"Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb" - Prezident

14:31   18 Mart 2017    Oxunub: 911

“İqtisadi vəziyyətimiz yaxşılaşır. Keçən il, - mən ötən il burada demişdim, - iqtisadi sabitləşmə, dərin iqtisadi islahatlar ili idi. Bu islahatlar öz bəhrəsini verməyə başlamışdır. Bu il isə artıq inkişaf ilidir. İlin iki ayının göstəriciləri bunu təsdiqləyir. Böyük olmasa da, iqtisadi artım var”.

AzVision.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev bu gün Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə keçirilən ümumxalq şənliyində çıxışı zamanı deyib.

“Ümumi daxili məhsul 0,4 faiz artıbdır. Qeyri-neft sənayemiz isə 5 faiz, kənd təsərrüfatı 3 faizdən çox artıb. Yəni, bu, iqtisadi inkişafımızın əsas göstəriciləridir. Neft-qaz ixrac edən bir çox başqa ölkələrdən fərqli olaraq, keçən il biz öz valyuta ehtiyatlarımızı qoruya bilmişik, xərcləməmişik. Halbuki, xərcləyə bilərdik. Ancaq biz ölkəmizin uzunmüddətli maraqları haqqında düşünürük. Biz hər il valyuta ehtiyatlarımızı artırmalıyıq. Buna nail oluruq. Bu gün bizim valyuta ehtiyatlarımız xarici borcumuzdan beş dəfədən çox artıqdır. Bəlkə də dünya miqyasında çox az ölkə tapılar ki, bu göstərici bu səviyyədə olsun. Bizim iqtisadi inkişafımız Davos Dünya İqtisadi Forumu tərəfindən də yüksək qiymətləndirilib. Bu il ölkələrin iqtisadiyyatlarının rəqabətqabiliyyətliliyinə görə Azərbaycan 37-ci yerə layiq görülüb. Keçən il biz 40-cı yerdə idik. Yəni, bu, onu göstərir ki, hətta neftin qiymətinin kəskin düşməsinə baxmayaraq, Dünya İqtisadi Forumu bizim iqtisadiyyatımızı daha da yüksək pilləyə qaldırıb. Əlbəttə ki, dünya miqyasında iqtisadi rəqabətliliyə görə, ən inkişaf etmiş 40 ölkə sırasında olmağımız uğurlu iqtisadi siyasətimizi əks etdirir. Onu göstərir ki, biz bu uğuru təkcə neft, qaz hesabına deyil, ciddi şaxələndirmə və islahatlar hesabına əldə etmişik”.

Prezident bildirib ki, Davos Forumunun ikinci önəmli reytinqi inkişafda olan ölkələrin inkişaf səviyyəsidir: “Biz burada da bütün inkişaf edən ölkələr arasında birinci-ikinci yerləri bölüşürük. Bu, bizim siyasətimizə, iqtisadi siyasətimizə verilən ən gözəl qiymətdir. Əminəm ki, bu il iqtisadi inkişaf davam etdiriləcək. Çox böyük planlarımız var. İnvestisiya proqramı real sektorun inkişafına xidmət göstərəcək. Bu il kənd təsərrüfatında il ərzində 150 min hektardan çox torpağa su veriləcək. Bu, 100 minlərlə iş yerinin yaradılması deməkdir. Bu, kənd təsərrüfatının və ixracın artırılması deməkdir. Biz ilin iki ayında ancaq dövlət sektorunda 40 mindən çox yeni iş yeri yaratmışıq. Nəyə görə? Ona görə ki, işsizlik artmasın. Çünki keçən il dövlət investisiyaları azalmışdır, xüsusilə tikinti sektorunda. Bəzi vətəndaşlar işlərini itirmişlər. Bank sektorunda da problemlər yaşandı. Bəzi banklar bağlandı, vətəndaşlar işlərini itirdilər. Ona görə, mən biznes qurumlarına da çağırış etdim ki, hər bir şirkət heç olmasa bir-iki nəfəri işə götürsün. Bəlkə bu, onlara o qədər də lazım deyil, ancaq biznes də sosial məsuliyyətini dərk etməlidir. Bizim dövlət şirkətlərimiz və yerli icra orqanları üçün xüsusi büdcə ayrılıb. İndi 40 mindən çox insan ictimai işlərə və digər təmir-tikinti işlərinə cəlb edilib. Ona görə, əminəm ki, bu il Azərbaycan öz iqtisadi inkişafını davam etdirəcək”.

