Naxçıvanda jurnalistlər birbaşa nazirə zəng vura bilirlər

Naxçıvanda jurnalistlər birbaşa nazirə zəng vura bilirlər
  22 İyul 2015    Oxunub:5683
Səməd Canbaxşıyev
Naxçıvan

140 ildir ki, Azərbaycan mətbuatı ölkədə və dünyada baş verənləri oxuculara çatdırır. Bu 140 il ərzində Azərbaycanın özünəməxsus jurnalistikası yaranıb. Etraf edək ki, hər bir regionumuzda mətbuat sürətlə inkişaf edir. Region qəzetləri, televiziyaları paytaxt mediasından geri qalmır.

Bu illər ərzində özünəməxsus şəkildə inkişaf edən Naxçıvan mətbuatı da var. 1921-ci ildə təməli qoyulan “Şərq qapısı” qəzeti 94 ildir ki, muxtar respublikanın əhalisinə xidmət edir. Bu illər ərzində qəzetin yetişdirdiyi jurnalist kadrlarının çoxu ölkə səviyyəsində tanınan mütəxəssislərə çevrilib. Azərbaycanda minlərlə qəzet, jurnal və digər mətbuat nümunələri olsa da, yenə də Naxçıvan jurnalistikası hamının diqqətindədir. Bəziləri bu mətbuatın yeknəsək olduğunu yazır, bəziləri isə ən yüksək məqamlarda Naxçıvandakı televiziya və mətbuatı ölkə üçün nümunə çəkir. Bəs əsl həqiqət nədir?

Həsən bəy Zərdabi qəzeti millətin aynasına bənzədirdi, Mirzə Cəlil qələmin müqəddəs məqsədini xalqa xidmətdə görürdü. Bu prinsiplər indi özünü “müstəqil media” adlandıran bir çox KİV-lərdə tamailə unudulub. Qərəzli və sifarişli yazılar yazan, kimisə hədəfə cevirən və KİV-i `dörüdüncü hakimiyyət` deyil, reket dəstəsinə döndərənlər üçün təbii ki, yuxarıda deyilənlər həqiqətdən çox uzaqdır. Amma Naxçıvan mediası yarandığı ilk gündən xalqa və ən əsası, dövlətçiliyə xidmət edən bir qüvvə olub.

Bilirəm, indi bəziləri artıq dünyada dövlətdən asılı olmayan KİV-lərin zamanı olduğunu, müstəqil fəaliyyət göstərən media qurumlarının populyar olduğunu deyəcək. Ancaq yenə də unutmaq olmaz ki, o KİV-ləri də kimsə maliyyə dəstəyilə yaradıb və öz məqsədinə xidmət etmək üçün onlara vəsait ayırır.

Naxçıvan mediasının bugünkü mövqeyi sadəcə bir prinsipdən – vətənpərvərlikdən irəli gəlir. Bu mediada konkret məqsədlər hələ onillər əvvəl, müstəqillik qazandığımız zamandan ortaya qoyulub. Hər bir həqiqəti tam dəqiqliyi ilə auditoriyaya çatdırmaq prinsipi Naxçıvanda fəaliyyət göstərən hər bir jurnalistin peşə kredosudur. Naxçıvan yeganə yerdir ki, burda məlumatı telefon vasitəsilə birbaşa nazirlərin özlərindən almaq mümkündür.

Uzun illərdir ki, Azərbaycanın bütöv ərazisindən ayrı düşən, hər tərəfdən heç də bizə dost olmayan dövlətlərlə əhatələnən Naxçıvanda öznüqoruma instinktini təbliğ edən vasitələrdən biri də məhz mediadır. Ən çətin anlarda belə xalqa təmkinli olmağı, dövlətə, onun başçısına, ordusuna arxalanmağı təbliğ edən bir media varsa, o da Naxçıvan mətbuatı olub.

1990-cı ilin əvvələrində Ermənistanın ölkəmizə təcavüzü zamanı paytaxtın bəzi media qurumları cəbhədən xalqı təşvişə salan qorxuducu xəbərlərlə camaat arasında xof yaradırdı. Özü də bilmədən yalnış təbliğat aparan bu qurumlar xalqın inamını qırır, cəbhə bölgəsindən efirə verilən dəhşətli görüntülərlə ümidsizlik yaradırdılar. Amma həmin illərdən başlayaraq Naxçıvan mediası döyüş bölgələrində camaatın sabit şəkildə yaşadığını, hətta bəzi kəndlərdə ermənilərin gülləboranından sonra əhalinin əkin-biçin işlərilə məşğul olduğunu təbliğ edirdi.

Bu günsə Muxtar Respulikanın blokada şəraitində inkişafı, sürətli tərəqqisi Naxçıvan mediasının diqqətindədir. Çünki, düşmənlə təkcə fiziki cəhətdən müharibə aparılmır, həm də informasiya savaşı gedir. Bu gün Naxçıvan mediası məhz bu missiyanı öz üzərinə götürüb.

Bura qərəzli məqsədlə gəlib Naxçıvandan nəsə tənqidi bir material hazırlamaq istəyənlər belə, həqiqətləri etiraf etməyə bilmirlər. Çünki burda xalq, dövlət və media birliyi var. Bu tandem isə hadisələrin əsl mahiyyətini və həqiqəti tez bir zamanda ortaya qoymağa imkan verir.

İndi Muxtar Respublikada 2 televiziya, 10-a yaxın qəzet fəaliyyət göstərir. Bəli, burada ucuz şou proqramlar, bir-birini təhqir etmək üçün yarışan insanların səviyyəsiz söhbətlərini efirdə görmək mümkün deyil. Ya da, 18 yaşdan yuxarı insanlar üçün nəzərdə tutulan, lakin kütləvi şəkildə satılan, əxlaqsızlığı yayan qəzetlər, jurnallar da yoxdur. Burada Azərbaycan xalqının milli-mənəvi dəyərlərini, tarixi ənənələrini qorumağı öz prinsipinə çevirən KİV var. Burda paytaxt televiziyalarının, digər KİV-lərin müxbir postları var. Hamının da məqsədi birdir - Naxçıvanla bağlı həqiqətlərin dünyaya çatdırılması.

İndi Naxçıvandakı bütün media qurumalrını əsl mənada bir əsgərə bənzətmək olar - öz qələmi, kamerası, mikrofonu ilə düşmənə qarşı informasiya müharibəsilə döyüşən bir əsgərə. Bəlkə elə, bəzi insanlarda Naxçıvan mediasına qarşı yaranan qısğanclığın da səbəb budur?
Bayramınız mübarək , Naxçvanın media təmsilçiləri!


Teqlər:  





Xəbər lenti