Laçın şəhəri necə salınıb: Tarixi araşdırma + Arxiv sənədləri (Fotolar)

   Laçın şəhəri necə salınıb:    Tarixi araşdırma + Arxiv sənədləri (Fotolar)
  11 Sentyabr 2023    Oxunub:5314
Yeganə Kamal Cabbarlı
Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Elmi-məlumat kitabxanasının müdiri
Xüsusi olaraq AzVision.az üçün

Yazının birinci hissəsindən artıq sizə məlumdur ki, Kürdüstan qəzası yaradılanda orada bir dənə də olsun nə rabitə, nə teleqraf, nə də telefon əlaqəsi mövcud idi. Kürdüstanın ərazisi böyük idi: İşlərin sürətli və məhsuldar olması üçün ilk növbədə qəzanın iqamətgahı olan Abdallardan Qaladərəsi, Muradxanlı və Qubadlıdan keçməklə, 80 verst uzunluğunda, Abdallardan Pircahana və oradan da Minkəndə 40 verst, Pircahandan Qoturluya, oradan Tərtərə 90 verst uzunluğunda telefon xətləri tələb olunurdu. Əgər mərkəzlə məntəqələr arasında telefon əlaqəsi olmazsa, işlər ləngiyəcəkdi.
Abdalların yaxınlığından Şuşaya teleqraf xətti keçdiyindən, orada poçt-teleqraf şöbəsinin açılması o qədər də çətinlik törətməyəcəkdi. Kürdüstanın mərkəzi Abdallarda poçt-teleqraf şöbəsinin təsis olunması üçün Tiflisdən Xalq Rabitə Komissarlığının şöbə müdiri və əməkdaşları gəlirlər. Mütəxəssis olmadığından fevral ayınadək Kürdüstan qəzasında tikinti işlərini təşkil etmək mümkün olmur. Yeni təyinatdan sonra, fevralın 1-dən artıq Kürdüstan qəzasında yerləşən məktəb binalarının, köhnə karvansaraların, milis postları və digər höumət tikililərinin təftişinə başlanılır və martın 25-də bu iş başa çatır. Yoxlamadan sonra qəza iqamətgahında nümunəvi evlərin tikilməsi üçün layihə və smeta tərtib olunur. Belə ki, qəzanın heç bir məntəqəsində uyğun tikili aşkarlanmamışdı. Buna görə də ilk növbədə mövcud 4 karvansaranın (qonaq evi) təmir edilməsi üçün smeta tutulur.


Nəzərdə tutulur ki, Laçında 2 daş bina tikilsin: birinci tikili 2,5 aya, ikincisi isə 3 ay yarım ərzində. Lakin payızın yağışlı havası, kənd təsərrüfatı işlərinin başlaması, o cümlədən, karxanalara yolların çəkilməsi, işçi qüvvəsinin çatışmaması böhrana gətirib çıxarır. Laçında tikinti işlərinin başlaması ilə İcraiyyə Komitəsinin şöbələrinin də ora köçürülməsinə başlanılır. İlk növbədə müvəqqəti xarakterli bir barak tikilir və ikincisinin də tikintisinə başlanılır. Bundan başqa, Abdallar postunun qarşısındakı daş tikili də bərpa olunur (Kürdüstan Qəza İcraiyyə Komitəsinin sədri İlyasovun məruzəsindən çıxarış).

4 fevral, 1924-cü il

Kürdüstan Qəza İcraiyyə Komitəsinin sədri H.Hacıyev qəzadakı vəziyyətlə bağlı ASSR XKS-nə məruzə edir. Məruzənin yekun qərarında deyilirdi: “... Kürdüstan qəzası üçün ən ağrılı məsələ onun dövlət təminatına keçməsidir... İkinci vacib məsələ isə Kürdüstan Qəza İcraiyyə Komitəsi üçün iqamətgah məsələsidir. Onsuz işlərin planlı qaydada aparılması mümkün deyil. Komitənin və onun Plenumunun qərarında göstərildiyi kimi Kürdüstanda nəinki yeni şəhər tikilməsi, hətta inzibati mərkəz üçün də əlverişli yer yoxdur. Qeyd olunan Abdallar, Kürdhacı, Minkənd və Pircahan məntəqələri də uyğun deyil. Yeganə çıxış yolu isə Şuşa şəhərinin Kürdüstanda qalmasıdır. Çünki sonuncu iqtisdadi baxımdan böyük əhəmiyyətə malikdir”.


