Deputat: "İlham Əliyev Zəngəzur dəhlizini reallaşdıracaq"

  Deputat:  "İlham Əliyev Zəngəzur dəhlizini reallaşdıracaq"
  23 Aprel 2024    Oxunub:1922
Azərbaycan Prezidenti İlham Əliyevin Moskvaya işgüzar səfəri son vaxtlar regionda yaranmış geosiyasi vəziyyətin düzgün qiymətləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.
Bu gün Milli Məslisdə “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi Azərbaycan- Türkiyə əməkdaşlığına töhfə verməklə yanaşı türk dünyasının sıx inteqrasiyasına da yol açır.

Bununla belə, antimilli ünsürlər son zamanlar yenə də haylarla çiyin-çiyinə verərək Azərbaycan-Türkiyə əlaqələrinə zərbə vurmağa çalışırlar. Cəmiyyətə aşılayırlar ki, guya iki qardaş dövlət artıq fərqli cinahlarda dayanırlar. Bunun sifarişini verənlərin kimliyi isə heç də sirr deyil. Bu sifarişin arxasında Azərbaycan və Türkiyəni Rusiya ilə toqquşdurmağa çalışanlar durur. Cənab İlham Əliyevin Moskvaya dünənki səfəri də göstərdi ki, onların bu cəhdləri əbəsdir.

Hesab edirəm ki, bu səfər işgüzar xarakterli olsa da, əslində aramızdakı əməkdaşlığa ağ səhifədən başlanmasının özülünü qoymaqla tarixi önəm daşıyır. Çünki, iki dövlət arasında əlaqələrin dərinləşməsinə maneçilik törədən faktorlar demək olar ki, aradan qalxıb.

Bu səfər zamanı BAM-ın 50 illik yubiley tədbirlərindən birinin keçirlməsində bir rəmzlik də görürəm. Hələ 19-cu əsrdə planlaşdırlsa da, tikintisinə ötən əsrin 30-cu illərində başlanılan və dəfələrlə yarımçıq saxlanılan bu layihə Ulu Öndərin yüksək təşkilatçılıq bacarığı sayəsində necə ərsəyə gətirildisə, əminəm ki, cənab Prezident də Zəngəzur dəhlizini o cür reallaşdıracaq. Ümid etmək istərdim ki, BAM-dan haradasa 102 dəfə qısa olan bu dəmir yolunun çəkilməsi üçün Rusiya özünün bütün təsir imkanlarını da işə salacaq.

Özəlliklə qeyd etmək istəyirəm ki, Azərbaycan cəmiyyətində Rusiyaya artıq Minsk qrupunun digər həmsədrlərindən daha müsbət yanaşılır. Çünki Rusiya ABŞ və Fransadan fərqli olaraq torpaq bütünlüyümüzü tanıdığını açıq şəkildə dilə gətirib. Özünün hərbi kontingentini vaxtından əvvəl Qarabağdan çıxarmağa başlaması isə sözdə deyilənlərin əməldə də sərgilənməsidir.

Əlbəttə, bu, qarşı tərəfin xeyirxahlığından çox, Azərbaycanın yaratdığı reallıq və atdığı addımların nəticəsidir ki, onların da arasında ötən il bu gün baş verənlər, eləcə də sentyabrın 19-20-də keçirilən lokal antiterror tədbiri həlledici rol oynayıb.

Ötən il bu gün baş verənlər deyərkən mən 2023-cü il aprelin 23-də Laçında sərhəd keçid məntəqəsini qurmasını nəzərdə tuturam. Belə bir addım atmaqla Azərbaycan öz torpaqları üzərində suverenliyini tam təmin etməyə qərarlılığını və bunun üçün bütün risklərə hazır olduğunu göstərdi. Xatırlayırsınızsa regionda “qırmızı xətt” çəkənlərdən tutmuş, onların “şeytan” adlandırdıqlarınadək bütün yırtıcılar ayağa qalxaraq geriyə addım atmamızı istədilər. Amma unudurdular ki, iradə dəmirdirsə, verilən əmrdirsə, o, heç vaxt geriyə oxunmur. Həmin dəmir iradəlinin ötən il bu gün verdiyi əmrin nəticəsi idi ki, Rusiya hərbi kontingenti Qarabağı vaxtından əvvəl tərk etdi. Elə Qazağın dörd kəndinin geri qaytarılmasında da ötən il bu gün atılan addımın rolu az deyil.

Qədim çin mütəfəkkiri və strateqi Sun Tsızı hərb sənətində yüz döyüşdən yüzündə də zəfər çalmağı zirvə saymadığını, zirvənin məqsədinə döyüşsüz çatmaq olduğunu bildirirdi. Müzəffər Ali Baş Komandanımız sözü gedən dörd kəndimizi, onlardan da qabaq Ağdam, Kəlbəcər və Laçın rayonlarını döyüşsüz geri qaytarmaqla iki dəfə məhz belə bir örnək ortaya qoyub.

Bu, əslində təkcə Ermənistan yox, həm də beynəlxalq hüququn ancaq özləri istəyəndə işləməsini, digər hallarda BMT-nin bizə bəlli 4 qətnaməsi kimi yerinə yetirilməməsinə göz yumanların üzərində qələbə idi.

Sonda soruşmaq istəyirəm: “Dörd kəndimizin qaytarılmasını Almatı deklarasiyasına bağlayanlar maraqlıdır, 30 ildə niyə bircə dəfə belə həmin sənədin adını çəkmirdilər? Üç ildə nə baş verdi ki, Almatı deklarasiyası yadlarına düşdü?”.

Sahib Alıyev, Milli Məclisin üzvü
AzVision.az


Teqlər: Prezident   Moskva  





Xəbər lenti