AMEA-da ciddi kadr dəyişikliyi aparıldı
İclasda AMEA-nın İqtisadiyyat və Folklor institutlarında direktor vəzifəsinə seçkilərin keçirilməsi haqqında məsələyə də baxılıb. İnstitutların aid olduğu elmi bölmələrə seçkilərin müəyyən olunmuş qaydada həyata keçirilməsini təmin etmək tapşırılıb.
Gündəlikdə əksini tapan digər məsələlər akademik Bahadur Zeynalovun 100 illik, AMEA-nın müxbir üzvü Xudu Məmmədovun isə 90 illik yubileyləri haqqında olub. Azərbaycan elminin inkişafındakı xidmətlərini nəzərə alaraq, Rəyasət Heyəti alimlərin yubileyinə həsr olunmuş iclas və Beynəlxalq elmi konfransların keçirilməsi barədə qərar verib.
Tədbirdə Rəyasət Heyəti AMEA-nın Nizami adına Ədəbiyyat və Memarlıq və İncəsənət institutlarının strukturunda dəyişiklik edilməsi haqqında qərar qəbul edib. Digər qərarlarla, Məhəmməd Füzuli adına Əlyazmalar, Nəsimi adına Dilçilik, Nizami adına Ədəbiyyat, Folklor, Memarlıq və İncəsənət institutlarının strukturunda İctimaiyyətlə əlaqələr şöbəsi yaradılıb.
Sonda kadr məsələlərinə baxılıb. Aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev AMEA-nın Yüksək Texnologiyalar Parkının direktoru, texnika elmləri üzrə fəlsəfə doktoru Sənan Abdullayev AMEA-nın Elm və Texnologiyalar Parkı MMC-nin direktoru təyin olunublar.
AMEA-nın Biofizika İnstitutuna biologiya üzrə elmlər doktoru Kərim Qasımov elmi işlər üzrə direktor müavini, tibb üzrə fəlsəfə doktoru Azad Əbdürrəhimov isə innovasiya və transfer üzrə direktor müavini təyin olunublar. Bundan başqa fəlsəfə üzrə fəlsəfə doktoru Rahil Nəcəfov Qafqazşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev Elm Tarixi İnstitutunun elmi katibi və tarix üzrə fəlsəfə doktoru İradə Əliyeva isə Abbasqulu ağa Bakıxanov adına Tarix İnstitutunun elmi katibi vəzifələrinə təyin olunublar.
AzVision.az