Onu da qeyd edək ki, fevral ayında hələ Kürdüstan qəzası özü təşkilatlanma ərəfəsində idi. Arılan işlərlə bağlı müntəzəm olaraq sədrin aylıq hesabatları dinlənilirdi.

30 mart, 1924-cü il

Qəza İcraiyyə Komitəsi sədrinin hesabatı: “...Aprelin 20-dək iqamətgahın Şuşadan Abdallara köçürülməsi ilə bağlı qərar qəbul edilib. Abdallarda idarə-müəssisələrin yerləşdirilməsi və yaxud yaşayış üçün bir dənə də olsun bina yoxdur. İlkin mərhələdə mərkəz heç olmazsa 2 binanın tikintisinə vəsait ayırmalıdır. Bundan başqa, Şuşa-Abdallar yolu da əsaslı təmir olunmalıdır”.

2 may, 1924-cü il

Qəza sədri K.İlyasovun Kürdüstan Qəzasının vəziyyəti barədə məruzəsindəki “Yeni iqamətgah” bölməsində deyilir: “Qəza İcraiyyə komitəsinin qarşısında duran başlıca və təxirəsalınmaz vəzifə yeni iqamətgahın tikilməsi, qəza idarələrinin Şuşa şəhərindən Abdallar məntəqəsinə köçürülməsidir. Şəhərin tikintisi ilə bağlı bir neçə nümunəvi (tipik) evin smetası tərtib edilmiş və təsdiq olunması üçün mərkəzə təqdim edilmişdi”.

Qəza İcraiyyə Komitəsinin torpaq, mənzil şöbəsi, həmçinin qəza milisi artıq Abdallara köçürülmüşdü. Abdallarda kooperativ və feldşer məntəqələri də vardı. Bütün bu şöbələr, milis, feldşer məntəqəsi, həmçinin, torpaq və mənzil şöbələrinin iri anbarları burada dəftərxanası və yataqxanası olan 6 otaqlı balaca bir evdə yerləşirdi. Yer darısqal olduğu üçün işçilər demək olar, əsasən açıq səma altında yaşayırdılar. Belə darısqallığa baxmayaraq, Qəza İcraiyyə Komitəsi 10 may tarixinədək bütün şöbələri Abdallara (Laçına) köçürməyi qərara alır.


Şübhəsiz, məsələ gərgin idi: Açıq səma altında işləmək və yaşamaq olduqca çətin, Abdallarda həyat şərtləri fövqəladə ağır idi. Bununla belə, bu çətinlikləri keçərək, planlaşdırılmış vaxtda işə başlamaq lazım idi. İlk növbədə Laçından Abdallara 200 sajın uzunluğunda şosse yolu çəkilməsinə, daş, şalban toplanmasına başlanılmış, 1000 ədəd taxta lövhə və əhəng yandırılması, qum çatdırılması və s. digər xırda işlər üçün müqavilələr bağlanmışdı. Həmçinin 3 evin tikintisilə bağlı podratçı ilə şərti müqavilə layihələndirilmişdi.

“Tikinti işləri o zaman müvəffəqiyyətli və uğurlu olacaq ki, pulumuz olsun, pul olmadığı təqdirdə ikimərtəbəli gözəl evlər tikilməsi barədə nə qədər danışsaq, qışqırsaq, uzun-uzadı məruzələr yazsaq da, əbəsdir, Abdallarda onlar olmayacaq. Bu evlərdən hər birinin tikilməsi üçün 46 min rubl tələb olunur. Mərkəz isə cəmi 5 min rubl ayırır və işə başlamağı təklif edir, bu qədər cüzi məbləğlə nəhəg tikinti işlərininə başlamaq isə ağlasığmazdır və heç vaxt uğurlu ola bilməz. Yəni bu isə təxminən o deməkdir ki, işə başlamaq olmaz. Mərkəz ilk növbədə tikinti işləri üçün ən az 50 min rubl buraxmalıdır”,- sənəddə deyilirdi.


Beləliklə, pulsuzluq bütün işlərə əngəl törədirdi. Bu qədər problem yetmirmiş kimi, bir tərəfdən də yeni yaranmış qəzaya - Kürdüstan dağlarına başqa ərazilərdən, xüsusilə aranbasardan kürd köçəriləri axın edirdi. Əhalinin bu cür axını vəziyyəti daha da qəlizləşdirirdi.

