Şoyqu Bakıya niyə gəlmişdi? - Politoloq şərhi

Şoyqu Bakıya niyə gəlmişdi? - Politoloq şərhi
  16 Avqust 2016    Oxunub:11306
Rusiya ilə Azərbaycan arasında hərbi əməkdaşlıq getdikcə inkişaf edir. Rusiyanın müdafiə naziri Sergey Şoyqunun bir neçə gün öncə baş tutan Bakı səfəri və səfər zamanı səslənən fikirləri bunu deməyə əsas verir.

Bakıda həmkarı Zakir Həsənovla görüşündə Şoyqu Rusiyanın Azərbaycanın vacib tərəfdaşı olduğunu diqqətə çatdırıb. Ordu generalı bu cür görüşlərin ikitərəfli münasibətlərin, eləcə də hərbi və hərbi-texniki sahədə əməkdaşlığın genişlənməsi baxımından zəruriliyini bir daha vurğulayıb.

Şoyqunun Bakı səfərini şərh edən politoloq Fikrət Sadıqov hesab edir ki, rus nazrin səfəri ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın inkişafından xəbər verir.

“Bir qədər öncə Bakıda Azərbaycan, Rusiya və İran prezidentlərinin iştirakı ilə üçtərəfli sammit keçirilib və irimiqyaslı layihələrin icrası ilə bağlı sazişlər imzalanıb. Bununla yanaşı Azərbaycan-Rusiya ikitərəfli münasibətləri hərbi-texniki sahədə də inkişaf etməkdədir. Hesab edirəm ki, səfərlər zamanı hərbi-texniki əməkdaşlıq, birgə təlimlər, müxtəlif təhlükələrə, terrorizmə qarşı mübarizə planları ciddi şəkildə müzakirə olunub. Fikrimcə, görüşlərdə Rusiyadan yeni silahların alınması, Azərbaycanın hərbi potensialının yüksəldilməsi və digər məsələlər gündəmdə olub. Hesab edirəm ki, bu, Azərbaycan-Rusiya münasibətlərinin inkişafına və Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsiri göstərəcək. Çünki, Rusiya regionda əsas oyunçudur”.



F.Sadıqov bildirib ki, Şoyqunun səfəri Rusiya tərəfindən regionda təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə dair danışıqların aparılamsı baxımından əhəmiyyətlidir: “Birmənalı şəkildə beynəlxalq layihələrin reallaşması ərəfəsində Rusiya regionda təhlükəsizliyin təmin olunmasında maraqlıdır. Çünki, “Şimal-Cənub” nəqliyyat dəhlizi qitələri birləşdirən bir layihədir. Odur ki, bu məqama görə Rusiyanın özü də regionda təhlükəsizliyin təmin olunmasında maraqlıdır”.

Politoloq hesab edir ki, Azərbaycan-Rusiya hərbi-texniki əməkdaşlığının yüksəldiyi bir məqamda Ermənistanın atacağı addımları ciddi şəkildə ölçüb-biçməlidir: “Düşmən ölkə nəzərə almalıdır ki, Rusiya-Azərbaycan hərbi əməkdaşlığı Ermənistan-Rusiya hərbi əməkdaşlığına zərbədir. Sergey Şoyqu Bakıda ikitərəfli, hərbi-texniki münasibətləri müzakirə edib, İrəvana isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin müdafiə nazirləri şurasının iclasında iştirak etmək üçün gedib. Yəni, burada Ermənistanla ikitərəfli əməkdaşlıqdan söhbət getmir”.

F.Sadıqov qeyd edib ki, Rusiya müdafiə nazirinin Bakı səfəri zamanı işğal olunmuş Azərbaycan torpaqlarının azad olunması məsələsi gündəmdə olub: “Hazırda bu məsələ gündəmdədir. Bundan başqa Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşdən sonra bəyan etdi ki, işğal olunmuş Azərbaycan torpaqlarının azad olunması məsələsi aktuallaşıb və hazırda gündəmdədir. Bunların hər biri kompleks şəkildə göstərir ki, bu məsələ ciddi şəkildə müzakirə olunur və nəticələri olmalıdır”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti