“Türkiyə gücləndikcə Azərbaycan da güclənir” – İlham Əliyev

“Türkiyə gücləndikcə Azərbaycan da güclənir” – İlham Əliyev
  10 İyul 2017    Oxunub:2465
“Qardaş Türkiyə torpağında yenidən olmağımdan çox məmnunam. Fürsətdən istifadə edərək qardaş Türkiyə xalqına sülh, rifah, tərəqqi arzulayıram”.
Bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev İstanbulda keçirilən 22-ci Dünya Neft Konqresinin rəsmi açılış mərasimində çıxışı zamanı deyib. Dövlət başçısı Türkiyənin bu gün dünya miqyasında böyük güc, dünya gündəliyinin bir çox məsələlərində həlledici sözə malik olduğunu qeyd edib.

"Bütün bu uğurlar qardaşım Rəcəb Tayyib Ərdoğanın liderliyi altında əldə edilib. Bu gün Türkiyə sürətlə inkişaf edir, Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə şərəfli bir yol keçib. Bugünkü toplantı da bunun təzahürüdür. Türkiyə gücləndikcə Azərbaycan da güclənir, sevinir. Fürsətdən istifadə edərək, Türkiyə xalqına Azərbaycandan bacı və qardaşlarının salamlarını çatdırıram”, - deyə İlham Əliyev vurğulayıb.

“Türkiyə və Azərbaycan bütün məsələlərdə bir-birinin yanındadır, əməkdaşlıq çoxşaxəlidir və bütün sahələri əhatə edir. O cümlədən enerji sahəsində Türkiyə-Azərbaycan birliyi, əməkdaşlığı bir çox önəmli, strateji layihələrin icrasına imkan verib”-deyən dövlət başçısı bildirib ki, bu layihələrin içərisində Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və TANAP layihəsi qeyd edilməlidir:

“Bu layihələr nəinki regionumuzun, dünyanın enerji xəritəsini yenidən tərtib etdi. Azərbaycan qədim neft diyarıdır. Əslində biz hesab edirik ki, Azərbaycan neftin vətənidir. Çünki dünyada sənaye üsulü ilə nefti lk dəfə Azərbaycanda, Bakıda 1846-cı ildə çıxarılıb. Ondan 1 əsr sonra 20-ci əsrində ortalarında dünyada ilk dəfə dənizdə neft Xəzərin Azərbaycan sektorunda Azərbaycan neftçiləri tərəfindən hasil edilib. Ancaq o vaxt Azərbaycan müstəqil deyildi və bəizim təbii sərvətlərimizdən tam istifadə edə billmirdik.

Müstəqillik illərində Azərbaycan xalqı öz taleyinin, sərvətlərinin sahibi oldu və müstəqillik dövründə bu təbii sərvətlər ölkəmizin inkişafına, xalqın rifah halına xidmət etməyə başlayıb. Müstəqilliyimizin ilk illərində, 1994-cü ildə Azərbaycan ilk dəfə Xəzər dənizini xarici sərmayədarların üzünə açdı. 1994-cü ildən Azərbaycanın neft sənayesinə böyük sərmayələr qoyulmağa başlanıb. 1994-cü il həm də ona görə əlamətdardır ki, həmin il “Əsrin müqaviləsi” imzalanıb və bu gün Bakı-Tbilisi-Ceyhan neft kəmərinin doldurulmasında əsas rol oynayır”.

Dövlət başçısı deyib ki, yataq bu gün "Cənub Qaz Dəhlizi" layihəsinin resurs bazasının əsasını təşkil edir. Prezidentin sözlərinə görə, bu gün Azərbaycan neft-qaz hasil və ixrac edən ölkəyə çevrilib.