5 may, 1924-cü il

Ənənəvi hesabatdan şosse və torpaq yolları ilə bağlı məlumat: “Keçmiş Abdallar postundan Kürdüstanın yeni iqamətgahı Laçına çəkilən yolun torpaq və qaya işləri həyata keçirilmişdir. Haazırda həmin yol yeni iqamətgaha getməyə imkan verir. Lakin barıt çatışmazlığı yola son olaraq nümunəvi görkəm verməyə mane olur”.

9 may, 1924-cü il

“Kommunist” qəzeti yazır: “Qəzada acınacaqlı hallardan biri aclıqdır. Xüsusilə, Şuşa şəhərində. Kürdüstan Qəza İcraiyyə Komitəsinin sədri məlumat verir ki, hazırda qəzada on mindən artıq köçkün var və bu rəqəm get-gedə artır.
Aranbasarda yaşayan kürd köçərilərinin dağlara köçməsi ilə yuxarıda göstərilən rəqəm 20 mini keçəcəkdir. Hökumət yardım etməsə, əhalini dolandırmaq müşkül olacaq”.


Problemlərin mənbəyi bir tərəfdən aclıq və yoxsulluq olsa da, digər tərəfdən, yeni inzibati mərkəzin tikintisinin ləng getməsi idi. Nəhayət, uzun-uzadı yazışmalar, çətin həyat və iş şəraiti, mübahisələr, ümidsizliklərlə dolu gərgin axtarışlar nəticəsini verir. Yeni şəhərin salınması ilə bağlı gözlənilən xəbər qəza əhalisini sevindirir. Şəhərdə tikinti işlərinə başlanılır.

Kürdüstan qəzasının ən böyük problemi yolsuzluq idi. Bu digər bir problemi - aclığı gətirirdi. Qəzada demək olar ki bir dənə də daxili yol mövcud deyildi. İnsanlar çox uzun məsafələri, çətin, keçilməz dağlıq, qayalıq əraziləri piyada qət edirdilər.
Qəzada ilk start verilən iş yol tikintisi idi. Ən vacib və sürətlə tikilən isə Abdallar-Laçın yolu olur. Bu yol həm də qəzada çəkilən ilk avtomobil yolu idi. Yolun sürətli tikilib başa çatmasında məqsəd yeni iqamətgaha - Laçın şəhərinə köçməyi asanlaşdırmaq və tezləşdirmək idi.

11 may, 1924-cü il

“Kommunist” qəzeti bu barədə belə yazır: “Kürdüstan qəzasında yolların qayırılmasına şüru edilmişdir (başlanılmışdır). Şimdilik bəziləri hazır və bəziləri də tamam olmaqdadır. Abdallar ilə Laçın adlanan yerə araba və fayton yolu çəkilərək tamam olmuşdur. Bu yolda gediş-gəliş başlamışdır... Abdallar-Qubadlı yolu da təmir olunur”.


Laçın şəhəri ilə bağlı ilk sevindirici xəbəri verən də “Kommunist” qəzeti olur. “Kommunist” rəsmi dövlət qəzeti idi. “Laçın şəhəri” adı da rəsmi olaraq ilk dəfə bu qəzetdə dərc olunur. Yalnız həmin tarixdən etibarən digər qəzetlərdə və rəsmi yazışmalarda “Laçın şəhəri” məfhumundan istifadə olunmağa başlayır.

Qeyd etmək lazımdır ki, Kürdüstan Qəza İcraiyyə Komitəsi təbii səbəblərdən heç vaxt Abdallara köçə bilmir. Yalnız Abdallar postundakı köhnə qonaqlama otaqları qismən təmir edildikdən sonra müəyyən qəza idarələrinin ora köçməsi təmin edilir. Burada isə onlar yalnız yay aylarında fəaliyyət göstərə bilirlər. Soyuqlar düşən kimi idarələr yenidən Şuşaya qayıdırdı.Yəni qəza Şuşadan idarə olunurdu. Yalnız qəza milisi Laçın ərazisində yerləşdirilmişdi və kəndlərə nəzarət buradan aparılırdı.

Abdallar postu Şuşa yolunun üstündə yerləşirdi. Yəni indiki Poçt dairəsində. Məkan olaraq rəsmi yazışmalarda ərazi “Abdallar” və bəzən də “Abdallar (Laçın)” kimi keçirdi. İqamətgah kimi Laçın ərazisi müəyyən edilmiş olsa da, yolsuzluq problemi Laçında tikinti işlərinin aparılmasına imkan vermirdi.


