Kerri Putin və Əsədi müharibə ilə hədələdi

Kerri Putin və Əsədi müharibə ilə hədələdi
  13 Fevral 2016    Oxunub:2450
Dəməşq rəhbərliyi, Rusiya və İran atəşkəs haqqında razılaşmaya əməl etməsə, bu, Suriyaya `əlavə yerüstü qüvvələrin` cəlb olunması ilə nəticələnə bilər.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Con Kerri `Orient` telekanalına müsahibəsində bildirib.

“Əgər Əsəd öz öhdəliklərini yerinə yetirməsə, iranlılar və ruslar söz verdikləri kimi onu bu öhdəlikləri etməyə məcbur etməsə, onda dünya birliyinin üzvləri təbii ki, sakitcə oturub baş verənləri axmaq kimi izləməyəcək”, - deyə Kerri vurğulayıb.

Dövlət katibi, həmçinin rəsmi Moskvadan atəşkəsin elan olunduğu əraziləri bombalamaqdan imtina etməyi tələb edərək, yenidən Rusiyanı Suriyada vətəndaş obyektlərini məhv etməkdə ittiham edib.

Kerri eyni zamanda `Hizbullah` və İrandan olan şiə üsyançıların Əsəd tərəfdə vuruşmasına qarşı çıxaraq, onların Suriyadan çıxarılmasını tələb edib.

Bundan əlavə, ABŞ rəsmisi Suriyanın ərazi bütövlüyünün saxlanması üçün siyasi həll yolu tapmağa dair çağırış edib. Əsədin gələcəyindən danışan Kerri xatırladıb ki, ABŞ və tərəfdaşları onun istefası olmadan Suriyada sülhün bərqərar olmasına inanmır: “Biz hesab edirik ki, Əsəd ədalətli seçkilər keçirəcəyini elan etməklə hakimiyyətin ötürülməsi prosesinə yardım etməlidir. Yalnız belə olan halda o, ölkəsinin bərpa olunmasına yardım edə bilər”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti