Valyuta axınında 20 faizlik rüsum ləğv edildi

Valyuta axınında 20 faizlik rüsum ləğv edildi
  10 Fevral 2016    Oxunub:3245
Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev sahibkarların çoxsaylı müraciətlərini nəzərə alaraq “Valyuta tənzimi haqqında” qanun layihəsini imzalanmadan Milli Məclisə geri qaytarıb.

Sözügedən qanunda nəzərdə tutulan dəyişikliyə əsasən bəzi şəxslər istisna olmaqla, rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər tərəfindən Azərbaycandan kənara xarici valyutanın köçürülməsi üçün əməliyyat məbləğinin 20 faizi miqdarında icbari yığımın tam məbləğdə dövlət büdcəsinə ödənilməsi tələb olunurdu.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsini üzvü, deputat Vahid Əhmədov AzVision.az-a açıqlamasında bu məsələnin ötən gün parlmentin mətbuata qapalı keçirilən komitə iclasında müzakirə edildiyini bildirib.

“Dəyişikliklər sahibkarlar üçün çətinliklər yaradacaqdı. Hüquqi və fiziki şəxs 50 min dollardan yuxarı vəsaiti xaricə köçürürsə, 20 faiz vergi ödəməli idi. Bu da müəyyən problemlər yaradacaqdı. 20 faizlik yığım hüquqi və fiziki şəxslərin, sahibkarların pul köçürməsinə ciddi maneədir. Əgər sahibkar xaricə 100 min manat köçürürə, bunun 20 faizini verməlidir. Bu, indiki şəraitdə sahibkarlığın inkişafına mane ola və pul köçürməsində müəyyən problem yarada bilərdi. Bununla əlaqədar prezidentə çoxsaylı müraciət daxil olunub. Ona görə də qanun layihəsi ölkə başçısı tərəfindən imzalanmadan Milli Məclisə geri qaytarıb”.

Deputatın sözlərinə görə, komitənin razılığı ilə sahibkarlara tətbiq olunacaq 20 faizlik yığım ləğv olunub.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti