`Göydən parça-parça insan əti tökülürdü` - Veteranın xatirələri

`Göydən parça-parça insan əti tökülürdü` - Veteranın xatirələri
  09 May 2015    Oxunub:7099
“Bombalar partlar, toplar guruldar, haydı əsgərlər, haydı irəli, marş irəli. Qafqaz Ordusu heç dönməz geri. Haydı əsgərlər, Şərqə keçəlim, Şərqin elini azad edəlim”.
Artıq müharibədən 70 il keçməsinə baxmayaraq, İkinci Dünya Müharibəsinin iştirakçısı olan Ağababa İsgəndərov müharibənin şüarını hələ də yadından çıxarmayıb. Həmin günləri sanki dünən yaşamış kimi xatırlayır. Deyir ki, ad gününün tarixini dəyişdirib, Berlində yaralandığı günə salıb.


- Mən Göyçə mahalının Basarkeçər rayonun Dağ kəndində 1926-cı ildə anadan olmuşam. Əsəgərlikdən öncə 7-ci sinifdə olarkən kombayn kursunda altı ay oxmuşam. 1944-cü ildə 18 yaşımda isə müharibəyə getmişəm. Leninqradda artilleriya məktəbində oxudum. Ondan sonra isə 416-cı Taqanroq diviziyasında quluq etmişəm. Bu diviziyanı Mircəfər Bağırov yaratmışdı. Bağırov Stalinə bildirmişdi ki, mənim xalqım rus dilini bilmir, ona görə də Stalinin icazəsilə Mircəfər Bağırov bu diviziyanı yaratdı. Ondan sonra bizə Azərbaycan dilində komanda verilirdi. Bakının nefti, yağı, benzini olmasaydı, bəlkə də sovet hökuməti qələbə çala bilməyəcəkdi.

Söhbət etdikcə kövrələn Ağababa İsgəndərov müharibənin dəhşətli günlərindən birini belə xatırlayır:

- Yadımdadır ki, Almaniyada metro kimi yeraltı tunel var idi. Sovet əsgərləri ora girib, döyüşü davam etdirirdilər.Həmin gün minlərlə sovet əsgəri məhv oldu. Allah o günləri göstərməsin, yerdən-göydən yağış kimi güllələr tökülürdü başımıza. Berlin şəhərinə çatmağa az qalmışdı. Həmyerlim, bizim kənddən olan bir oğlanın bağırsaqları güllədən çölə töküldü. Heç onun meyidini belə yerdən götürə bilmədik. Çoxuna heç güllə dəymədi, Dunay çayını keçərkən elə çayda boğuldular. Dunay çayı çox dərin və böyük idi. Çox adam üzməyi bilmədiyinə görə elə çaydaca batdı. Mən də gördüm boğuluram, yapışdım rus komandirinin ayağından. O da məni söydü ki, burax ayağımı, bədənimdən tut, dedim, hara buraxıram. Elə şey yoxdur, bataram.

`Yaşayan tarix` adlandırılan Ağababa baba qələbəyə bir həftə qalmış yaralanmağından da danışdı:

- May ayının 2-də mən ayağımdan yaralandım. Reyxstaqa çatmağımıza artıq çox az qalmışdı. Məni 134 nömrəli Hospitala yerləşdirdilər. Mənə Bakıdan olan bir baş həkim baxırdı. Bir il altı ay hospitalda yatdım. Ağır yaralı idim. Onu da deyim ki, sonradan xəstəxanada mənə qulluq edən bir alman qızı ilə ailə həyatı qurdum. Ancaq 1947-ci ildə mən sağalandan sonra alman qızını SSRİ-yə buraxmadılar. Onu qatardan məcbur düşürtdülər. Çox istəyirdim ki, Almaniyada qalım. Hətta alman arvaddan ayrılanda ona şeir də qoşdum:
- Çox ağrıyır bədənimin yarası,
Alman qızı ciyərimin parası.
Bizi ayıracaqlar, yoxdur çarəsi,
İnan sözlərimə ay Alman qızı.

Mən ağladım, sən də mənimlə ağladın
Bağrım başın çalın-çarpaz dağladın.
Mən Qafqaz balası, sən alman qızı.
İcazə versələr, qallam yanımda
Müsəlmanam, qeyrətim var qanımda,
Körpə balam da qalır yanında.


Amma bura qayıdandan sonra 10 uşağım oldu, heç alman qız yadıma da düşmədi (gülür).

Ağababa İsgəndərov başqa xatirələrini isə belə danışır:

- Bizə 18 günlük ərzaq vermişdilər. Onları yeyib qurtarandan sonra az qalırdıq ki, torpaq yeyək. `Jmıx` yeyirdik. Qarğıdalını çiy-çiy yeyirdilər, kazaklar yerə tökülən kartof qabığını da yeyirdilər. Çox çətin, dəhşətli günlər idi. Ukraynadan keçəndə ukraynalı qadınlar bizə qatığı, südü pulsuz veriridilər. Çünki onların əzizləri də hərbidə idi. Bizə arvadlar corab, əlcək toxuyub göndəriridlər. Elə ev var idi ki, 4 oğul getdi, heç biri də qayıtmadı. Təkcə elə bizim kənddən 125 nəfər geri qayıtmadı. Eləsi oldu ki, sonradan Amerikada , eləsi oldu, Türkiyədə tapıldı. Yaşamağa ümidimiz yox idi, hər yer meyid ilə dolu idi. Başımı meyidlərin altında gizlədirdim ki, güllə aparmasın.

Berlin alınanda elə bil, qiyamət günü idi. Silahların tüstüsündən səmanı belə görmək olmurdu . Göydən parça-parça insan əti tökülürdü. 9 mayı isə təzədən doğulduğumuz gün kimi qeyd edirdik. Çünki qələbəyə qədər düşünürdük ki, bu gün-sabah ölərik. Alman əsgərləri də çox güclü idilər, şəhəri cəsarətlə qoruyurdular.

Biz şəhərə girəndə gördük ki, alman əsgərləri alman bir qadını ayağından asıblar. Onun yoldaşı SSRİ-yə işləyirmiş. Görk olsun deyə, arvadını belə cəzalandırıblar. Elə etmişdilər ki, qan başına yığılsın, ölsün. Onu açıb, buraxdıq.

Şəhər sakinlərinin, yəni almanlarım bizim millətə xüsusi simpatiyası var idi. Onların bir ermənilərdən, bir də yahudilərdən xoşları gəlmirdi. Deyirdilər, hansı milətdənsən? Deyirdik ki, “Muhammədi”, yəni, müsəlmanam.

Əsgərlərin boynundan xüsusi dəmir medalyon asırdılar, onun içində bizim haqqımızda məlumat olurdu ki, öləndə bilinsin, kimin meyididir, evə xəbər versinlər. Məndən həmin məlumatı soruşanda kövrəlib, anama şeir yazdım:

Başına döndüyüm gül üzlü anam
Hayıfdır gözlərin, az ağla məni
Ürəyin kövrəlib, dolanda hərdən
Yaralı bayatı yaz, ağla məni


Hər şey indiyə kimi mənim gözümün qabağındadır. İkinci Dünya Müharibəsi ilə bağlı filmlərə baxanda elə bilirəm ki, həmin müharibənin içindəyəm.

Şahanə Rəhimli
AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti