Yunanıstan nağılı: defolta aparan yol – FƏRQLİ TƏHLİL

Yunanıstan nağılı: defolta aparan yol – FƏRQLİ TƏHLİL
  02 İyul 2015    Oxunub:9694
Rəşad Həsənov
Deakin Universitetinin doktorantı, Melburn, Avstraliya
AzVision.az üçün

Biri var idi, biri yox idi. Aralıq dənizinin sahillərində varlı bir ailə var idi. Bu ailənin də bir neçə uğurlu, savadlı, çalışqan övladı var idi. Ailənin ən cavanı isə, Hellas adlı oğlan idi. Bu cavanın sabit işi və gəliri olmasa da, çox pul xərcləməyi sevirdi.


Hellas illər boyu qardaşlarından və dostlarından borc ala-ala dolanır. Lakin bu barədə valideynlərinə heç nə demir. Əksinə, ata-anasına deyir ki, işləri qaydasında gedir və yaxşı pul qazana bilir. Əslində isə, o, borca aldığı pulu hansısa bir pul gətirən işə sərf etmir, ancaq gözəl həyat yaşamağa, sevgilisi Olimpiada ilə xoş günlər keçirməyə xərcləyirdi. Beləliklə, borclar boğazdan yuxarı çatırdı. Hellasa borc verən dostları isə onun varlı ailədən olduğunu bilir, “bir problem olsa ata-anasından istəyərik” deyə fikirləşirdilər.

Günlərin bir günü Amerika adlı əjdaha yerindən tərpənməyə başlayır. Tərpəniş nəticəsində okeanda sunami başlayır və bu sunami Avropaya, o cümlədən Aralıq dənizinin sahillərinə qədər gəlib çatır. Nəticədə bir çox insanların güzəranı pisləşir, hamının işləri tərs gətirməyə başlayır. Hellas yenə də həmişəki kimi borc üçün dostlarına üz tutur. Bu dəfə borc istədiyi dostları deyir ki, “mən ölüm, əlim aşağıdı, borc verə bilmərəm”. Lakin problem bununla birmir. İndi cavan oğlan nəinki yeni borc almaqda çətinlik çəkir, digər tərəfdən köhnə borc aldığı dostları belə öz pullarını geri tələb etməyə başlayırlar.

Çarəsiz qalan cavan məcbur olub əhvalatı ata-anasına danışır. Ailə bu xəbərə qəzəblənsə də, oğluna kömək etmək qərarına gəlir. Beləliklə, borcunu geri istəyən dostların bir hissəsinin borcunu qaytarır, digər bir qisminin borcunu danışıqlar yolu ilə azaldır.

Ancaq valideynləri bunun qarşılığında Hellasa sərt xəbərdarlıq edir: “Əgər bir iş görüb, pul qazanmasan, pul xərcləməkdə davam etsən, bir də səni xilas etməyəcəyik!”

Bundan təlaşa düşən cavan müəyyən addımlar atmağa başlayır. Hətta bir müddət gəlir də əldə edir. Ancaq bu uğur davamlı olmur. Çünki valideynləri Hellasın əlindən bütün pulunu alıb (olmayan pulunu), ona iş qurmağı tapşırmışdı. Bu isə mümkünsüzdür. Hellas yenə birtəhər borc-xərc ilə dolanmağa davam edir. Beləcə beş il keçir. Hellas nə öz borclarını bağlaya bilir, nə də gördüyü işlərlə ata-anasını razı sala bilir.

Günlərin bir günü valideynlər əsəbləşir və deyir: “Bir həftə ərzində bizə konkret bir plan göstərməlisən. Ya da bizim dediyimizlə oturub-durub, ürəyin istəməyən iş də olsa görməlisən. Əks halda səni övladlıqdan məhrum edirik!”

Hellas çox pis olur. Valideynlərinə “bir müddət fikirləşim, cavab verəcəm” deyir.

Nağıldan ayrılaraq real həyata qayıdaq. Bax, Yunanıstan indi fikirləşir. Bazar günü keçiriləcək referendumda xalq qərar verəcək: ya Avropa Birliyi, Avropa Mərkəzi Bankı və Beynəlxalq Valyuta Fondunun dedikləri ilə oturub duracaq, pensiyaları daha da kəsib, vergiləri artıracaq; ya da avrozonanı tərk edəcək (övladlıqdan məhrum olacaqlar). Bunun isə həm Yunanıstan, həm də Avropa üçün çox pis nəticələri ola bilər. Axı övladını küçəyə atan valideyn necə xoşbəxt ola bilər?

Reallıqda baş verənləri isə belə xülasə etmək olar.

Yunanıstan avrozonaya daxil olmaq üçün qoyulan şərtləri yerinə yetirə bilmədiyindən 1999-cu ildə yaradılan bu valyuta birliyinə üzv qəbul edilmədi. İki il ərzində ölkə iqtisadiyyatında müəyyən islahatlar apardıqdan (və sonradan məlum olduğu kimi, dövlət statistikasını saxtalaşdırdıqdan və Avropa Birliyinə yalançı statistika təqdim etdikdən) sonra, ölkə 2001-ci ildə Avrozonaya üzv oldu (valideynlərə yalan demə mərhələsi).

2008-ci ildə başlayan Qlobal Maliyyə Böhranından sonra onsuz da güclü olmayan Yunanıstan iqtisadiyyatı çökməyə başladı (Amerika əjdahasının oyanması). Səbəb nə idi? Təsəvvür edin, illərlə ölkənin gəlirləri - vergi yığımı, ixracı aşağı olur və digər tərəfdən, xərcləri yuxarı. Belə olduqda, ölkə qazandığından çox xərcləyir və təbii ki, bu kəsir (defisit) artır. Bundan başqa, 2004-cü idə Yay Olimpiya Oyunlarını Afinada keçirmək üçün külli miqdarda vəsait xərclənir (Olimpiada adlı sevgilisi). Beləliklə, yaranan büdcə kəsirini ödəmək üçün ölkə borc alır. Borcu isə Yunanıstana özəl banklar və digər ölkələr verirlər (borc verən qardaşları və dostları). Beləliklə, ölkə bu illər ərzində iqtisadi islahatlar aparmaq, büdcəsini qaydaya salmaq əvəzinə, getdikcə daha dərin borc problemi ilə üzləşir. Dövlət borcu ÜDM-in 180%-nə qədər artır.

Borc problemini həll etmək üçün pul çap etmək ağıla gələn ən sadə variantdır. Lakin məsələ ondadır ki, Avronu qəbul etdikdən sonra, ölkənin Mərkəzi Bankının pul çap etmək səlahiyyəti olmur və ölkə çıxılmaz vəziyyətlə üzləşir. Belə olan halda, Beynəlxalq Valyuta Fondu, Avropa Birliyi və Avropa Mərkəzi Bankından ibarət beynəlxalq qurum (bu qrupu “Troyka” adlandırırlar) Yunanıstanın köməyinə gəlir (valideynlər). “Troyka”nın maliyyə yardımı ilə 2010-cu ildə borc problemi qismən həll edilir. Lakin borcun qarşılığında Yunanıstan qarşısına tələblər qoyulur (valideynlərin iş qurma tələbləri). Tələblərə əsasən, ölkə xərclərini azaltmalı, gəlirini isə artırmalı, büdcə kəsirini aradan qaldırmalı idi.

Lakin Yunanıstanın bu cəhdləri alınmır. Bəzi iqtisadçılar (o cümlədən mən) hesab edir ki, bunda “Troykanın” günahı heç də az deyil. Belə ki, hazırda əsas debatlardan biri iqtisadi durğunluq zamanı dövlətin rolu ilə bağlıdır. Bir qrup iqtisadçı hesab edir ki, dövlət xərclərini azaltmalı, vergiləri artırmalıdır ki, borc problemini azaltsın. Əks tərəfdə duran iqtisadçılar isə, belə düşünürlər ki, əksinə, krizis zamanı hökumət daha çox pul xərcləməli, çox iş yerləri açmalıdır. Xərcləri azalt deməklə, “Troyka” Yunanıstanın əlində olan bütün alətləri əlindən aldı (Valideynlər Hellası pulsuz qoyduğu kimi).

Beləliklə, ölkə borc böhranından çıxa bilmədi. Nəticədə dünən (30 iyun) Beynəlxalq Valyuta Fonduna olan 1.6 milyard avro borcunu ödəyə bilmədi. Bir neçə həftə sonra daha böyük borcların ödənmə vaxtıdır və çox güman ki, ölkə bunları da ödəyə bilməyəcək. Ona görə də, “Üçlük” Yunanıstana şərt qoydu: ya bizim dediyimiz qaydaları qəbul edəcəksən, ya da biz sənə kömək etməyəcəyik (valideynlərin ultimatumu).

Baş nazir bu suala cavab axtarmaq üçün referendum keçirir. Görək yunan xalqı nə qərar verəcək. İstənilən halda, nə ölkə, nə də Avrozona üçün asan çıxış yolu olmayacaq. Axı ayrılıqdan adətən həm övlad, həm də valideynlər əziyyət çəkir...


Teqlər:  





Xəbər lenti