BMT erməniləri dəhlizdən buraxmadı - Ədalət Verdiyevin yazısı

   BMT erməniləri dəhlizdən buraxmadı -     Ədalət Verdiyevin yazısı
  17 Avqust 2023    Oxunub:4948
30 il ərzində BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsindən heç birini yerinə yetirməyən Ermənistan indi bütün ölkələrdən və beynəlxalq təşkilatlardan imdad diləməkdədir. İrəvan bütün resurslarını informasiya müharibəsinə səfərbər edib. Azərbaycana təzyiq göstərmək üçün ermənilər yalan məlumatlar tirajlamaqla şantaja əl atmaqdan belə çəkinmirlər.
Amma heç nə alınmadı: BMT Təhlükəsizlik Şurasında çıxış edənlərin heç biri Ermənistan rəhbərliyinin tirajladığı tezislərdən birini də səsləndirmədilər. Kimsə "etnik təmizləmə", "soyqırımı", "aclıq", "humanitar fəlakət", "mühasirə" və s. kimi ifadələri dilinə gətirmədi. Heç kim Qarabağdakı qondarma rejimin mövcudluğu və oradakı əhalinin "xalq" olması barədə bir kəlmə də işlətmədi. Vaqif Xaçatryanla Rəşid Bəyləryanın həbsi də kimsənin yadına düşmədi. Çünki bu fəaliyyətlər beynəlxalq hüququn tələblərinə tamamilə uyğun şəkildə həyata keçirilib.

İclasın sonunda isə Ermənistanın "ağlaşmasına" dair nəinki qərar, heç bəyanat və ya tövsiyə xarakterli sənəd də qəbul edilmədi. BMT Təhlükəsizlik Şurasının üzvü olan bir neçə dövlət Qarabağ bölgəsində yaşayan erməni əsilli sakinlərin ehtiyaclarını ödəmək üçün başda Ağdam-Xankəndi yolu olmaqla, Azərbaycanın təklif etdiyi marşrutların fəaliyyəti ilə bağlı təklifləri dəstəklədilər.

İclasda Azərbaycanın təmsilçisi Yaşar Əliyev möhtəşəm bir çıxış etdi. O, sosial şəbəkələrdə Xankəndidən paylaşılan toy, bayram, ad günü, banket və s. fotoları ilə "aclıq" və "fəlakət" barədə erməni yalanlarının daşını daş üstündə qoymadı.

Burada bir haşiyəyə çıxım. Sosial şəbəkələrdə hər gün eyni mövzuda paylaşımlarımız bəzilərinə yorucu görünə bilər. Amma düşmən yalanlarından və təxribatlarından əl çəkmirsə, biz də onları ifşa etməkdən yorulmamalıyıq. Hərdən izləyicilərə "bunu maksimum paylaşaq" şəklində müraciət edəndə düşmənin yalanlarını ifşasını kütləviləşdirmək məqsədi daşıyıram. Paylaşımın hansı dildə olması həlledici deyil: Mövzu ilə maraqlananlar dünyanın hər yerindən reaksiya verirlər.

Qarabağda erməni silahlılarının mövcudluğu, erməni ordusunun təxribatları, işğalçının silahlanması, mina təhlükəsi, Naxçıvana dəhlizin açılması, Azərbaycan vətəndaşlarının doğma yurd-yuvalarına, o cümlədən, Qərbi Zəngəzura qayıdışı kimi mövzuları daim gündəmdə saxlamalıyıq. Hər birimiz Qarabağ və Zəngəzur uğrunda əlimizdən gələnin qat-qat artığını etməliyik. Belə bir imkan Azərbaycan tarixində çox az soydaşımıza qismət olub. Biz bu möhtəşəm tariximizin şahidi və bir hissəsiyik.

Beləliklə, Türkiyə, Albaniya, Britaniya, Çin və Birləşmiş Ərəb Əmirliklərinin dəstəyi ilə Azərbaycan dövləti Ermənistanı növbəti dəfə məğlub etdi. İrəvanın yalan üzərində qurduğu mənfur siyasət bu dəfə də iflasa uğradı. Hazırda Ermənistan, onun havadarları və qondarma rejimin “rəhbərləri” dərin depressiyadadırlar.

Bundan sonra Qarabağda erməni qanunsuz dəstələrinə məxsus silahların Azərbaycana təhvil verilməsi, həmin dəstə üzvlərinin ərazidən çıxarılması, cinayətkarların Bakıya təhvil verilməsindən sonra humanitar yüklərin Ağdam-Xankəndi yolu ilə daşınmasına icazə veriləcəyini rəsmən elan etməliyik. Ali Baş Komandan İlham Əliyevin sayəsində bu gün Azərbaycan bütün dünya üçün qalib dövlət modelinin ən gözəl nümunəsinə çevrilib. 21-ci əsrdə ərazilərini işğaldan azad etməyi bacarmış tək ölkəyik. Düşməni bütün cəbhələrdə əzir, ona dəstək verənləri və silah satanların cavabını verir, qlobal güclərin və nüfuzlu beynəlxalq təşkilatların Azərbaycana qarşı təzyiq cəhdlərini neytrallaşdırırıq. Eyni vaxtda, azad olunan əraziləri minalardan təmizləyir, Qarabağı və Şərqi Zəngəzuru bərpa edir, doğma yurd-yuvalarımıza qayıdırıq.

Bütün bunların hər biri böyük nailiyyətlərdir. Onları əldə etmək çətin olduğu kimi, qorumaq və inkişaf etdirmək də asan olmayacaq. Bunun üçün ən vacib şərt Ali Baş Komandan- Silahlı Qüvvələr- Xalq birliyini qorumaqdan ibarətdir. Tarixi torpaqlarımıza qayıdışımız bu birliyimizin möhkəmliyindən asılı olacaq.

Ədalət Verdiyev, hərbi ekspert
Xüsusi olaraq AzVision.az üçün


Teqlər: BMT   Laçın   Xankəndi  





Xəbər lenti