`Saakaşvilinin vaxtında qorxu içində yaşayırdıq` - Azərbaycanlı deputat

`Saakaşvilinin vaxtında qorxu içində yaşayırdıq` - Azərbaycanlı deputat
  09 Fevral 2016    Oxunub:4516
“Azərbaycanla Gürcüstan arasında ciddi problem yoxdur. Bəzi qüvvələr ölkələrimiz arasında münasibətləri pozmaq üçün çalışırlar”.

Bunu AzVision.az-a açıqlamasında Gürcüstan Parlamentinin azərbaycanlı deputatı Əli Məmmədov bildirib.

“Azərbaycanla Gürcüstanın dostluğunu pozmaq istəyirlər. Bu kimi cəhdlər həmişə olub. Kiçim problemlər ola bilər, bunlar ölkə rəhbərləri tərəfindən aradan qaldırılacaq”-deyə qeyd edən deputat Gürcüstanda yaşayan azərbaycanlılara qarşı yerli hakimiyyət tərəfindən normal münasibət göstərildiyini söyləyib.

“Gürcüstanda yaşayan bütün millətlərin problemi var. Bu ölkədə yaşayan azərbaycanlılar işsizlikdən əziyyət çəkdikləri kimi, gürcülərdə eyni vəziyyətdədirlər. Gürcüstanda yaşayan azərbaycanlıların böyük əksəriyyəti kənd təsərrüfatı ilə məşğul olur. Əvvəllər onlar məhsullarını Rusiya bazarına çıxarırdılar. İndi Rusiya bazarlarına çıxış yoxdur. Bu da insanların işini çətinləşdirib”.

Əli Məmmədovun sözlərinə görə, Saakaşvilidən fərqli olaraq Marqvelaşvili bu ölkədə yaşayan azərbaycanlıların problemləri ilə yaxından maraqlanır.

“Gürcüstan kəndlərində yol, qaz problemi artıq aradan qaldırılıb. Uzun illər Gürcüstan azərbaycanlılarının təhsillə bağlı problemləri var idi. Bu problemin həllində hazırkı iqtidarın böyük rolu var. Gürcüstanda azsaylı millətlərin ali məktəblərə qəbul olmasında güzəştlər edilir. Saakaşvilinin hakimiyyəti dövründə biz azərbaycanlılar qorxu içində yaşayırdıq. İndi isə vəziyyət daha yaxşıdır. Azad söz, mətbuat var”-deyə Əli Məmmədov bildirib.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti