Bərdədə yenə at əti aşkarlandı - Fotolar

17:09   21 Aprel 2017    Oxunub: 271

Aprelin 20-də Daxili İşlər Nazirliyinin Bərdə Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən Bərdə rayon sakini, S. Vurğun küçəsi ev 15-də yaşayan Məmmədov Alim Vəli oğluna məxsus "Qazel" markalı 10-UX-290 dövlət nömrə nişanlı yük avtomobili saxlanılıb və baxış keçirilib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, baxış zamanı avtomobilin yük yerində 4 baş atın başı, atın 16 ədəd ön və arxa ayaqları, 4 baş atın ətdən ayrılmış onurğa sütunu, 4 baş atın ön və arxa ətraflarının ətdən ayrılmış sümükləri, 4 baş at dərisi və 4 baş atın möhtəviyyatla dolu daxili orqanları aşkar olunub.

Bərdə Rayon Baytarlıq İdarəsi və Bərdə zona Baytarlıq Laboratoriyasının əməkdaşlarının iştirakı ilə həmin avtomobildə aşkar olunan at məhsullarından nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

Götürülən nümunələrin laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliklə müvafiq qaydada tədbirlər görüləcək. Hazırda Bərdə Rayon Polis Şöbəsində müvafiq araşdırmalar aparılır.

“DBNX-nın strukturları tərəfindən Bərdə rayon sakini, S. Vurğun küçəsi ev 15-də yaşayan A. Məmmədova dəfələrlə xəbərdarlıq edilsə də, o qanunsuz əməllərini davam etdirir” – deyə məlumatda bildirilib.





AzVision.az

Teqlər: DİN   baytarlıq    


Rubrikanın digər yazıları