"Düşmənlərimizlə mübarizə aparmalıyıq" - Polad Bülbüloğlu
Məqalədə mülki şəxslərin, cəmiyyətin ən zəif təbəqəsi olan uşaqların müharibələrin əzablarına daha çox düçar olduğu bildirilərək, onların müharibə əzablarından qurtulması üçün mədəniyyət, etnik, dil və din müxtəlifliyini, sivilizasiyaların əsasını qoyan ideya və normaların qorunub saxlanılmasının vacibliyi vurğulanır. Universal insanlığı qoruyub saxlamaq və təşviq etmək lazımdır ki, cəmiyyətimizin birliyini, birgə yaşamaq ideyalarını məhv etmək, dağıtmaq istəyən cahillərdən qoruya bilək. Dünyamızın tərəqqisinə mane olmaq istəyən düşmənlərimizə, terrorist təşkilatlara, nihilistlərə qarşı mübarizə aparmalıyıq. Xoş məramlı insanlar, eləcə də diplomatik rəhbərlər kimi belə dəyərlərimizi müdafiə və təşviq etmək ümdə və təcili vəzifəmizdir. Mədəni və tarixi irsimizi məhv edən müharibələrin qarşısı alınmalıdır. UNESCO-dan siyasi alət kimi istifadə olunması təşkilatın əsl missiyasının yerinə yetirilməsinə və fəaliyyətinin səmərəliliyinə mane olur.
UNESCO-nun sülhün qorunub saxlanması istiqamətində mühüm rol oynadığını diqqətə çatdıran P.Bülbüloğlu qurumun maliyyə büdcəsinə yenidən baxılmasının vacibliyinə toxunub. Qeyd edib ki, iqlim dəyişikliyi, terrorizmin mülki şəxslərə və onların həyatına mənfi təsiri, müharibələrin dağıdıcı nəticələri, material və qeyri-material irsin dağıdılması kimi məsələlərə diqqət çox vacibdir və UNESCO özəl sektorla razılaşaraq bunların həlli ilə məşğul olmalıdır. Bu işə maliyyə vəsaitləri və böyük intellektual imkanlar yönəldilməlidir.
O vurğulayıb ki, BMT-nin digər institutları, eləcə də Parisdə yerləşən, 35 üzv ölkədən ibarət Əməkdaşlıq və iqtisadi inkişaf təşkilatı (OCDE) və 84 üzv ölkədən ibarət Fransız dilli ölkələrin beynəlxalq təşkilatı (OİF) kimi digər hökumətlərarası təşkilatlarla əməkdaşlıq etməklə bu istiqamətdə müvəffəqiyyət əldə etmək olar. Müəllif, diqqətə çatdırıb ki, qurumun əvvəlki nüfuzunu qaytarmaq, onun səsinin bütün dünyada eşidilməsinə nail olmaq istəyir. İcra Şurasının oktyabr ayında toplaşacaq 202-ci sessiyasına və noyabr ayında toplaşacaq UNESCO-nun 39-cu baş konfransına bu ambisiyalarla gedərək təşkilatın 11-ci baş direktoru olmaq istəyir. (AzərTAc)
AzVision.az
Teqlər: Polad-Bülbüloğlu UNESCO