəyliyində, dini fanatizmdə görürlər. Çünki bu gün Qərb dünyası ilə müharibə aparmaq üçün müsəlman dünyası heç bir siyasi-diplomatik təfəkkürə, hərbi potensiala və müasir texnologiyalara sahib deyil. Yeganə müqavimət göstərə bilən güc islam idealizmidir.

Terrorun islam, yaxud hər hansı bir din, hər hansı bir mənəvi təlimlə eyniləşdirilməsi nə dərəcədə doğrudur? Ümumiyyətlə, terrorun siyasi zorakılıq vasitəsi kimi üzə çıxmasında onun dini-ruhani mənsubiyyəti rol oynayırmı? Tarixə və ədəbiyyata müraciət edək; əcəba, terrorizmin dini ənənələri islam dinidənmi gəlir, yoxsa islam coğrafiyasındanmı?

Əvvəcə görək ədəbiyyatda nə yazılır bu barədə; İudeya çarı İrodun yuxusuna dadanmış Mixey peyğəmbər, axır ki, son sözünü dedi: “Sən ey Vifliyem, səndən doğacaq mənə İsrail hökmdarı”. Qədim yəhudi peyğəmbərinin yuxuda dediyi bu sözləri gələcəkdəki təhlükədən xəbər verirdi, amma hələ bu “təhlükənin” xristianlıq kimi bir din olacağını söyləmək olmazdı, bu təhlükə İudeya hakimiyyətinə qarşı yönəlmişdi, indi əsas məsələ İudeyanın taleyi idi.

Həmin gecənin səhəri İudeya üzərində hakimiyyətinin gələcəyini qorumaq istəyən Çar İrodun əmri ilə Vifliyemdə doğulmuş iki yaşından aşağı olan bütün körpələr döyüşçülər tərəfindən öldürüldü. Amma Babəkin sözü olmasın, dülgər Yusifin oğlu sağ qaldı!

Rəvayətə görə, gələcək peyğəmbərin sarayda dülgər işləyən atası təsadüfən keşikçilərdən eşitmişdi gecə körpələrin qətliam ediləcəyini. O zamanlar hələ dövlət terroru ifadəsi kəşf olunmamışdı və dülgər ata, Jozef Saramaqonun təsvir etdiyi kimi, öz ailəsini mağarada gizləyərək iki yaşlı İsanı bu terrordan xilas edə bilmişdi.

Terror səhnəyə ilk dəfə dinlə dövlətin qarşıdurma forması kimi hələ qədim Misirdə üzə çıxmışdı.

İndi görək tarix nə yazır; Yerusəlimin işğalı ilə barışmayan yəhudilər özlərinin “Zealotos” dini icmalarının keçirdiyi ilk terror aktları ilə Roma işğalçılarına qarşı azadlıq mübarizəsi aparırdılar. Romanın Yerusəlimə göndərdiyi məmurları sui-qəsdlər yolu ilə aradan götürən yəhudi vətənpərvərləri bu yolla Roma imperializminin siyasi iradəsini zəiflətməyə çalışırdılar. Mübarizənin bu forması islam tarixində fars zadəganlarının gizli dəstəyi ilə Səlcuq sultanlarından və ərəb xəlifələrindən parçalanmış ölkələrinin qisasını alan Həsən Sabbahın yaratdığı xaşxaşilərin sui-qəsdlərində daha da mükəmməl səviyyədə təşkil olunmuşdi.

Mənəvi gücü sui-qəsd silahı kimi istifadə etməyin dərin psixoloji əsasları ona yönəlir ki, sürü şəklində eyni psixi təlqinlərin təsiri altında təlim keçən, sosial statusları bərabər olan insan qrupu qapalı mühitdə daima əqli fəaliyyətə qarşı qoyulmuş psixi-eyforik metodlarla gündəlik şüurdan uzaqlaşdırılırlar. Affektiv vəziyyətlərin ardıcıllığı bu adamlarda epileptik ağıl zəifliyinə gətirib çıxarır.

Adətən, bu qruplardakı insanlar ya uşaqlıq, ya da yeniyetməlik vaxtından cəmiyyətdən uzaqlaşdırılmış şəxslər olur. Narkotik təsirlər altında aparılan uzunmüddətli emosional təlqinlər nəticəsində kütləvi psixi gərginlik qrup üzvlərində şüur pozğunluğuna gətirib çıxarıb. Bu, bir növ, məişət sevgisi zamanı şiddətlənən cinsi istəyin təmin olunmadıqda insanın ağlını əlindən alıb onu ya coşğun təcavüzkara, ya da aciz divanəyə çevirməsinə bənzəyir.