Laçın şəhərinin qəza iqamətgahı kimi tikiləcəyi hələ yanvar ayından məlum idi Əlbəttə, digər problemlər də mövcud idi - “pulsuzluq” kimi. Dövlət tərəfindən qəza üçün ayırılan maliyyə vəsaiti o qədər az idi ki, onunla heç aclıqdan əziyyət çəkən qəza əhalisinin 30-40%-ni təmin etmək mümkün deyildi, o ki, qalsın şəhər salmağa. Bu səbəbdən, qəza idarələri Laçın şəhərinə tədricən, həm də Şuşadan köçürdülər.

14 may, 1924-cü il

“Kommunist” qəzetində Kürdüstan qəzası üzrə xüsusi müxbir E.Axundzadənin “Yeni şəhər - Laçın” adlı bir yazısı çıxır: “Kürdüstanda nəinki bir şəhər, hətta ufaq bir qəsəbənin olmadığı hər kəsə məlumdur. Təzə təşkil olunmuş qəza idarələrinin yerləşdirilməsi üçün münasib yer yoxdur. Mərkəz Abdalları qəza mərkəzi olaraq intixab etmişdir. Fəqət, burada su olmadığından, idarələrin köçməsi mümkün deyildi. Bir kaç ay əvvəl qəzayı dolaşan komisyon yeni şəhər salınması üçün Abdallardan 2 verst məsafədə “Laçın” namlı yeri münasib görmüşdür. Burası şəhər üçün layiq, havası gözəl, kafi qədər suyu var. Yarım verstlikdə böyük bir meşəlik də var.


Laçında idarələrin yerləşdirilməsi üçün 2 yeni bina tikilməlidir. Hər bina 12 otaqdan ibarətdir, smeta üzrə mühəndis tərtib verdiyi elan mövcübincə işə başlanılmışdır. Hər iki binanın xərci 35 000 rubla başa gəlir. Bundan başqa, xırda binalar da tikilməyə başlanılmışdır. Həmin binalar 3 aya hazır olacaqdır”.

28 may, 1924-cü il

“Kommunist” qəzeti yazır: “Kürdüstan qəzasının mərkəzi son vaxtlaradək məlum olmadığına görə qəza daxilində klubun açılmasına iqdam (təşəbbüs) edilməmişdir. Qəza mərkəzi Laçın olduğundan burada bir çox idarə və müəssisələrə məxsus binalar tikilməkdədir. Həmin Laçında kəndli-fəhlə klubunun açılması əhəmiyyətli olduğu üçün, qəza siyasi-maarif şöbəsi kluba lazım olan şeylərin tədarük və hazırlanması üçün icab edən layihə və smetanı hazırlamaqdadır”.

7 iyul, 1924-ci il

Abdallardan Laçına gedən yolun torpaq işi qurtarıb. Laçın Kürdüstanın yeni mərkəzidir. Hazırda bu yolla gediş-gəliş mümkündür. Vəsait olmadığı üçün körpü yolunun təmir və inşasına başlanılmayıb.


Şuşa - Abdallar xəttindəki bütün naqillər bərtərəf edilib. 2-ci dairədə telefonlaşdırma işləri qurtarıb, üçüncüdə başlanıb.
Təmir və inşaat işlərinə gəldikdə isə Abdallar kənd dairəsində evlərin tikintisinə başlanılıb.
Şuşa, Laçın, Pircahan, Abdallar, Muradxanlı və Qubadlı telefonlaşdırılır.

1924-cü il, 6 avqust

“Bakinskiy raboçiy” qəzeti xəbər verir: “8 iyulda artıq Kürdüstanın bütün müəssisələri Şuşadan Abdalların yaxınlığındakı yeni iqamətgaha - Laçına köçürülmüşdü.
Orada müəssisələr üçün binalar tikilir. Hələlik isə müəssisələr təcili tikilmiş taxta baraklarda yerləşdirilir. Binalar çatışmır, işçilər demək olar ki, açıq hava altında xidmət göstərirlər.


