“Qənirə Paşayeva müdafiə naziri ola bilər”

“Qənirə Paşayeva müdafiə naziri ola bilər”
  05 May 2015    Oxunub:7917
“Gürcüstanın yeni müdafiə nazirinin qadın olması çox normal haldır. Avropa və Amerikada belə bir təcrübə var. İndiki halda bu, Azərbaycanda mümkün deyil”.
Bunu AzVision.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib. Xanım Tinatin Xidaşelinin Gürcüstanda müdafiə naziri təyin edilməsinə münasibət bildirən ekspert hesab edir ki, Azərbaycanda da müdafiə naziri postuna qadın gətirilə bilər, amma bu, müəyyən vaxtdan sonra baş verə bilər.

Ekspertin fikrincə, bir müddətdən sonra Türkiyədə olduğu kimi Azərbaycanda da Müdafiə Nazirliyi ilə Baş Qərərgahın səlahiyyətləri ayrılacaq: “Belə olan halda müdafiə naziri ordunun siyasi çevrələrdə sözçüsü olacaq. Bütün işləri Baş Qərargah görəcək, döyüş hazırlığı kimi mühüm məsələlərlə məşğul olacaq. Bundan sonra Azərbaycanın da müdafiə naziri qadın ola bilər.

Gürcüstandan fərqli olaraq bizdə vəziyyət bir qədər başqadır. Son zamanlar Baltikyanı ölkələrdə bu təcrübə tətbiq olunur, yəni qadınlar müdafiə naziri postuna gətirilirlər. Həmin qadın nazirlər faktiki olaraq onlar üçün ağır ola biləcək döyüş meydanlarında əyinlərinə zirehli bir geyim geyinmirlər. Onlar sırf olaraq hərbi-siyasi vəzifə daşıyırlar. Türkiyənin müdafiə naziri İsmət Yılmaz faktiki olaraq çox vaxt görünmür. Bütün işləri ölkənin baş qərargah rəisi Necdət Özəl həyata keçirir. Gürcüstanın xanım müdafiə naziri sözügedən ölkənin Respublika Partiyasının üzvüdür. O, həm də Gürcüstan parlamentinin indiki sədri David Usupaşvilinin xanımıdır. Cəmiyyətdə tanımış şəxsdir”.

Hərbi ekspertin fikirincə, Azərbaycanın müdafiə naziri postuna ən uğurlu namizədlərdən biri də millət vəkili Qənirə Paşayevadır: “Azərbaycanda bu gün general rütbəsi daşıyan qadınlarımız var. Həmin qadın generallardan bir neçəsi müdafiə nazirimiz ola bilər. Həmçinin parlametdə təmsil olunan qadın millət vəkillərimiz də müdafiə naziri ola bilər. Mən böyük məmnuniyyətlə millət vəkili Qənirə Paşayevanın Azərbaycan Respublikasının müdafiə naziri olmasının tərəfdarıyam. Niyə də olmasın ki? Onun işgüzarlığı, operativliyi yüksək səviyyədədir. Ona görə demirəm ki, Qənirə Paşayeva mənim həmkarımdır və onunla şəxsi tanışlığım var. Sadəcə olaraq Qənirə xanım bütün sahələrdə, həm deputatlıq fəaliyyətində, həm də ordu ilə təmaslarda və ictimasi-siyasi həyatda olduqca fəal bir xanımdır. Bir müddət sonra həm Qənirə xanımın özü, həm də digər aktiv xanım siyasətçilərimiz müdafiə nazimiz ola bilərlər”.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti