Dini icmalara pul ayrılıb

Dini icmalara pul ayrılıb
  29 May 2015    Oxunub:1580
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) dini icmalara maliyyə yardımı ayırmağa başlayıb.
Komitədən AzVision.az-a daxil olan məlumata görə, bu məqsədlə mayın 29-da Dövlət Komitəsində maliyyə yardımı ayrılmış ilk 10 dini icma sədrinin iştirakı ilə toplantı keçirilib.
Toplantıda Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Prezident cənab İlham Əliyevin imzaladığı müvafiq sərəncam barədə danışaraq bildirib ki, ayrılan maliyyə vəsaiti ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işinin daha da gücləndirilməsinə sərf ediləcək:

“Dövlət Komitəsində maliyyə vəsaitinin icmalara verilməsi ilə bağlı Qiymətləndirmə Komissiyası yaradılıb. Komissiya icmalar tərəfindən təqdim edilən layihələri müzakirə etdikdən sonra həmin layihələrə uyğun olaraq icmalara vəsaitin ayrılması barədə qərar qəbul edilir. İcma sədrləri onlara ayrılan vəsaitin istifadə olunması ilə bağlı rəhbərlik etdikləri icma üzvlərinin rəyini də nəzərə almalıdırlar”.
Maarifləndirmə sahəsində Azərbaycançılıq ideologiyasının təbliğinə xüsusi diqqət ayrılmasının vacibliyindən danışan DQİDK sədri qeyd edib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycançılığı dövlət ideologiyasına çevirib. Hazırda bu siyasət Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan hakimiyyəti dinə qayğı göstərir. Belə ki, dövlət tərəfindən yeni məscidlər tikilir, tarixi-dini abidələr əsaslı şəkildə bərpa olunur.

Eyni zamanda, Mübariz Qurbanlı dini icma sədrlərinin yerlərdə axund və imamlarla, eləcə də Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələri ilə qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyətinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən, ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə 2,5 milyon manat vəsait ayrılıb.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti