`Onun yerində olsaydım, özümü asardım` - Böyükağa Hacıyev

`Onun yerində olsaydım, özümü asardım` - Böyükağa Hacıyev
  17 Oktyabr 2016    Oxunub:26372
““Neftçi”nin gününə ağlamaq üçün 1 ana, 4 bacı lazımdır”

“20 ildən sonra arvada əl vuranda, elə bil soyuducuya toxunursan”


AzVision.az-ın növbəti müsahibi Azərbaycanın tanınmış futbol mütəxəssisi, “Neftçi” klubunun sabiq baş məşqçisi Böyükağa Hacıyevdir:

-Böyükağa müəllim, necəsiniz, hazırda nə işlə məşğulsunuz?

- Hər şey qaydasındadır. Özümü yaxşı və rahat hiss edirəm. “Neftçi”də olanda bir balaca əsəbi idim. İndi bunlar geridə qalıb, rahatam.

-Təbiətən emosianal, əsəbi insansa bənzəyirsiniz.

-Yox, bəlkə də baş məşqçi olanda əsəbi olurdum. Amma hazırda o qədər də əsəbi deyiləm. Sadəcə heç nəyi unutmuram, geridə yaşadıqlarımın hamısı bir-bir yadımdadır. Kim mənə pislik edirsə, zamanın ixtiyarına buraxıram. Vaxt gələcək, qarşıma çıxacaq, mən də onlara pislik edəcəm. Həmçinin yaxşlıq edənlər də bunun cavabını alacaqlar.

-Pisliyə pisliklə cavab vermək nə dərəcə doğrudur?

- Bilmirəm. İndiyə kimi heç kəsə pisliyim dəyməyib. Zaman göstərər, bəlkə onu da bacarıram.



-Ləhçənizdən naxçıvanlı olduğunuz hiss olunur.

- Düz tapdınız (gülür). Naxçıvanın şəhər uşağıyam. Orada doğulmuşam, ali təhsili də Naxçıvanda almışam. “Araz Naxçıvan” klubunun kapitanı, sonra baş məşqçisi olmuşam. Həm oynamışam, həm komanda qurmuşam. Klubumu Azərbaycan çempionu etmişəm. Özbəkistanda üçüncü yeri tutmuşuq. Bunlar böyük nəticədir.

-Ailədə neçə uşaq olmusunuz?

- 4 oğlan bir qız. Mən ailənin üçüncü övladıyam.

-Bəs, sizin neçə övladınız var? Bildiyimizə görə iki dəfə ailə həyatı qurmusunuz.

-4 övladım var. Bunun ikisi birinci nikahdan, ikisi isə ikinci nikahdandır. Oğlanlarımdan birinin 28, digərinin isə 31 yaşı var. İkinci nikahdan olan uşaqlarımdan biri 4-cü sinifdə oxuyur, digərinin isə 5 yaşı var.



-Bu yaxınlarda əfsanəvi futbolçu Pelenin həyatı, futbola necə gəlişi haqqında bir filmə baxdım. Özlüyümdə dedim: kaş ki, Azərbaycandan da dünya çapında tanınan futbolçu çıxardı.

-Həyatada bir iş görürsənsə, onu sevməlisən. İşə qarşı sevgin olmalıdır. Mən də futbolu həddən artıq sevirdim. 4-cü sinifdə oxuyanda indiki “Gilan Holdinq”in baş direktoru Cəmil Muradov məni Naxçıvan futbol məktəbinə apardı və orada oynamağa başladım. 1971-ci ildə “Sevinc” kuboku üzrə birinci dəfa Azərbayacan çempionu oldum. 1973-cü ildə isə Zaqatalada çempion adını qazandım. Daha sonra Daşkəntdə komanda olaraq gümüş medal aldıq. Xlıstov, Əhməd Ələsgərov, Ruslan Abdullayev, Kazalenka kimi məşçilərdən futbol dərsi keçmişəm.

-Uşaqlığınızı xatırlayırsınızmı?

-İndi necəyəmsə, uşaqlıqda da belə olmuşam.

-Dalaşqan olmusunuz?

-Haradan bildiniz?! Uşaqlıqdan dalaşqan olmuşam.



-Kimləri döyürdünüz?

-Kimləri döyməmişəm ki?. Qabağıma çıxan hamını döyürdüm. Buna baxmayaraq, dərslərimi yaxşı oxumuşam. Tarix fənnini sevirdim. İlk təhsilim tarix üzrə olub.

-Nizaminin, Fizulinin şeirlərini oxumusunuzmu?

