Havanı korlayan 121 sürücü cərimələnib - Reydlər davam edir

Havanı korlayan 121 sürücü cərimələnib - Reydlər davam edir
  16 Avqust 2017    Oxunub:1707
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə keçirdiyi “Təmiz hava” aylığı çərçivəsində reydlər davam edir. Məqsəd atmosferin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirkləndirilməsinin qarşısını almaqdır.
BŞDYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov AzVision.az-a bildirib ki, reydlər çərçivəsində ötən həftə təkcə "Ekologiya postu"nda 121 sürücüyə protokol tərtib edilib.

DYP rəsmisi qeyd edib ki, protokollar əsasən istismar müddəti bitmiş avtomobillərin sürücülərinə yazılıb.

“Xüsusilə, Sovet istehsalı olan maşınlarda mühərrikin işlək vəziyyətdə buraxdığı dəm qazının həcmində daha çox zərərli maddələr var. Bu gün Azərbaycanda “Avro 5” standartı tətbiq edildiyindən sərhəddə ölkəyə gətirilən nəqliyyat vasitələrinin mühərriklərinin vəziyyətinə baxılır. Bu cəhətdən xarici istehsal olan avtomobillərdə problem az olur. Çünki “Avro 5” standartlarına cavab verməyən avtomobillər ölkəyə buraxılmır. Hesab edirəm ki, bu doğru addımdır”

V.Əsədovun sözlərinə görə, reydlər zamanı “İkarus” avtobusları, "Zil", "KAMAZ" "Tofaş", "QAZ -24", "QAZ -31", 1991-1993-ci illərdə istehsal olunan “BMW” və “Mercedes” modellərində də nöqsanlar aşkar edilib.

Qeyd edək ki, reyd avqustun 1-dən başlayaraq avqustun 31-dək davam edəcək. Reyd zamanı "Ekologiya postu" kimi tanınan ərazidə hərəkətdə olan bütün növ nəqliyyat vasitələri polis əməkdaşları tərəfindən saxlanılır və bir-bir yoxlanılır.

Aytən Zəhra
AzVision.az


Teqlər: DYP   Sürücü   Cərimə  





Xəbər lenti