“İdmançılarımızla fəxr edirik” - İlham Əliyev

“İdmançılarımızla fəxr edirik”  - İlham Əliyev
  23 May 2017    Oxunub:2299
“ “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları uğurla keçib”. AzVision.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri və Azərbaycanın idman ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı deyib.
Ölkə başçısının sözlərinə görə, Azərbaycan oyunlarda növbəti qələbəni qazanıb: “İdmançılarımız oyunlarda 75 qızıl, 50 gümüş, 37 bürünc medal qazanaraq komanda hesabında birinci olub. Bu, böyük tarixi qələbədir. Bu qələbənin çox böyük təməli var. Nəaliyyətlərimiz Azərbaycan dövlətinini inkişaf etdiyini göstərir. Biz idmançılarımzla fəxr edirik. IV İslam Həmrəyliyi Oyunları Azərbaycanda aparılan düşünülmüş siyasətin, o cümlədən idman sahəsindəki siyasətin bəhrəsini verdiyini nümayiş etdirdi. Bu gün idman ölkəmizdə ictimai proseslərdə xüsusi yer tutur. İdmançılara xüsusi münasibət var. Hər bir vətənpərvər insan idmançılarımızın uğurları ilə fəxr edir, qürur hissi keçirir".

Prezident bildirib ki, bu gün ölkədə idmanın ictimai-siyasi proseslərdə yeri xüsusidir: “İdmançılara xüsusi münasibət mövcuddur. Hər bir vətənpərvər vətəndaş idmançılarımızla fəxr edir, qürur hissi keçirir. Oyunların keçirildiyi 10 gün ərzində Azərbaycan cəmiyyəti bir daha birlik, həmrəylik, vətənpərvərlik göstərdi. Oyunlarda idmançılarımızın qələbələri yaxın gələcəkdə uşaqların idman bölmələrinə gəlişini daha da sürətnləndirəcək. IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə keçirilməsi ölkəmizin gücünü göstərir. Oyunların keçirilməsi ilə bağlı artıq Azərbaycan standartları tətbiq olunub. Bu gün Azərbaycan inkişaf edən müasir mütərəqqi güclü dövlət kimi tanınır və idmançıların uğurları bunu bir daha təsdiq edir. Oyunların əsas məqsədlərindən biri dostluğun, əməkdaşlığın gücləndirilməsi idi. Biz buna nail olduq”.

Azərbaycan prezidenti ölkəmizin müsəlman aləmini qərb aləmi ilə birləşdirdiyini vurğulayıb: “Biz IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində İslam dininin mütərəqqiliyini göstərdik. Göstərdik ki, İslam dini elm dinidir, mədəniyyət dinidir, sülh dinidir, mərhəmət dinidir. Biz Azərbaycan xalqının istedadlı nümayəndələrini açılış mərasimində göstərdik. Azərbaycanın zəngin, qədim tarixini, mədəniyyətini bütün İslam aləminə, bütün dünyaya nümayiş etdirdik. Eyni zamanda, bağlanış mərasimi də Azərbaycanı mütərəqqi, müasir ölkə kimi təqdim etdi. Yəni, bu nadir vəhdət bu gün Azərbaycanı dünya miqyasında əvəzolunmaz ölkəyə çevirir. Biz öz milli, dini dəyərlərimizə sadiqik, onları qoruyuruq və qoruyacağıq. Biz dünyaya açığıq, biz müasirik, biz inkişaf edirik və bu önəmli amillər bu gün əslində müasir Azərbaycan dövlətini təcəssüm etdirir. Biz dərin milli-mənəvi köklər üzərində müasir dövlət qururuq, o dövlət ki, indi hər bir vətənpərvər insan öz ölkəsi ilə fəxr edir.

Bizim uğurlarımızın təməlində Vətən sevgisidir və idmançılarımızı da qələbələrə aparan əsas amil budur. Biz görürdük ki, idmançılar necə sevinirlər, xalqımız necə sevinir. Bu on gün ərzində biz bir daha gördük ki, xalqımız, cəmiyyətimiz birdir. Bizi birləşdirən bizim əqidəmizdir, tariximizdir və gələcəyə baxışlarımızdır. Bu gün Azərbaycan dünya miqyasında çox böyük hörmətə layiq olan bir ölkədir. Azərbaycan müsəlman aləmində çox böyük rəğbətə layiq olan bir ölkədir”


İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: İlham-Əliyev   Bakı-2017   İslamiada  





Xəbər lenti