Yetimlərin bankir dostu: Azərin ailəsi danışdı (FOTOLAR)

Yetimlərin bankir dostu: Azərin ailəsi danışdı  (FOTOLAR)
  24 Aprel 2015    Oxunub:46848
“Zaminbank”ın Nəsimi rayon filialının rəhbəri Azər Məmmədovun “Avropa” otelində bıçaqlanaraq qətlə yetirilməsi və bu hadisə ilə bağlı məlumatlar mətbuatın diqqətindədir. Xəbər verdiyimiz kimi, Nəsimi rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azər Məmmədovu qətlə yetirməkdə təqsirli bilinən Sənan Quliyev və Mövlud Səfərov tutulublar. Hadisənin təfərrüatları ilə bağlı müxtəlif versiyalar səsləndirilir.

AzVision.az mətbuatın gündəmindən düşməyən qətlə bağlı yeni məlumatlar əldə edib.

Əməkdaşlarımız A.Məmmədovun yas mərasimində iştirak edərək mərhumun ailə üzvləri, yaxınları ilə hömsöhbət olub, hadisə ilə bağlı onların fikirlərini öyrənib.



Mərhumun qardaşı Ayxan Məmmədov Azərin günahsız yerə öldürüldüyünü deyib. Onun sözlərinə görə, qardaşının ölümünə heç bir səbəb olmayıb.

“Qardaşım “çujoy-paxmel” getdi. Azərin günahı yox idi. Biz dövlətimiz və onun rəhbərliyə inanırıq. Qardaşımın qatili öz cəzasını almalıdır. Bu bizim üçün çox ağrılıdır. Azər çox yaxşı qardaş və insan idi. Biz heç vaxt onu itirdiyimizə inanmayacağıq. Bu bizim üçün faciədir. Azər gedişi ilə bizi ürəyimizdən vurdu”.

Qardaşının ölümünün ailəsi, yaxınları üçün dözülməz olduğunu deyən Ayxan Məmmədov qatilin ağır cəza almasını tələb edib: “Qardaşımı günahsız yerə öldürən insanlar qanun qarşısında cavab verəcəklər. Biz dövlətimizə inanırıq. İnanırıq ki, qatil layiqli cəzasını alacaq”



Hadisə ilə bağlı Azərin dostları da danışıblar: “Azər həddindən artıq sakit, qabiliyyətli oğlan idi. Onun heç kimlə düşmənçiliyi ola bilməzdi. Neçə illərdir biz onu tanıyırıq, bir dəfə də olsun Azərlə bağlı pis fikir eşitməmişik. O, ümumiyyətlə dava sevmirdi. Niyə belə oldu, bizdə bilmirik. İnanırıq ki, hüquq-mühafizə orqanları hadisəni obyektiv araşdırıb, hüquqi qiymət verəcəklər. Bizim əlimizdən heç nə gəlmir. Azərin yoxluğuna alışmaq çox çətindir”.

Mərhumun yaxınları mətbuatda yazılan xəbərlərə də münasibət bildiriblər. Onlar bəzi məlumatların yalnış olduğunu hesab edirlər.

“Yazırlar ki, guya Ayxan Məmmədov Moskavda bıçaqlanıb. Yayılan xəbərlər yalandır. Onun sadəcə bədənində yara var idi. Bakıda əməliyyat olundu. Amma nəticə yaxşı olmadığı üçün Moskavada yenidən əməliyyat olunub. Yəni ki, heç kəs onu bıçaqlamayıb”.



“Avropa” otelindəki qətl zamanı yaralan məşqçi Ruslan Əfəndiyev də yas mərasimində iştirak edirdi. Əməkdaşlarımız onunla danışmaq istəsə də R.Əfəndiyev özünü yaxşı hiss etmədiyini deməklə kifayətləndi.
“Bu barədə danışmaq istəmirəm” –deyərək Ruslan süfrə arxasına əyləşib.



Dostlarının dediyinə görə, R.Əfəndiyev yaralı olsa da Azər Məmmədovun dəfn mərasimində də iştirak edib.

“Azər Məmmədov Novxanıda atasının məzarının yanında dəfn edilib. Dəfn mərasiminə çox çətinliklə də olsa Ruslan Əfəndiyev də gəlmişdi. Azər yetimlərin dostu idi. O, çox gözəl insan idi. Heç kəslə işi olmazdı. Azər kasıb bir insan görəndə cibində nə varsa ona verərdi. Ürəyi çox təmiz idi. Allah qardaşımıza rəhmət eləsin”-deyə mərhumun yaxınları qeyd ediblər.

Azər Məmmədovun yas mərasimində Milli Məclisin viste-spikeri Bahar Muradova, millət vəkili Elmira Axundova və digər dövlət rəsmiləri iştirak edirdilər.



Xatırladaq ki, hadisə aprelin 21-də, Bakının məşhur “Avropa” otelində baş verib. İnsident otelin idman zalında qarışıq döyüş növləri üzrə məşqçi Ruslan Əfəndiyevlə Azər Məmmədov məşq edən zaman qeydə alınıb. Belə ki, onların Sənan Quliyev və Mövlud Səfərov adlı şəxslərlə mübahisəsi düşüb. Nəticədə Azər Məmmədova ürək nahiyəsindən, R.Əfəndiyevə isə bədəninin müxtəlif nahiyələrindən xəsarətlər yetirilib.

Azər aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib. R.Əfəndiyev isə özəl klinikalardan birinə çatdırılıb.

1985-ci il təvəllüdlü A.Məmmədov Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu olub. Qətldə təqsirləndirilən Sənan Quliyevə Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 221.2.1 (bir qrup şəxs tərədindən xuliqanlıq), 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət), 221.3 (silah qismində əşyanı tətbiq etməklə xuliqanlıq etmə) maddələri üzrə cinayət işi açılıb.

Səbail rayon məhkəməsinin qərarı ilə Sənan Quliyev 4 ay, Mövlud isə 3 ay müddətinə həbs edilib.

Hafiz Əhmədov
Fotolar: Nuron Məmmədov



Teqlər:  





Xəbər lenti