`Leyla xanımın imzası həmişə ekranlarda yaşayacaq` - Fəxrəddin Manafov (MÜSAHİBƏ)

`Leyla xanımın imzası həmişə ekranlarda yaşayacaq` -  Fəxrəddin Manafov (MÜSAHİBƏ)
  29 Sentyabr 2016    Oxunub:59593
Bir tərəfdən baxanda, Fəxrəddin Manafovun xüsusi təqdimata heç bir ehtiyacı yoxdur. Onu hamı tanıyır və sevir: yaşlı nəsil də, gənclər də. Amma digər tərəfdən yanaşsaq, bu böyük aktyorun kütlə üçün bilinməyən tərəflərinin qısa təqdimatı hər halda, artıq olmaz.

Azərbaycan kinosunda daxili dünyası mürəkkəb olan, içində özü ilə mübarizə aparan obrazları heç kim onun qədər məharətlə oynaya bilməyib. Aktyor fakturası baxımından o, sanki bu cür rollar üçün yaranıb, oyun sistemi isə həmin fakturanı tamamlayır və nəticədə ortaya mükəmməl obrazlar çıxır.

Fəxrəddin Manafovun yaratdığı obrazların heç biri dayaz və birtərəfli deyil; hamısı çoxölçülü, mürəkkəb, psixoloji dərinliyi tamaşaçını batırmağa qadir olan rollardır. Çox vaxt onun qəhrəmanlarının sadəcə, üzünə baxmaq yetərli olur ki, onların daxili dünyalarında necə böyük bir müharibənin getdiyini hiss edəsən. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan kinosunda cənab Manafov qədər mimika və yarımtonlarla oynamağı bacaran aktyor tapmaq da çətindir. O, bəzən yüngül bir mimika hərəkəti ilə o qədər şey deyə bilir ki, başqa aktyor saatlarla danışsa, anlada bilməzdi... Bu, ancaq dünya kinosunun metrlərinin sahib olduğu bir qabiliyyətdir: yarımtonlarla oynaya bilmək.

Haqqında çox danışmaq olar, amma bircə sözlə, o, doğrudan da böyük aktyordur: Azərbaycan Respublikasının xalq artisti – sözün əsl və həqiqi mənasında xalq artisti,- Fəxrəddin Manafov.



- “Təkcə müsahib yox, jurnalist də verdiyi sualların üzərində düşünməlidir” demişdiniz bir dəfə. Düşünülməyən suallarla çoxmu üzləşirsiniz?

- Ola bilsin ki, belə bir ifadə işlətmişəm. Amma bu sözümün mənası ondan ibarətdir ki, müsahibə almaq istəyən jurnalist məni müsahib seçibsə, deməli, bir şəxs olaraq mən, mənim yaradıcılığım və mənim hansısa bir cəhətim onu maraqlandırıb və bu baxımdan bütün suallar məhz bu məqsədə yönəlməlidir. Təəssüflər olsun ki, bir çox vaxt rast gəldiyim, məndən müsahibə almaq istəyənlər qeyri-peşəkarlıq göstərib nə istədiklərini bilmədikləri üçün məqsəddən yayınırlar. Onu da deyim ki, nə mənim şəxsi həyatım, nə mənim ailəm, nə də məni əhatə edən yaxınlarım müsahibə ünvanı deyillər. Mən, mənim yaradıcılığım, gördüyüm və görəcəyim işlər , bir də saysız hesabsız dünyada mövcud olan mövzular ətrafında danışmağa hazıram, əgər bu müsahibə kimi qəbul olunursa.

- Azərbaycan səhnəsinin Fəxrəddin Manafovu indi hansı işlərlə məşğul olur?

- “Azərbaycan səhnəsinin Fəxrəddin Manafovu” ifadəsi çox pafosludur. Belə ifadə mənim xasiyyətimə yaddır. Sənətimə, seçdiyim peşəyə, yəni kino və teatr sahəsinə xidmət edirəm.

Hazırda mən Səməd Vurğun adına Rus Dram Teatrının aktyoruyam. Artıq bununla bağlı razılığımı vermişəm və adım oranın ştatına daxil edilib. Uzun müddət filmlərdə çəkilmişəm, 5-6 il olar ki, teatrdan uzaqlaşmışdım. Teatrsız aktyor idman zalı olmayanidmançıya bənzəyir. Kino sənəti dünən yaranıb, amma teatr dünya yaranandan, insanlar arasında münasibət olan andan bünövrəsi qoyulan bir məkandır. Aktyor teatrda olmalıdır.



- “Əli və Nino” filmində Siz məşhur mesanat Hacı Zeynalabidin Tağıyevi oynamısınız. Obrazı dərk etmək çətinmi oldu?

- Mən bu layihə, ümumiyyətlə bu filmə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevaya dərindən təşəkkür edirəm. “Əli və Nino” kimi möhtəşəm əsəri filmə çevirərək, bütün dünyaya tanıtmaq böyük bir işdir.
Bir neçə əsər var ki, aktyorlar gənclik illərindən bəri onları oynamaq arzusunda olurlar. Vaxt ötdükcə, yaşa dolduqca, o əsərlərin yerinə də başqa əsərlər gəlir.

“Əli və Nino” isə hələ yazıldığı dövrdən etibarən tarixin səhifələrinə həkk olunub. Heç bilməzdim ki, nə vaxtsa bu böyük əsər filmə çevriləcək. Buna görə, Leyla xanıma bir daha təşəkkür edirəm. Bilirsiniz ki, iş adamı, xeyirxah insan olmaq olar. Amma sən öz millətinin mədəniyyətinin məhsulu olan klassik, gözəl bir əsəri ortaya çıxarıb onu insanlara, hər hansı bir formada çatırdırırsansa, demək, böyük işlərə imza atırsan. Bu baxımından “Əli və Nino”nun film olması gözəl bir addımdır.

Bir gün zəng edib dedilər ki, sizi “Əli və Nino” filmində çəkilməyə dəvət edirik. Həmin vaxt sevindim, fərəh hissləri keçirdim. Ən əsası, özümdə böyük bir məsuliyyət hiss elədim. Çünki bu əsər artıq Azərbaycandan kənara çıxacaq, həm də filmdə Hollivud, Fələstin, İsrail, Belçika, Amerika, İspaniya, İran, Türkiyə və Azərbaycandan olan insanlar bir araya gələcəklər. Nəinki razılıq, ikiəlli razlığıq verdim.



Fikrimcə, tək mənim üçün deyil, bütün Azərbaycan üçün Hacı Zeynalabidin Tağıyev vaxtilə sadəcə bir milyonçu yox, böyük bir mesenat olub. O, Azərbaycan daxilində çox şeyləri dəyişdirən bir şəxsiyyət idi. Bir-bir sadalamağa ehtiyac yoxdur. O dövrdə bizim milyonçular çox olsa da, cəmi bir neçəsi mesanat idi. Hacı Zeynalabidin Tağıyev isə mesanatlığın zirvəsində idi. Onun obrazını oynamaq mənim üçün böyük bir məsuliyyət idi.

Yaşa dolduqca insanın arzuları da dəyişir, başqaları yaranır. Məhz bunlardan biri Hacı Zeynalabidin Tağıyevlə bağlıdır. Mən böyük həsrətlə gözləyirəm ki, nə vaxtsa onun haqqında böyük bir film çəkiləcək. Ümid edirəm, o insanı tam obraz formasında Fəxrəddin Manafov canlandıracaq. Buna hələ vaxtım da var. Çünki Hacı Zeynalabdin Tağıyev mənim hazırkı yaşımda Sona xanımla ailə həyatı qurmuşdu. Yəni 60 yaşında ikən 16 yaşlı Sona xanımla evlənmişdi. Bu, heç də o demək deyil ki, mən də 60 yaşımda özümə yeni bir Sona xanım axtaracağam - yoldaşımın gözündən, qulağından uzaq... (Gülür) Əlbəttə, yox. Əgər elə bir imkan olsa, mənim vaxtım çoxdur: düz 102 yaşıma qədər vaxtım var. Çünki Zeynalabidin Tağıyev həmin yaşda vəfat edib.

- Çəkilişlərdən razı qaldınızmı?

- Zeynalabidin Tağıyev deyiləndə obraz olaraq saqqal və papaq yada düşür. Amma mən Fəxrəddin Manafov olaraq istəmirdim ki, Hacı Zeynalabidin Tağıyevin xaraketini yalnız papaq və saqqal saxlamaqla canlandırım. Başa düşmüşdüm ki, təkcə papaq geyinib, saqqal qoyub Hacı Zeynalabidin Tağıyevi oynamaq mənim o böyük arzularıma rahatlıq verməyəcək. Bir də, düşünürdüm ki, montaj zamanı bəzi məqamlar kəsiləcək, bu zaman isə Hacı Zeynalabidin Tağıyev filmdə tam itə bilər. Ona görə də xahiş etdim ki, sadəcə, mən saqqal və papaqsız formada həmin vaxt Azərbaycanda olan ziyalı bir mesanatın rolunu canlandırım. Bu barədə razılıq mənə 3 gündən sonra verildi. Nəhayət filmə elə də çəkildim.

Zaman göstərdi ki, təvəzölkarlıqdan bir az uzaq olsun, mən uzaqgörən imişəm. Əlbəttə ki, hər bir rejissorun öz baxışları var. Başa düşdüm ki, bu, belə də olmalıdır. Çünki Qurban Səidin bu əsəri məhz böyük bir nakam məhəbbət haqqındadır. Ssenarini oxuduqdan sonra gördüm ki, rejissor Asif Kapadia məhz bu mövzunun üzərində dayanıb. Az da olsa, nağılvari bir rənq qatıb. Bu yaxınlarda Azərbaycan dilinə dublyaj olunmuş bu filmin səsləndirilməsinə məni dəvət etmədilər. Səbəbini soruşdum. Dedilər ki, sizin orada cəmi bir kadrınız var, o da bal vaxtı çəkilib, sözlərim isə yoxdur. Dedim ki, nə yaxşı, mən nə papağı geyindim, nə də saqqalı taxdım.



Əlbəttə ki, Hollivudda işləyən insanlar, kinonu çox yaxşı bilirlər. Bunu heç vaxt inkar etmirəm. Sözsüz ki, mən bugünkü müasir texnologiya ilə çəkilən filmlərə onlardan çox az bələddir. Amma belə bir məqam var ki, heç vaxt başqa əsilli insan digər millətin daxilini eynilə hiss edə bilməz. Filmə hazılıq işləri görülən vaxtlarda ssenari müəllifi Kristofer Hempton da Tağıyevlə çox maraqlanırdı. Dedim ki, icazə versəniz, onun barəsində sizə bəzi məqamlardan söhbət açım, o da razı oldu. Hətta elə bir an oldu ki, mən Kapadiaya dedim, gəlin, bir səhnə yazaq. Bolşeviklərin Bakıya daxil olmaları ilə bağlı bir məqam çəkək, Hacı Zeynalabidin öz kabinetində, masa arxasında ordenləri, qılıncı ilə əyləşib. Bu vaxt qapı mədəniyyətsizcəsinə açılır. Əyinlərində hərbi geyim olan üç nəfərdən biri deyir ki, Hacı Zeynalabidin Tağıyev sizsinizmi? Sizi Bakıdan aparmalıyıq. Nəyə görə? Çünki biz bunu etməsək, artıq sizi aparacaqlar, bizə belə bir əmr verilib. Kim verib əmri? Nəriman Nərimanov! Həqiqətən də tarixdə belə bir hadisə baş verib. Nəriman Nərimanov olmasa idi, Hacı Zeynalabidin Tağıyevi elə oradaca yox edərdilər. Bu fikir rejissorun xoşuna gəldi. Həmin səhnəni də çəkdik. Təəssüf ki, rejissor o kadrları da filmdən çıxarıb.

Gözəl bir anı da qeyd edim. Tağıyevin ev muzeyində bal səhnəsini çəkirdik. Özü də Şərq salonunda çəkiliş edirdik. O vaxlar isə Şərq solununda içki qadağan idi. Amma Avropa zalında bunun əksi olurdu. Şərq salonu daha möhtəşəm olduğu üçün rejissor oranı seçmişdi. Çəkiliş vaxtı maraqlı bir hadisə baş verdi. Mən və türk aktyor Halit Ergenç bir yerdə əyləşib, söhbət edirdik. Əlinin Nino ilə gəliş səhnəsi hazırlanırdı. Mən onları qarşılayıb deməliydim ki, xoş gəlmisiniz, özünüzü evinizdəki kimi hiss edin. Bu vaxt Azərbaycanın milli geyimində, kənarda durmuş gözəl bir xanım gözümə dəydi. Fikirləşdim ki, bu xanıma milli geyim necə də yaraşır.... Bu, Leyla Əliyeva idi. Yaxınlaşıb görüşdüm. -Leyla xanım, bu, sizsiniz? O isə çəkinərək dedi ki, bəli, mənəm.

Bu insan nəinki layihənin başında durub, həm də onu həyata keçirib. Rəssamlar iş görən zaman heç olmasa rəsmin harasındasa, bir kücündə balaca da olsa, öz imzalarını atırlar. Leyla xanımın bu imzası o qədər gözəl idi ki, bir tarix kimi həmişə ekranlarda yaşayacaq.



- Niyə mətbuat və telekanallarda sizi görmürük?

.........................

- Gənclər sizdən öyrənməlidirlər.

- Əgər gənclər mənimlə maraqlanırlarsa, həmişə gəlib məni tapırlar, fikirlərini bölüşürlər. Teatrda da mənə çox yaxınlaşırlar. Mən də təcrübəmi onlarla bölüşürəm.

- Bir neçə il öncə demişdiniz ki, tənhalıq sizin obrazınızdır. Bəs indi necə? Tənhalıqdan bezmədinizmi?

- İnsan təkdir. İnsan bətndə də, düşüncəsində də təkdir. Hətta mən səninlə danışanda da özümə, təkiliyimə varıb, fikirlərimi deyirəm. Soruşursunuz ki, bezmədinizmi tənhalıqdan? Əgər insanın daxilində olan məni onu necə bezdirə bilər? Bu suala mən necə cavab verim? Mən çox insansevərəm. Əzizlərim üçün isə həyatımı da qurban verərəm. Şeiri, musiqini sevirəm. Amma istər-istəməz daxilim, öz aləmim var. Bu, məndən asılı deyil. Yunis Əmrənin belə bir bəndi var: “Məni məndə demə, Məndə deyiləm, Bir mən vardır məndə, məndən içəri”. Buna görə, mən niyə özümdən bezməliyəm? Tənhalıq mənim özüməm. Tənhalıq hər kəsin özüdür.

- Bizde Holivud səviyyəsində tələblərə uyğun aktyor varmı?

Var. Niyə yoxdur. Sadəcə, biz məhdud məkanda idik. Qırağa çıxa bilmirdik. Holluvud aktyorların məkanı isə çox böyükdür. Bu məkana çıxmaq üçün həm sistem, həm də büdcə var. Hollivud bir dövlətdir. Böyük bir sənayedir. Holluvud öz büdcəsi, imkanları ilə hansısa kiçik ölkələrlə baş-başa gələ bilər.