Getenin gənc Verterini, yaxud Füzulinin Məcnununu xatırlayın. Verteri və Məcnunu asta-asta cəmiyyətdən, bir müddətdən sonra sevgi mənbəyi olan qadından da uzaqlaşdırıb, onları özlərinin psixi səadəti ilə qapayan, məhdudlaşdıran, yollarını sevgidən ilahi eşqə aparan hissiyyat, eyni hormonal gərginlikdən törəyən bir coşqu, yaxud divanəliklə vətənpərvər yəhudini, yaxud gənc fədaini də dini-siyasi məqsədlər üçün ölümün üstünə aparırdı. Leyli Məcnunun gözündə nə idisə, ölüm də fədainin gözündə o idi. Fərq yalnız budur ki, aşiqlər bu daimi ekstaz vəziyyətə tənhalıqda, fədailər isə sürü halında yiyələnirlər.

Təkdən fədai olmaz. İnsanın təbiətindəki bu məcnunluq halı dinə lap çoxdan məlum idi və mənəvi müqavimət kimi ilk olaraq məhz dini inancın, mövhumi məcnunluğun terror vasitəsi kimi istifadəsi ən effektiv yol idi. İnsanın bu halı şairlər kimi, peyğəmbərlərə də məlum idi. Şair öz aşiq qəhrəmanını əbədi səadətin göylərdə olduğuna inandırdığı kimi, peyğəmbər də öz fədai fanatlarını əbədi həyatın o biri dünyada olduğuna inandırırdı. Ona görə də terrorun mənşəyindəki dini mahiyyəti görməzdən gəlmək doğru deyil.

Dini məzmunlu ilkin terror aktları dinlə dövlətin qarşıdurmasından törəmişdisə, tarixin sonrakı dövrlərində terrorizim artıq siyasi, iqtisadi, etnik, hətta məsələn, Həsən Sabbahda bir az da şəxsi (Nizamülmülklə şəxsi ədavət) maraqlar güdən, əvvəl günahsız insanlardan uzaq tutulsa da, sonradan çəkisi kütləvi qırğınlarla ölçülən konkret cinayət hadisəsinə çevirildi.

Bu gün artıq dünyada terrorizm təkcə radikal qruplaşmaların gizli müqavimət hərəkatında deyil, həm də işğalçı dövlətlərin terrora qarşı terror siyasətində də üzə çıxır. Məsələn, İraqda terrorizmə qarşı aparılan hərbi əməliyyatlarda mülki əhali arasında nə qədər itkinin olduğuna dair suala ABŞ generalı Tommi Frenksin “Biz ölüləri saymaqla məşğul olmuruq” cavabı bu siyasi təfəkkürün ən sərrast ifadəsidir.

İşğalçı Qərb dövlətləri islamçı terror qruplaşmaları adı altında əslində islam dövlətləri ilə döyüşürlər. Terrorizm bu müharibədə zəif dövləti təmsil edən qarşı tərəfdir, üzbəüz cəbhədir. Qərb dövlətləri terror qruplaşmalarını alternativ dövlətlər kimi görürlər. Bu gün adına islam terrorizmi deyilən hərəkat bir az da imperializmə qarşı aparılan vətən müharibəsidir. İslam, sadəcə, müqavimət forması kimi terror şəklində üzə çıxmış dərin dövlət ideologiyasıdır. Eynən yəhudilərin romalılara qarşı yaratdığı “Zealotos” terror hərəkatında olduğu kimi.

Şərqdə terror artıq zorakı mübarizə formasından daha çox vətənpərvər müsəlmanların həyat tərzinə, mənəvi-ruhani ehtiyaclarına oxşamağa başlayıb. Milli heysiyyat məsələsinə çevrilib.

Din terror vasitəsilə işğalçı dövlətlərlə döyüşür. Onun vətəninə, torpağına təcavüz olunub, sərvətinə əl uzadılıb. Reallıq budur, amma “nə üçünlər”, “niyələr” Şərqin qan dövranındakı indiki pozğunluğun nəzəri səbəbləridir.

Dünya mediası isə yalnız terrordan danışır, bircə dəfə işğaldan danışsa, bəlkə də, terrorun kökü kəsilər, özü də həmişəlik!


Teqlər:  





Xəbər lenti