Səfirlik güc strukturlarına müraciət edib

Səfirlik güc strukturlarına müraciət edib
  21 Aprel 2017    Oxunub:983
“Son dövrlər Ukraynada içərisində Azərbaycan şirkətlərinə məxsus yüklərin olduğu maşınların oğurlanması faktını ciddi nəzarət altına götürən Azərbaycanın Ukraynadakı səfirliyi, bu ölkənin aidiyyəti qurumlarına yazılı müraciət edərək,baş vermiş cinayət hadisəsinin araşdırılmasını tələb edib”.
Səfirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən xəbərdə bildirilib ki, bununla bağlı Ukraynanın hüquq mühafizə orqanlarının rəhbər şəxsləri ilə telefon əlaqəsi saxlayan səfir Azər Xudiyev onlara Azərbaycan tərəfinin narahatlığını çatdırıb:

“Müraciətə ciddi reaksiya verən Ukrayna Milli Polisinin cinayət axtariş departamentinin rəhbəri, polis polkovnik leytenantı Roman Kravçenko Azərbaycan səfirliyinə gələrək, baş vermiş cinayət hadisəsini Azərbaycan Daxili İşlər Nazirliyinin Ukraynadakı nümayəndəsi, polis polkovniki Şahin Qocayevlə müzakirə edib. Görüş zamanı içərisində Azərbaycanın "Araz Supermarket MMC","Azərsun Holdinq", "Veysəloğlu" və digər şirkətlərinə məxsus yüklərin olduğu maşınların qeyri müəyyən istiqamətə gedərək ünvanına çatdırılmaması faktı müzakirə edilirək, bununla bağlı təxirəsalınmaz tədbirlərin görülməsinin zəruriliyi vurğulanıb.

Roman Kravçenko son dövrlər internetdə yüklərin ucuz daşınmasını təklif edən fırıldaqçı qruplar tərəfindən bir neçə belə hadisənin qeydə alındığını nəzərə çatdıraraq, bununla bağlı ciddi araşdırmaların aparıldığını qeyd edib. O, tezliklə dələduzların aşkarlanacağını və Azərbaycan şirkətlərinə məxsus yüklərin tapılaraq özlərinə qaytarılması üçün ciddi tədbirlərin görüldüyünü bildirib.

Azərbaycanın Ukrayndakı səfirliyi Ukrayna ilə işləyən Azərbaycan şirkətlərinin rəhbərlərini, son dövrlər internet üzərindən xaricə daşınan malları ucuz qiymətə təklif edən saxta və fırıldaqçı firmaların şirnikləndirici təkliflərinə uymamağa çağırır və onları ciddi logistika xidməti ilə məşğul olan şirkətlərlə çalışmalarını tövsiyyə edir”-deyə, məlumatda deyilir.

AzVision.az


Teqlər: Ukrayna   Azərbaycan  





Xəbər lenti