Fransa seçkiləri: Un homme ou une femme? - TƏHLİL

Fransa seçkiləri: Un homme ou une femme? - TƏHLİL
  01 May 2017    Oxunub:3252
Fransada aprelin 23-də baş tutan, 11 namizədin iştirak etdiyi prezident seçkiləri maraqlı nəticə ilə yadda qaldı. İlk turu Makron 23,7% səslə birinci, Le Pen isə 21,7% səslə ikinci sırada bitirdi. Analitiklərinin fikrincə, ikinci turda Makronun seçilmə şansı daha yüksəkdir. Amma bir məqamı da yaddan çıxarmaq olmaz ki, Fiyonun dəstəkçiləri, eləcə də sol elektorat arasında Le Penə səs verənlər var.
Birinci turun bitməsindən sonra keçirilən sorğulara görə, Makronun ikinci mərhələdə 62-64%-lə qələbə çalacağı güman edilir. Maraqlıdır ki, 39 yaşlı gənc siyasətiçi Makron hansısa partiyanın üzvü deyil. Elə bu səbəbdən də Parlamentin siyasi dəstəyini alması çox çətin görünür. O, Avropa İttifaqını dəstəkləyir, şirkətlərə vergi endirimi vəd edir, 35 saatlıq həftəlik iş vaxtının uzadılmasını istəyir və işsizlik faizini 9,7-dən 7%-ə salacağını bildirir.

Nəzərə alsaq ki, I turda uduzan iki namizəd: Fiyon və Hamon tərəfdarlarını Makrona səs verməyə çağırıblar, onun ikinci mərhələdə Le Peni məğlub etməsi şansı yüksək dəyərləndirilməlidir. Lakin istənilən halda sürpizlərə hazır olmaq lazımdır.

Marin Le Penin birinci turda uduzsa da, avropalı eksperlərin vurğuladığı kimi, onun Fransa siyasi mühitində reytinqi günbəgün artmaqdadır. Le Penin vədləri sırasında ilk sırada NATO və Aİ-dən çıxmaq gəlir ki, bu da özlüyündə “Frexit” qorxusu deməkdir. Lakin onun bu vədinin, əgər seçilərsə, nə dərəcədə real olacağı da ayrıca sual doğrur. Çünki ABŞ təcrübəsi göstərdi ki, bəzən sağ təmayüllü namizədlər seçicinin rəğbətini qazanmaq üçün populizmə köklənsələr də, seçildikdən sonra praqmatizmə əsaslanırlar. Axı, nə də olsa, Fransanın oturuşmuş milli maraqları var və Parlament də əsas sözə sahibdir. Aİ-nin qurucularından olan Fransanın oradan çıxması real görünmür.

İkinci faktor isə ondan ibarətdir ki, miqrant axını Avropa sağçılarına, konkret Marin Le Penə seçici toplamaqda böyük dəstək olur. Antimühacir çıxışları onun siyasi partiyasını cəmiyyətdə daha da gücləndirdi. Fransada baş verən son terror hadisələrini də bura əlavə etsək, o zaman məsələnin ciddiliyini daha yaxşı anlamaq olar.

Le Pen açıq-aydın bildirir ki, seçiləcəyi halda Rusiya ilə sıx əməkdaşlıq quracaq. Unutmaq olmaz ki, Putinin müəllimi Aleksandr Duqinin ideoloji və Avrasiyaçılıq baxışılarının Le Penin siyasi görüşlərinə böyük təsiri olub və hazırda da Avropa Parlamentində Rusiyaya dəstək lobbi qruplarının arxasında məhz Marin Le Penin olduğu deyilir. Üstəlik, Rusiya banklarından aldığı 9 milyon avro krediti də bura əlavə etsək, onda Rusiyanın onun üçün necə böyük rol oynadığı görmək olar.

Onun Rusiyaya səfəri və Vladimir Putinlə görüşü bu faktın təsdiqidir. Görüşdə müzakirə olunan məsələlər də Le Penin Moskvaya nə qədər böyük önəm verdiyini göstərdi: məsələn, Aİ və NATO-ya yanaşmada Rusiya ilə bir mövqedən çıxış, terrorizmə qarşı mübarizə, iqtisadi sanksiyların ləğvi, Krımın Rusiyaya aid olmasını tanıyacağına dair vəd, rusafobiyaya qarşı olması və s. O, bildirir ki, “əgər Fransa olaraq milli maraqlarımızı düşünüb, Rusiya ilə münasibətlərimizi bərpa etməsək, onu Çinə üz tutmağa sövq etmiş olacağıq”.

Bütün bunları diqqətə alan Fransa hökuməti qəfildən Suriyadakı kimyəvi silah məsələsinə münasibət bildirdi. Çünki məsələnin kökündə Əsəd-Rusiya faktoru durur. Bu isə dolayı yolla Rusiya ilə əməkdaşlığa can atan Le Peni “vurmaq” və tərəfdaşlığını ləkələməyə hesablanıb. Çünki Fransanın hökumətinin kimyəvi silahla bağlı reaksiyası özlüyündə vaxtsız və yersiz idi.

Briləşmiş Ştatlarda Donald Trampın seçilməsindən sonra Rusiyanın ABŞ seçki sisteminə kiber müdaxiləsi məsələsi gündəmə gəldi. Bunun ardından qısa müddət sonra Fransa Prezident administrasiyası və xarici kəşfiyyat xidmətinin (DGSE) hazırladığı raportlar əsasında müzakirələr keçirildi. Prezident seçkiləri zamanı kənardan ediləcək kibermüdaxilə ilə bağlı ciddi narahatlıq dilə gətirildi. Hətta vəziyyət o dərəcədə ciddiyyə alınmışdı ki, Fransa Prezidenti Olland müdafiə komitəsinin əməkdaşları ilə ayrıca kiber hücum mövzusunu müzakirə etdi. Ümumiyyətlə, Fransada hökumət təxminən 78-80% elektronlaşıb. Bu isə kiber müdaxilə üçün olduqca əlverişli məkan deməkdir.

Fransa xarici kəşfiyyat xidməti (DGSE) seçki zamanı Rusiyanın kiber müdaxilə edəcəyinə inanır. Hələ 2017-cı ilin fevral ayında Fransa xarici işlər naziri Jan-Mark Ayrault açıq şəkildə bəyan etdi ki, seçki zamanı müdaxilə olarsa, buna sərt qarşılıq veriləcək: “Heç bir ölkə, kənar qüvvə Fransanın dövlət rəhbərini seçə bilməz. Heç bir kəs Fransa xalqının seçim imkanlarına müdaxilə edə bilməz, lazım olan hər cür tədbirlər görüləcək. Beynəlxalq hüquqa görə, belə bir addım başqa ölkənin daxili işlərinə qarşımaq kimi qiymətləndirilir, bunu Rusiya daha yaxşı bilir”.

AzVision.az


Teqlər: #Fransa   #Seçki   #Makron   #Le-Pen   #Təhlil  





Xəbər lenti