Laçında çalışan fəhlələr öz vəsaitləri hesabına “Əmək Sarayı” tikirlər.
12 iyulda Laçında qəza kooperativinin təntənəli təməlqoyma mərasimi oldu. Dükan açılmış, həmçinin çörəkxana və yeməkxana tikilmişdi. İşçilər və kəndlilər kreditdən istifadə edirlər.
Yaxın vaxtlarda gələn komissiyanın fəaliyyəti nəticəsində Kürdüstan və Zəngəzurun keçmiş sərhəd mübahisəsi artıq həllini tapmışdır.
Şuşa - Abdallar şosse yoluna gəldikdə isə, yol bərbad vəziyyətdədir. Böyük hissəsi dağılıb və təxirəsalınmaz təmir gərəkdir”.

8 oktyabr, 1924-cü il

Kürdüstan Qəza İcraiyyə Komitəsi XDİK-na 1924-cü ilin sentyabr ayı üzrə qəzada vəziyyətə dair məruzə edir. Məkan Laçın şəhəri. Müzakirə olunan ən vacib məsələlərdən biri təbii ki, kommunal təsərrüfat işi ilə bağlı idi. Bildirilirdi ki, Kürdüstanda mövcud olan başlıca səbəblər işin sürətinə və xarakterinə təsir edir: Tam yolsuzluq, arabaların hərəkəti üçün təkər yolunun olmaması, əhalinin məskunlaşması üçün şəhər tipli qəsəbələrin yoxluğu, kəndistan geridə qalıb, mütəxəssislər, yarımmütəxəssislər, ixtisaslaşmış fəhlələr çatışmır, şəxsi təşəbbüskarlıq yox səviyyəsində, Kürdüstanın Zaqafqaziya dəmir yolu xəttindən uzaqda qalması... – bax, bu kimi ağır şərait kommunxozun işinə mane olur.


Belə vəziyyətə baxmayaraq, kommunxoz bu tikinti sezonunda da öz planlı işlərini yerinə yetirmək üçün tədbirlər görür: Kürdüstan Qəza İcraiyyə komitəsinin müəssisələri üçün qəzanın iqamətgahı olan Laçında 40 otaqdan ibarət 2 nümunəvi ev tikir, telefonlaşma, Qubadlı, Minkənd, Kəlbəcər məktəblərinin tam bərpası, Mollaburandakı karvansaranın təmirini həyata keçirir. Birinci binanın daş işləri artıq başa çatıb, yuxarı mərtəbənin tavan blokunun qoyulması və alt tavanın döşənməsi işi həyata keçirilir; daş işlərindən isə eyvanın bünövrəsi və tavan tirləri arasında birinci sıranın əsası qoyulur. 2-ci binada isə hörgü işləri sürətlə aparılır. Hər iki binanın pəncərə və qapı qəlibləri, qapı xonçaları hazırlanıb və quraşdırılıb, 16 pəncərə çərçivəsi hazırlanıb. Təmiz döşəmə üçün taxtalar hazırlanır. Bakıdan gətirilən materialların 75%-i artıq Laçına çatıdırılıb, qalanı isə yoldadır. Minkənd məktəbində yalnız şüşələmə işləri qalır...

Bu məqamda icazənizlə bir haşiyə çıxmaq istəyirəm, əziz oxucum. Yuxarıda təsvir edilən binalar Laıçn şəhərinin mərkəzində, əvvəlki “Kommunist”, indiki “Heydər Əliyev” küçəsindəki iki qoşa, ikimərtəbəli inzibati binalardır. Yəni şəhərin yaşıdı olan ilk daş binalar. O binalardan biri həm də bəndənizin iş yeri idi. Məlumat üçün qeyd edim ki, Laçın şəhəri məhz həmin küçədən başlayaraq salınmışdı. Təbii ki, küçə adları sonradan - şəhər böyüdükcə gündəmə gəldi. Qədimdə isə ora Laçın adlanırdı, sadəcə Laçın!


Bütün idarə və müəssisələr, milis şöbəsi, ilk məktəb binası, ilk əczaxana, ilk mağaza, ilk çörəkxana, ilk yeməkxana, ilk klub, ilk yay klubu, ilk xəstəxana, ilk hamam - bir sözlə, bütün tarixi ilklər, o cümlədən, mənim babam Calal Cabbarlı kimi Laçını tikənlərin, elə həm də bizim yaşadığımız ilk yaşayış məhəlləsi burada yerləşirdi. Şəkildə gördüyünüz evlər şəhər salınanda tikilən ilk 3 yaşayış evi idi. Həmin evlərdən biri də bizim evdir.