Ilham Əliyev əlavə edib ki, sosial sahədə də böyük planlar var: “Bu il ənənəvi olaraq beş milyon insan pulsuz diaqnostikadan, müayinədən keçir. Hesab edirəm ki, bu da dünya miqyasında nadir təşəbbüsdür. Artıq bunu etmək üçün hər cür imkan var. Hər bir rayonda müasir tibb müəssisələri yaradılıb. Son illər ərzində 600-dən çox tibb ocağı təmir olunub və tikilib.

Biz bu il İslam Həmrəyliyi Oyunlarını keçirəcəyik. Bu, növbəti dəfə ölkəmizin potensialını göstərəcək və eyni zamanda, İslam həmrəyliyinə də növbəti töhfəmiz olacaq. Çünki buna böyük ehtiyac var. Bu Oyunlar təkcə idman yarışı deyil. Bu Oyunlar bütün İslam aləmini bir araya gətirəcək. Əfsuslar olsun ki, bəzi müsəlman ölkələri arasında münasibətlər, yumşaq desək, lazımi səviyyədə deyil. Azərbaycan isə çalışır ki, müsəlman aləmində birlik möhkəmlənsin, güclənsin. Bu, bizim ailəmizdir. Biz bu ailənin üzvüyük. Ona görə, biz istəyirik ki, bu ailədə əmin-amanlıq, inkişaf olsun, müharibələrə, münaqişələrə son qoyulsun.

Yəni, biz uğurlu siyasətimizlə ölkəmizi gücləndiririk. Əgər bütün tariximizi götürsək, Azərbaycan heç vaxt indiki qədər güclü olmamışdır. Bizim uğurlu siyasətimiz, regional təşəbbüslər, enerji, nəqliyyat layihələri geniş mənada beynəlxalq əməkdaşlığı formalaşdırır. Biz beynəlxalq əməkdaşlığa öz fəlsəfəmizi gətirmişik. Beynəlxalq əməkdaşlıq hər bir iştirakçı üçün uğurlu olmalıdır. Bu, zorla ola bilməz. Heç bir ölkəni zorla, məcburən hansısa təşəbbüsə cəlb etmək olmaz. Bunun heç bir effekti olmayacaq. Ölkələr bəlkə buna müqavimət göstərə bilmirlər, ancaq daxilən narahat olacaqlar ki, onları nəyəsə məcbur edirlər. Ona görə, bizim beynəlxalq əməkdaşlıq doktrinamız əməkdaşlıq və qarşılıqlı dəstək üzərində qurulub. Məhz buna görə biz Cənub Qaz Dəhlizi kimi həm maliyyə, həm texniki, həm siyasi cəhətdən mürəkkəb olan bir layihəni icra edirik. Üçüncü dəfədir ki, Bakıda Məşvərət Şurası keçirilib və iştirak edən bütün ölkələr öz mənfəət payını alacaqlar. Biz bir çox layihələri icra etmişik və vəsait də xərcləmişik. Əlbəttə, bu vəsait həm vəsait olaraq, həm siyasi divident kimi qayıdacaq, həm də ki, bölgədə yeni əməkdaşlıq mühiti yaranmışdır”.

Prezident qeyd edib ki, Azərbaycan bütün bu önəmli nəqliyyat və enerji layihələrinin təşəbbüskarıdır: “Vaxt keçdikcə dünyada ölkəmiz haqqında daha da dolğun məlumat yayılır. Bizə böhtan, şər atan, bizə pis gözlə baxan qüvvələr yavaş-yavaş sıradan çıxırlar. Artıq onların bir çoxu siyasi səhnədən kənarlaşdırılıb. İndi dünyada yeni inkişaf dinamikası yaranır. Azərbaycan müasir, müstəqil, inkişafda olan ölkə kimi dünyada daha çox tanınır”.

AzVision.az

Teqlər: Azərbaycan   Prezident   Novruz    


Rubrikanın digər yazıları