9 yaşında övladlığa verilən məşhur: O, həm də deputat olub...

9 yaşında övladlığa verilən məşhur: O, həm də deputat olub...
  14 Aprel 2017    Oxunub:8454
Bu gün Azərbaycanda ilk professional teatr təhsili almış aktrisası Fatma Qədrinin 110 illiyi tamam olur. AzVision.az xəbər verir ki, səhnəmizin ilk peşəkar aktrisalarından olan Fatma Qədri 14 aprel 1907-ci ildə Qərbi Rusiyanın Odessa şəhərində çoxuşaqlı, kasıb ailədə doğulub.
Balaca Fatmaya təhsil verməyə imkanı olmayan ailə onu 9 yaşında dindar bir qadının himayəsinə verib. Həmin qadının sayəsində Fatma Qədri mədrəsədə iki il təhsil alıb, dini adət-ənənəni, şəriət qayda-qanunlarını öyrənib. 11 yaşından isə rus xalq məktəbinə gedib.

Gözəl oxumaq qabiliyyəti ilə sinif yoldaşlarından seçilən Fatma həmin günləri belə xatırlayırmış:"Həmyaşıdlarım al-əlvan geyinib gəzintiyə çıxanda mən evimizdə için-için ağlayardım. Gecə-gündüz Allaha yalvarardım ki, ya canımı alsın, ya da bəxtimi açsın".



Tale yeniyetmə Fatmanın üzünə gülüb. On dörd yaşı olarkən ailəsi Bakıya köçüb. Gələcəyin aktrisası Azərbaycan Teatr Texnikumunun ilk buraxılışında aktyor diplomu alıb.

Onun ehtiyaclarının qismən ödənilməsində məktəbin direktoru Şövkət Məmmədova yaxından kömək edib. Fatma Qədiri A.Tuqanov, A.Muradov kimi teatr xadimlərindən dərs alıb.

O, eyni zamanda paralel olaraq Ali Qadın Pedaqoji İnstitutunda da təhsilini davam etdirib. Səhnə fəaliyyətinə 1927-ci ildə Bakı Türk İşçi Teatrında başlayıb, burada Nübar ("Cancur Səməd", M.Əfəndiyev, J.B.Molyerin "Zorən xəstə" əsərinin təbdili), Sürucuin ("Hind qızı", Ə.Hamid), Oa-Şen ("Çin tanrısı", F.Pavlovun "Tunc büt" əsəri üzrə),Gülüş və Sevil ("Sevil", C.Cabbarlı), Xumar ("Şeyx Sənan", H.Cavid), Esmeralda ("Paris Notrdam kilsəsi", V.Hüqonun eyniadlı əsəri üzrə), Gülbahar ("Anamın kitabı", C.Məmmədquluzadə) kimi səhnə obrazları
yaradıb.

1932-1935-ci illərdə Bakı Rus Dram Teatrında fəaliyyətini davam etdirən aktrisa burada Janna Barbie ("İntervensiya"), Raya ("Özgə uşağı"), Solmaz ("Od gəlini"), Sona ("1905-ci ildə"), Baroneasa Ştral ("Maskarad") rollarınında oynayıb.



1933-cü ildən sonra Teatr Texnikumunda, Azərbaycan Dövlət Konservatoriyasında, Teatr İnstitutunda aktyorluqdan dərs deyib.

1935-ci ildə respublikanın əməkdar artisti fəxri adına layiq görülən Fatma Qədiri elə həmin ildən fəaliyyətini Azərbaycan Milli Dram Teatrında davam etdirib. Burada Maşa ("Dubrovski", A.S.Puşkin), Xuraman ("Vaqif", S.Vurğun), Cülyetta,Emiliya ("Romeo və Cülyetta", "Otello", U.Şekspir), Luiza ("Məkr vəməhəbbət", F.Şiller), Larisa, Katerina ("Cehizsiz qız", "Tufan",A.Ostrovski), Polina ("Ögey ana", O.Balzak), Gültəkin ("Aydın", C.Cabbarlı), Məhəbbət ("Məhəbbət", M.İbrahimov) obrazlarında çıxış edib.

Gənclərlə işləməyi sevən aktrisa uzun illər hazırkı Bakı Dövlət Universitetində dram dərnəyinin rəhbəri olub dəfələrlə yerli Sovetlərə deputat seçilib. Bir çox medallarla təltif olunan aktirsa Xalq artisti fəxri adına da layiq görülüb.

Azərbaycan teatrının inkişafında əvəzssiz rolu olan Fatma Qədiri 1968-ci ildə 60 yaşında Bakıda həyatla vidalaşıb.

Şahanə Rəhimli


Teqlər: İncəsənət   Akrtisa  





Xəbər lenti