“Ali məktəbə qəbul olmasan, səni...” - İntiharların şok sirri

“Ali məktəbə qəbul olmasan, səni...” -  İntiharların şok sirri
  29 İyul 2015    Oxunub:4284
Hər il ali məktəblərə qəbul imtahanının nəticələri elan olunduqdan sonra abituriyentlərin intiharı ilə bağlı üzücü xəbərlərə rast gəlirik. İmtahandan kəsilən abituriyentlər valideyninin yanında “üzü qara” olduğu üçün çıxış yolunu özünə qəsd etməkdə görür.
Bir neçə gün bundan öncə, analoji hadisə baş verdi. Kürdəmir rayonunun Pirili kəndində yaşayan 1997-ci il təvəllüdlü Qəhrəmanova Bikəxanım Rəhim qızı özünü asaraq intihar edib. Onun meyiti evin həyətindəki tövlədə asılı vəziyyətdə tapılıb.

Bildirilir ki, 18 yaşlı B.Qəhrəmanova ali məktəbə qəbul olunmaq üçün imtahan verib. Lakin onun nəticələri qənaətbəxş olmayıb. Bundan sonra sarsıntı keçirən 18 yaşlı qız özünü öldürüb.

Gəncə şəhər sakini, 1998-ci il təvəllüdlü Ruhin Mayıs oğlu Bədəlov də imtahandan kəsildiyi üçün yaşadığı evdə özünü asaraq intihar edib.

Bu nə birinci, nə də sonuncu hadisədir. Demək olar ki, hər il bu tipli hadisələr təkrarlanır. Bütün bunlara baxmayaraq valideynlərin abituriyentlərə təzyiqləri azalmır. Psixoloqlar artıq həyəcan təbili çalırlar.



Psixoloq Elnur Rüstəmov deyir ki, abituriyentlərin intiharında birinci günahkarı valideynlərdir.
Onun sözlərinə görə, son illər şagirdlərin repetitor yanına hazırlığa getmələri valideynlərdə bir növ qarşılıqlı ailə münasibətləri yaradıb.

Psixoloq deyir ki, valideyn hazırlığa xərclədiyi pulun qarşılığında abituriyentin ali məktəbə qəbul olmasını tələb edir: “Valideynlər sanki övladlarını ali məktəbə qəbul olduqları üçün sevməyə başlayırlar. Əslində isə onlar imtahan öncəsi və sonrası uşaqlara psixoloji dəstək verməlidirlər. “Səni instituta qəbul olduğuva görə çox istəmirəm, səni övladım olduğuna görə sevirəm” məsələsini ortaya qoymalıdır”.

Hər il bu tipli hallara rast gəldiyini deyən E.Rüstəmov imtahandan sonra qızların daha çox intihar etdiyini bildirir. Onun sözlərinə görə, indi uşaqlarının qarşısına şərt qoyan valideynlər də var: “”Bu il qəbul oldun, oldun , olmadın səni ərə verəcəyik”.-deyirlər. Valideyn övladını aşağlayır, acı sözlər deyir. Bütün hallarda abituriyent intihar edirsə, birbaşa günahkar valideyndir”.

Gültəkin Ələsgər


Teqlər:





Xəbər lenti