5 yaşlı Zeynəb quduzluqdan ölüb - Vaksin keyfiyyəsiz olub?

5 yaşlı Zeynəb quduzluqdan ölüb - Vaksin keyfiyyəsiz olub?
  18 Avqust 2017    Oxunub:6001
İyulun 31-də Sumqayıt şəhərində quduz itin başından dişlədiyi 5 yaşlı Zeynəb Mikayılzadə ötən gün dünyasını dəyişib. Həmin gün uşağa vaksin vurulsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Azyaşlı qızın yaxınları Zeynəbin ölümündə həkimləri ittiham edirlər. İddia edilir ki, vurulan vaksinlər keyfiyyəsiz olub.
Ölkənin baş pediatrı Nəsib Quliyev AzVision.az-a bildirib ki, quduz heyvanın insanın baş və ayağından dişləməsi vaksinin təsirli olub-olmamasında mühüm rol oynayır.

Onun sözlərinə görə, vaksin o zaman effektli olur ki, quduz itin dişlədiyi yer baş-beyin nahiyəsindən, mərkəzi sinir sistemindən uzaq olsun.

“Məsafə yaxın olanda vaksin onu qoruyub saxlaya bilmir, effekt vermir. Belə hallar mümkündür. Quduzluq əleyhinə vaksin var və istifadə olunur”.

Sumqayıt şəhər səhiyyənin şöbəsinin müdiri Nəriman Baxşəliyev isə qeyd edib ki, quduz heyvanın insanın baş nahiyyəsindən dişləmə yeri geniş ərazidə olursa, dəri, başın tüklü hissəsi çox zədələnirsə, travmanın sahəsi geniş olursa, virusun inkişafı sürətli olur.

“Ona görə də inkibasiya dövrü 2 saatdan 20 günə qədər ola bilər, hətta 40 ilə qədər davam edə bilər. İtin həmin 5 yaşlı uşağın baş nahiyyəsindən dişləməsindən əlavə onun immuniteti də zəif olub. Onda hemoqlabin 70 qram/litr olub. Uşaq zəif olduğu üçün virus sürətlə yayılıb və vurulan vaksinlər kömək etməyib”.

N.Baxşəliyev bildirib ki, 5 yaşlı Zeynəbi quduzluğa yoluxduran itin həmin gün dişlədiyi 10 nəfərdən ikisi uşaq olub.

Aytən Zəhra
AzVision.az



Teqlər: Baş-pediatr   Vaksin   Sumqayıt  





Xəbər lenti