Amerikada böyük bir seçim və tələb var. Onlar gecə-gündüz çalışırlar ki, tələb edilən kimi olsunlar. Bunun üçün də vəsait lazımdır. Amma elələri də var ki, istedad və ya təasdüflə bir yerlərə gəlib çıxırlar. Alen Delon Alen Delon olmamışdan öncə restoran-kafedə ofsiant işləyirdi və yaraşıqlı gənc idi. O sistemin tam başqa bir qanunları var. Bizdə o qanunlar hələ yoxdur.

- Bəyəndiyiniz aktyorlar kimlərdir?

- Entoni Hopkinsi, Meril Stripi çox bəyənirəm. Keçmiş sovet məkanında da çox böyük aktyorlar vardı. Azərbaycanda da dünya səviyyəsində aktyor var idi. Allah onlara rəhmət eləsin, Səməndər Rzayev, Şahmar Ələkbərov, Həsənağa Turabov, Hamlet Xanızadə, Məlik Dadaşov, Həsən Məmmədov böyük aktyorlar idi. Sadəcə olaraq, bizim məkan məhdud idi və bu baxımından da bizi tanımırdılar.

- Vaxtilə əfqan döyüşçüsü obrazı ilə ürəkləri fəth edən Fəxrəddin Manafov Qarabağ döyüşçüləri haqqında nə düşünür?

- Hər bir dövlətdə bütün zamanlarda insan yaşayır. Əgər Vətənə qarşı nəsə varsa, o, soruşmur ki, mən harada yaşayıram, sadəcə olaraq gedib öz Vətənini qoruyur. Tam əminliklə deyə bilərəm ki, bu gün bizim Ali Baş Komandanımız əmr versə, hər bir azərbaycanlı kimi mən də əlimə silah alıb, Vətənin müdafiəsinə gedəcəyəm. Zamanın bura heç dəxli yoxdur. İnsan elə bir məxluqdur ki, əgər onun Vətəninə, Ailəsinə, dəyərlərinə təhlükə varsa, döyüşə atılmağa qadirdir. Bu, inkarolunmaz bir həqiqətdir.

- Xoşbəxt olmaq üçün bir kişiyə neçə qadın lazımdır?

- Xoşbəxt olmaq üçün kişiyə neçəsə qadın yox, bir qadının nə dərəcədə böyük, gözəl olduğunu anlaması lazımdır. Əgər bunu anlasa, onun üçün say əsas olmaz.

- Fəxrəddin Manafov ölümdən qorxurmu?

- Elə bir insan yoxdur ki, desin, mən ölümdən qorxmuram. Hər kəs ölümdən qorxur. Sadəcə olaraq, özünü ölümə hazırlamaq məqamı var. Mən artıq elə bir yaşdayam ki, istər-istəməz bu barədə düşünürəm və düşünməliyəm də. Təbii ki, özümü ölümə hazırlamalıyam. Allah Vaqif Səmədoğluna rəhmət eləsin, son vaxtlarında onunla yaxın təmasda olduq, söhbət elədik. Tənhalıq dediyiniz o məqamlarda onun şeirlərini böyük məmnuniyyətlə oxuyuram. Elə böyük bir örnəyi görmüşəm. Əlbəttə, bu, o demək deyil ki, qorxu hissi məndən çıxıb getdi. Yox, getmir. Heç olmasa, belə böyük bir insanın ölümü necə qarşıladığını görəndə düşünürsən ki, ölüm, yəqin ki, bir elə də qorxunc deyil. Ölüm son deyil....Mənə elə gəlir.



- Allahın varlığına inanırsınızmı?

- Mən hər şeyin varlığına inanıram. Əgər heç olmasa bir an dayanıb, sola-sağa, yuxarı-aşağı, arxaya, ümumiyyətlə, keçdiyin o illərə baxanda, möcüzələrə rast gəliriksə, demək, Allah var.