"Dünya miqyasında ən böyük qaz yataqlarından biri olan və Azərbaycana məxsus "Şahdəniz" 1-1,2 trln. kubmetr ehtiyata malikdir. Azərbaycan dünya bazarlarına çıxış əldə etmək üçün neft-qaz kəmərləri tikməli idi, çünki dünya bazarlarına birbaşa çıxışı yoxdur. Bu məqsədlə 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri inşa edilib. Ondan bir neçə il əvvəl Xəzər dənizini Qara dənizlə birləşdirən Bakı-Supsa neft kəməri tikilib. Beləliklə, Azərbaycanın təbii ehtiyatlarını dünya bazarına çıxarmaq üçün kifayət qədər böyük şəbəkə yaradılıb. 2006-cı ildə Ceyhanda Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılışında qardaşım Rəcəb Tayyib Ərdoğanla bir yerdə iştirak edirdik. O vaxt da biz gələcək planlar barədə düşünür, fikir mübadiləsi aparırdıq. O vaxtdan bu günə qədər bizim bütün planlarımız reallığa çevrildi. Bu gün "Cənub Qaz Dəhlizi" kimi nəhəng layihənin üzərində çalışırıq. Onun da təməli İstanbulda qoyulub. 2012-ci ildə qardaşım Ərdoğanla TANAP layihəsi barədə anlaşma imzaladıq. TANAP layihəsi "Cənub Qaz Dəhlizi" layihəsinin özəyidir. Bu gün "Cənub Qaz Dəhlizi" layihəsi uğurla icra edilir", - deyə ölkə başçısı qeyd edib.

Prezident nəzərə çatdırıb ki, bu layihə 4 hissədən ibarətdir: “Birinci hissə “Şahdəniz” qaz yatağıdır. “Şahdəniz-2” layihəsinin icrası 93 faizə çatıb, yaxın aylarda tam başa çatacaq. İkinci hissə Azərbaycanı Gürcüstanla birləşdirən Cənubi Qafqaz qaz kəməridir. Burada da işlər 87 faiz səviyyədə tamamlanıb. Üçüncü, ən əsas olan TANAP-da tamamlanma səviyyəsi 77 faizdir. Gələn il bu layihənin icrasını qeyd edəcəyik. Nəhayət, dördüncü hissə TAP layihəsidir, burada da icra səviyyəsi 44 faiz səviyyəsindədir. Bütün bu dörd önəmli layihə Cənub Qaz Dəhlizini təşkil edir. Bu layihənin icrası üçün 40 milyard dollar sərmayə tələb olunur, artıq bu sərmayənin böyük hissəsi qoyulub”.

Dövlət başçısı qeyd edib ki, Azərbaycanın təsdiqlənmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir: “Gələcək on illiklər ərzində Azərbaycan qazı həm region, həm də Avropa ölkələrinin tələbatını ödəyəcək. Cənub Qaz Dəhlizin icrasında 7 ölkə – Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliya iştirak edir. 3 Balkan ölkəsi də gələcəkdə bu layihəyə qoşula bilər. Gələcəkdə bu layihənin coğrafiyasını genişləndirəcəyik, çünki bu layihə hər bir ölkəyə fayda gətirən təşəbbüsdür. Layihənin icrası göstərir ki, burada iştirak edən bütün şirkətlər və ölkələr qazanc əldə edir. Biz elə bir gözəl əməkdaşlıq formatı yaratdıq ki, həm hasilatçı ölkə - Azərbaycan, həm tranzit, həm də istehlakçı ölkələr burada ortaq maraqlar əsasında çalışır. Məhz maraqlar balansı bu böyük layihənin uğurlu icrasına gətirib çıxarıb. Texniki, iqtisadi, maliyyə, siyasi məsələlər kifayət qədər çoxdur. Artıq bu gün demək olar ki, Cənub Qaz Dəhlizi layihəsi uğurla icra ediləcək, Azərbaycan bundan sonra uzun illər həm bölgə, həm də Avropa ölkələrini qazla təmin edəcək. Bu gün qaz amili dünyada enerji təhlükəsizliyini təmin edən əsas şərtdir. Bu baxımdan Azərbaycan enerji təhlükəsizliyinin təmin edilməsinə öz töhfəsini verməkdədir. Eyni zamanda Azərbaycan qazı Avropaya nəql ediləcək yeganə yeni qaz mənbəyidir. Çünki bütün qalan qaz mənbələri fəaliyyətdədir. Yeni mənbə yeni xətlə Avropa bazarlarına çıxarılacaq. Bu da enerji şaxələndirilməsi istiqamətində ciddi addımdır”.

AzVision.az


Teqlər: ilham-Əliyev  





Xəbər lenti