“ABŞ-Azərbaycan əlaqələri yeni mərhələyə qədəm qoyub”

“ABŞ-Azərbaycan əlaqələri yeni mərhələyə qədəm qoyub”
  12 İyul 2017    Oxunub:1154
“2017-ci ildə Azərbaycan uğurla inkişaf edib, qarşıda duran vəzifələr icra olunub”.
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı deyib.

Prezidentin sözlərinə görə, dünyada narahatedici məqamların çoxalmasına baxmayaraq, ölkəmizdə sabitlik möhkəmlənib və bu sabitliyin mənbəyində Azərbaycan xalqı dayanıb.

Azərbaycanda bütün sosial-iqtisadi məsələlərin uğurla həllini tapdığını, təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə olduğunu deyən prezident İlham Əliyev bu ilin 6 ayında Azərbaycanın beynəlxalq əlaqələrinin daha da fəallaşdığını, dünyada böyük hörmətə malik ölkəmizin dostlarının sayının çoxaldığını, beynəlxalq təşkilatlarda fəallıq göstərildiyini diqqətə çatdırıb.

İlin əvvəlindən 10 ölkəyə səfər etdiyini deyən prezident İlham Əliyev vurğulayıb ki, bu səfərlərin coğrafiyası Azərbaycanın xarici siyasətinin milli maraqlara xidmət etdiyini təsdiqləyir. İl ərzində ölkəmizdə bir neçə mötəbər tədbirin - V Qlobal Bakı Forumunun, IV Mədəniyyətlərarası Dialoq Forumunun keçirildiyini deyən dövlət başçısı bu tədbirlərin ölkəmizə olan münasibəti və hörməti əks etdiyini və dünyada gedən proseslərə müsbət təsir göstərdiyini bildirib.

Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarına yüksək səviyyədə ev sahibliyi etdiyini deyən prezident İlham Əliyev milli komandamızın bu oyunlarda birinci yeri tutduğunu, bunun da Azərbaycanın güclü idman dövləti olmasından irəli gəldiyini qeyd edib.

"Bu il 24-cü Xəzər neft-qaz sərgi və konfransı keçirilib. Bu sərgi və konfrans dünya miqyasında enerji sektorunda seçilmiş tədbirlərdən biridir" deyən Dövlət başçısı qeyd edib ki, bunun ən gözəl göstəricisi ondan ibarətdir ki, bu tədbirə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp məktub göndərib:

"Mənə ünvanlanan məktub əlbəttə ki, Xəzər neft-qaz sərgi və konfransının əhəmiyyətini artırır, eyni zamanda, Amerika Birləşmiş Ştatları tərəfindən Azərbaycanın icra etdiyi uğurlu enerji layihələrinə göstərilən növbəti dəstəkdir. Əlbəttə ki, belə xoş münasibət Amerika-Azərbaycan əlaqələrinin uğurlu inkişafı üçün yeni zəmin yaradır. Bir neçə gün bundan əvvəl Amerikanın dövlət katibi ilə İstanbulda görüşüm bir daha bizim strateji əlaqələrimizi təsdiqlədi və bu gün Amerika-Azərbaycan əlaqələri yeni mərhələyə qədəm qoyur".

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: İlham-Əliyev  





Xəbər lenti