- “Dronqo”ya çəkilmişdiniz, amma sonra sizi seriallarda görmədik. Fanatlarınız səbəbini soruşurlar...

- Məni maraqlandıran, qane edən elə bir material olarsa niyə də yox?!

- Məşhurluq sizi bezdirirmi? Şəhərə tez-tezmi çıxırsınız?

- Məşhurluğun siz dediyiniz “bezdirmək” qədər xoşa gələn tərəfi də var. Bir şeyi bilirəm ki, heç vaxt məşhur olmaq üçün bu sənətə gəlməmişəm. Sadəcə olaraq, bu sənətin dərinlikləri məni özünə çəkib. Bir gün ayılmışam ki, artıq mən tanınıram.

Böyük məmnuniyyətlə dənizkənarı milli parka çıxıb gəzirəm. İdmanla məşğul oluram. Hər axşam fitnessə gedirəm. Hovuzda üzürəm. Bazar günündən başqa bu, hər gün təkrarlanır.

- Gəncliyinizdə futbolçu olmaq istəmisiniz. Bu gün futbolumuz haqqında nə düşünürsünüz?

- Uzun müddət futbol oynamışam. Bu gün böyük məmnuniyyətlə futbolumuzu izləyirəm. “Neftçi” komandamıza mənim çox hörmət etdiyim, yaxşı münasibətim olan Çingiz Abdullayev prezidentlik edir. Klubuna baş məşqçı təyin olunan Elxan Abdullayevlə yaxın dostuq. Əminəm ki, Elxan “Neftçi” klubuna öz xeyrini verəcək və bu komanda uğurlar qazanacaq.

“Qarabağ”la qürur hissi duyuram. Qurban Qurbanovla da tanışam. “Qarabağ” klubu öz uğurları ilə bizi çox sevindirir. Ağrı və həvəslə “Qarabağ”ın oyunlarına baxıram. Harada olmağımdan, işlərimdən aslı olmayaraq, oyunun hansı nəticələrlə bitdiyini öyrənirəm. “Qəbələ” klubu da son zamanlar bizi sevindirir.

Zaman, islahatlar, məktəb lazımdır. İnşallah, bizim futbol da gəlib yüksək məqama çatacaq. İnanıram ki, bizim milli komandamız, Avropa və Dünya çempiyonatında da çıxış edəcək. Mənim ömrüm bunu görməyə çatsa, xoşbəxt olaram. (Gülür).



- İçki haqqında nə düşünürsünüz? Xüsusi sevdiyiniz bir içki varmı?

- Ən çox sevdiyim bir içki var. Onsuz yer üzündə heç bir insan yaşaya bilməz. Bu, sudur. Sadə, gözəl, qazsız, süni minerallarsız bulaq suyunu sevirəm. Başqa içkilərə o qədər də aludə deyiləm.

- Çəkildiyiniz filmlərdə özünüzə baxmağı xoşlayırsınızmı?

- Xoşlamıram!

- Dünyaca tanınmış hansı məşhur rejissor və aktyorla oturub dərdləşmək istərdiniz?

- Sadəcə olaraq, dünyaca məşhur aktyor Entoni Hopkinsi böyük məmnuniyyətlə görmək istərdim. Onun ekrandakı davranışı, oyunu mənə çox yaxındır.

- Siyasətlə yaxınlığınız hansı səviyyədədir?

- Siyasəti sadəcə olaraq, informasiya əldə etmək naminə izləyirəm. Siyasətlə məşğul olmaq mənim yaşam tərzimə, fəlsəfəmə yaxın deyil.









Qeyd: Dəstəyə görə “Baku Cafe”yə təşəkkürümüzü bildiririk.

Hafiz Əhmədov
Foto: Şahverdi Şirinli

AzVision.az


Teqlər:  





Xəbər lenti