Cocuq Mərcanlıda yeni evlərin tikintisi başlayır

Cocuq Mərcanlıda yeni evlərin tikintisi başlayır
  04 İyul 2017    Oxunub:8791
“Bu gündən Cocuq Mərcanlı kəndində əlavə 100 evin tikintisi ilə bağlı təmizləmə işlərinə başlanılıb”.

Bunu AzVision.az-a kəndin sakini Oqtay Həziyev deyib. Onun sözlərin görə, kəndə ağır texnikalar gətirilib.
“Səhər saatlarından başlayaraq əraziyə ağır texnikalar cəlb olunub. Köhnə evlərin qalıqları təmizləndikdən sonra yeni evlərin tikintisi həyata keçiriləcək”.

O.Həziyevin sözlərinə görə, Cocuq Mərcanlı sakinlərinin evlərinə köçürülməsi 2 gün ərzində başa çatacaq.

Qeyd edək ki, birinci mərhələdə kənddə 10 hektar ərazidə 50 fərdi evin və müvafiq infrastrukturun tikintisi aparılıb. Tikilmiş evlərə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən olan və əsasən Bakı şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər köçürüləcək. Ümumi sahəsi 3850 kvadratmetr olan mənzillərin 20-si ikiotaqlı, 25-i üçotaqlı, 5-i isə dördotaqlıdır. Həmin evlərdə 50 ailə yaşayacaq.

Həmçinin iyun ayının 15-də Azərbaycan Prezidenti İlham Əliyev Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində bərpa işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.



Sərəncama əsasən, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində tikinti-bərpa və abadlıq-quruculuq işlərinin davam etdirilməsi, o cümlədən 100 fərdi yaşayış evinin, uşaq bağçasının, həkim məntəqəsinin, digər zəruri sosial və infrastruktur obyektlərinin tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 9,0 (doqquz) milyon manat ayrılıb.



Anar Kəlbiyev
AzVision.az



Teqlər: Cocuq-Mərcanlı   Cəbrayıl  





Xəbər lenti