-Əlbəttə, onların şeirləri hələ də yadımdadır. İnanmırsınızsa, sizin üçün oxuyum:

Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi,
Üzü aydan da gözəl nazlı nigar gəlmiş idi.

Ona mən göz yetirib xəlvəti baxdım-baxdım,
Ovçunun ovlağına körpə şikar gəlmiş idi.


(Böyükağa Hacıyev daha sonra Seyid Əzim Şirvanidən və Nüsrət Kəsəmənlidən şeir deyir).



-Oxuduğunuz seirlər sevgidən, nakam məhəbbətdən bəhs edir. Görünür, məktəb vaxtı çox qıza aşiq olmusunuz.

-Buna vaxtım olmayıb. 1977-ci ildən 20 yaşımdan Xlıstov məni götürüb məşğul olub, 22 yaşında evə qayıdanda artıq şəxsi evim, yaxşı pulum, maşınım vardı. Gözəl günlərimizi sevgiyə yox, futbola həsr etmişəm.

-Musiqi ilə aranız necədir? Eşitdiyimizə görə Röyanın fanatısınız, bu doğrudur?

-Bəli, Röyanın ifasını sevirəm. Onun mahnıları sanki ruhumu oxşayır. Flora Kərimovanın mahnılara sitayiş edirəm. Röyanın oxuduğu monoton mahnılara isə baş əyirəm.



- Futbol mütəxəssisi olsanız da, incəsənətə meyillisiniz. Heç olub ki, cavanlıqda şeir yazmısınız?

-Cavanlığa şeirlər yazmışam. İndi vaxtım yoxdur.



- Vaxtınız niyə yoxdur ki? Nəzərə alsaq ki, hazırda işsizsiniz, amma vaxt qıtlığından şikayətlənirsiniz.

-Əslində işsiz deyiləm. AFFA-da Məsləhət Komitəsinin 4 üzvündən biriyəm. Bu gün futboldan uzaq düşməmişəm.

- Boş vaxtlarınızda nə ilə məşğul olursunuz?

-Gündə 5 dəfə namazımı qılıram, Allaha ibadət edirəm. Ailəmlə, uşaqlarımla məşğul oluram. Boş vaxtım olan kimi yatıram. Yatmağı çox sevirəm.

-Yuxu görürsünüzmü ?

-Nadir hallarda.

- Arzularınız çin olurmu?

-Nə arzulamışamsa, yerinə yetib.



-Əlavə gəlir yeriniz varmı, necə dolanırsınız?

-İşlədiyim vaxtlarda dar gün üçün pul yığırdım. Bu gün həm də əmək haqqı alıram. AFFA-dan ayda min manat maaş alıram. Bu, bizə bəs edir.

- Müsahibələrinizdən birində demisiniz ki, 20 ildən sonra arvada əl vuranda elə bil soyuducuya toxunursan. Bəlkə, bunu izah edəsiniz.

-Naxçıvanlıların qəşəng sözü var: “14 ildən sonra arvada əl vuranda elə bil “xolodenikə” əl vurusan ”. Mən 20 il etmişdim. (gülür).

-Həyat yoldaşınız bu sözü eşidibmi?

–Eşidib, amma inciməyib. Bilir ki, mən zarafatcıl adamam.

-Uşaqlarınızla münasibətiniz necədir?

-İkinci ailədən olan uşaqlar balacadırlar. O biri uşaqlarım isə böyükdür. Biri fotoreportyordur, digəri isə “Azəriqaz”da işləyir. Balalarımdan yerlə göy qədər razıyam. Bir sözümü iki etmirlər.

-Fədakar atasınız?

- Balalarım üçün canımdan da keçərək. Onlar mənim yaşam səbəblərimdir.Onların ayağına dəyən daş mənim başıma dəysin.

- Heç olubmu ki, onları hansısa səhvlərinə görə vurmusunuz?

-Mən uşaq və qadına əl qaldırmaram. Ziyalı ailəsində böyümüşəm. Anam müəllimə, atam dövlət işçisi olub. Tarix fakültəsini bitirmişəm, 4-5 il psixologiyadan təhsil almışam. Futbol özü bir mədəniyyətdir. Əsil futbolçular mədəni olmalıdır.

- Futbolla vidalaşmaq haqda düşünürsünüzmü?

-Bir arzum var, Azərbaycan komandasını çempionlar liqasına gətirim. Bu arzum həyata keçsin, məşqçiliklə vidalaşacam.



-Bir az da millimzin son oyunlarından danışaq. Azərbaycan xalqı illər sonra böyük sevinc yaşadı. Günlərdir milli komandamızın dünya çempionatının seçmə qrupundakı uğurlarından danışılır. Sizin də fikirlərinizi bilmək istərdik.