Şəhər digər istiqamətlərə doğru 1957-ci ildən sonra böyüməyə başladı. Yavaş-yavaş yeni məhəllələr, yeni küçələr salındı. Amma Laçın camaatının “şəhər” deyə tanıdığı, əzizlədiyi ünvan heç vaxt dəyişmədi. Bu “şəhər” deyilən Laçın tikilən küçə idi - yəni bizim küçə. Baxmayaraq ki, şəhər böyümüşdü, genişlənmişdi, amma yenə də təzə məhəllələrdə yaşayanlar evdən çıxarkən “Hara gedirsən?” deyə soruşanda “Şəhərə!” deyə cavab verərdilər. Bax, belə...
Davam edirəm.

...Telefonlaşdırmaya gəldikdə: Sentyabrın 1-dən 15-dək Abdallar-Pircahan məntəqəsində 100, Kürdhacı Pircahan məntəqəsində 280 dirək basdırılıb; 15 sentyabrdan 1 oktyabradək 2-ci Laçın-Abdallar xətti çəkiləcək. Abdallardan Qızılcaya 3-cü naqil ötürüləcək. Burada xətt iki şaxəyə ayırılacaq: Pircahan və Minkənd. 2-ci Minkənd otürücü xətti başa çatdırılıb. Pircahana 2-ci otürücü xəttin aparılması davam edir. 15 sentyabrdan 1 oktyabradək 7 verstdə ümumi işlər görülüb...

6 noyabr, 1924-cü il

1924-cü ilin oktyabr ayına olan hesabatdan: “...Qəza mərkəzi olan Laçında sürətli tikinti işləri getdir. Süvari milis mühafizə dəstələri plan üzrə bu işə cəlb olunacaqlar. Lakin onların tikinti işləri ilə bağlı təhsili olmadığından, Laçında milislər üçün savadsızlığın ləğvi kursları təşkil edilmişdir.
Bütün qəzada cəmi 34 birpilləli məktəb fəaliyyət göstəri. Həmin məktəblərdə hər iki cinsdən 2000 uşaq təhsil alır. Cari ilin 1 oktyabrından Xalq Təhsil Komissarlığının hesabına Laçın, Muradxanlı, Eyvazlar, Qarıqışlaq, Hoçaz kəndlərindəki məktəblərdə tədris başlayır. 4 məntəqədə - Qubadlı, Minkənd. Mollaburan və Kəlbəcər məktəblərində isə təmir işləri yekunlaşmaq üzrədir.
Laçın şəhərində isə idarə binalarının tikintisi müvəffəqiyyətlə gedir. Bütün tikinti işləri 15 gündən sonra başa çatacaqdır.
Bundan başqa, Laçında mərkəzi manufaktura - baqqal malları mağazası, çörəkxana və yeməkxana da var. Poçt-teleqraf şöbəsinin təsis olunması məsələsi isə bina və lazımi avadanlıq olmasına baxmayaraq, ləngiyir.

1 noyabr 1924-cü il

Laçın şəhərində Kürdüstan Qəza İcraiyyə Komitəsinin Rəyasət Heyətinin iclası keçirilir. İclasda bir sıra məsələlər müzakirə olunur. O cümlədən, kommunal təsərrüfat şöbəsinin müdiri Sultanovun məskun yerlərlə bağlı layihəsi dinlənilir. Layihədə müzakirəyə qoyulan 2-ci məsələ yeni tikilmiş Laçın məktəbində müvəqqəti olaraq klub üçün dəhliz və 3 otağın ayırılması olur. Söhbət Laçın şəhər 1 nömrəli tam orta məktəbindən gedir. Bu isə o deməkdir ki, 2024-cü ildə həm də Laçın şəhərində tikilən ilk məktəbin - şəhər 1 saylı tam orta məktəbin də 100 yaşı tamam olur.

Laçınlıların müqəddəs məbədgahı - əziz məktəbim, səni də 100 yaşında öz əzəli məkanında və öz əzəmətində görmək arzusuyla!
Və nəhayət...
Qibləgahım - canım Laçınım!
Bu tarixi araşdırma Sənə övladlıq borcum olsun!
Sənə qovuşmaq diləyilə!
Əbədiyyən var ol!



Yeganə Kamal Cabbarlı
Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Elmi-məlumat kitabxanasının müdiri
Xüsusi olaraq AzVision.az üçün

Qalereya




Teqlər: Laçın   Qarabağ   Tarix  





Xəbər lenti