- Azərbayacan millisi tarixi nəticə göstərdi. Çexiya ilə çox gözəl oynadılar. Məşqçi işi özünü göstərdi. Bir topun üstünə bir çexiyalı gedirdisə, üç azərbayacanlı onun başının üstünü kəsdirirdi. Prosineçki Azərbayacanda fiziki cəhətdən hazırlıqlı olan futbolçuları seçmişdi. Azərbaycan 3 oyundan sonra qrupda ikincidir. Şimali İrlandiya ilə heç-heçə oynasaq, millimiz ikinci növbəti etapa çıxacaq. Prosineçki yeganə xarici məşqçidir ki, ilin ən azı 11 ayını Bakıda olur.



- Prosineçkinin yerində siz olsaydınız, millimiz bu nəticəni əldə edə bilərdimi?

- Hər məşqçinin özünə uyğun futbol fəlsəfəsi var. Mən hücum futbolu oynadıram. Prosineçki isə bir qədər arxadan oynamağı sevir. Bəlkə də, baş məşqçi mən olsaydım, uduzardıq. Ancaq mən uduzmağı sevmirəm. Mənə sual verdilər ki, “Neftçi” “Qəbələ”yə uduzanda sən nə edərdin? Dedim ki, mən geyim otağından çıxmazdım. Özümü elə orada asardım. Hər məşqçinin öz xarakteri var.

-Ümumiyyətlə, xaricdən məşqçi gətirilməsinə münasibətiniz necədir. Azərbaycanda yaxşı məşqçi yoxdur ki?

-Bu AFFA-ya aid olan məsələdir. Məsləhət olsa, məni və ya başqa məşqçini dəvət edərlər. Deməli, Azərbayacanda məsləhət görüləcək adam yoxdur.

Mən burada bir neçə legioner məşqçinin karyerasına son qoymuşam. Bernard Raab Sumqayıtda məni uddu. Mətbuat konfransında dedim ki, Bernard Raab arının yuvasına çöp uzatdı. Bakıda ona səkkiz qol vurdum. Ondan sonra Raabı istefaya göndərdilər. Mən legioner məşçilərin əleyhinəyəm. Niyə yerli məşqçilər işsiz qalmalıdır? Xarici məşqçilər bizim üçün can yandırmırlar, onları ancaq pul maraqlandırır.



-Futbolumuzun ümumi vəziyyəti necədir, sizi qane edirmi?

-Azərbaycanda futbol çökür. İki-üç il bundan öncə birincilik uğrunda 6-7 komanda mübarizə aparırdı. İndi isə yalnız “Qarabağ” və “Qəbələ” çempionluq uğrunda mübarizə aparır.



-Keçmiş klubunuz olan “Neftçi”nin hazırki durumu ürəkaçan deyil. Paytaxt klubunun iflasa doğru getdiyi deyilir. Bu haqda siz nə deyə bilərsiniz?

-“Neftçi”nin gününə ağlamaq üçün 1 ana, 4 bacı lazımdır. İranda belə bir söz var ki, tacir malı alanda udmur, satanda udur. O vaxt komanda ali olur ki, məşqçi komandasını yaxşı komplektləşdirsin. Məndən sonra “Neftçi”də 6-7 məşqçi dəyişdi. “Neftçi”də işləmək üçün şir ürəyi yemək lazımdır.

-İddialar var ki, AFFA-da bəzi şəxslər futbolun inkişafında maraqlı deyillər, bu işə biznes kimi baxırlar. Bu nə dərəcədə doğrudur?

- AFFA-nın öz işidir. Mən bilmirəm. Mən heç vaxt “qara işlər”ə qarışmamışam.

- Nədənsə “Neftçi” Çingiz Abdullayev rəhbər gətirildikdən sonra silsilə məğlubiyyətlərlə üzləşdi. Siz necə düşünürsünüz ki, klub rəhbəri olmaq üçün mütləq futbolçu olmaq lazımdır, yoxsa?

-Mən bundan əvvəl demişdim, indi də deyirəm, Sadıq Sadıqovdan sonra “Neftçi”yə rəhbər kim gəlsə, işləyə bilməyəcək. Onun kimi klubu işlədən, rəhbərlik edən yoxdur.

- İllərdir topla oynayırsınız. Bəs el şənliklərində qol açıb oynamaqla aranız necədir ?

-Vur partlasın, çal oynasın. Məni yığışdıra bilmirlər. Özü də içki içmirəm ki, deyələr keflənib oynayır. Ayıq başla hamıdan yaxşı oynayıram. Mən oynamaq üçün yaramışam.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti