Vatikan danışdı, buyursun Məkkə!

Vatikan danışdı, buyursun Məkkə!
  20 Aprel 2015    Oxunub:17017
Vüsal Məmmədov

Əvvəlcə Roma Papası `erməni soyqırımı`nı tanımaqla, katolik dünyasının diqqətini bu məsələyə yönəltdi; sonra Avropa Parlamenti papalıq edərək, bir xristian klubu olduğunu ortaya qoydu... STOP! Burada açar söz `xristian` sözüdür. Sual olunur: ermənilərin tərəfində xristian dünyası varsa, bəs türklərin tərəfində kim var? Hanı bəs müsəlman dünyası, səsi niyə çıxmır?


Maşallah, əslində islam üləmaları çox fəaldırlar, inşallah. Dünyada hansı bir axmaq iş ortaya çıxırsa, `hacılar və hocalar` dərhal reaksiya verib, fətva çıxarmağı özlərinə borc bilirlər. Meyidlə intim yaxınlıqdan tutmuş, arvadı necə döyməyə, geyimdən tutmuş, pendir yeməyin məkruh olmasına qədər hər şeylə bağlı fətvalar var. Hətta ac qalanda arvadın ətini yeməyə də xüsusi fətva həsr ediblər. Amma bütün müsəlman dünyasının qlobal maraqlarına qarşı yönəlmiş `erməni soyqırımı` kimi məsələdə Vatikan danışır, bunlar susurlar.

Axı xristianların Vatikanı varsa, müsəlmanların da Məkkəsi, Qumu, Nəcəfi, Qahirəsi var. Niyə, məsələn, başda Məkkə olmaqla bir neçə dini mərkəzdə `erməni soyqırımını` tanıyanlarla bağlı fətva verilmir? Nədir, bir qadının `whatsapp`-da yazışmasından az əhəmiyyətli məsələdir bəyəm? Qoy, bu yalanı tanıyan şəxslər, qurumlar və dövlətlər lənətlənsin, onlarla hər hansı iş birliyi haram elan edilsin. Neft satmasınlar, investisiya qoymasınlar. Bir anlıq təsəvvür edək ki, belə bir hətta ehtimal olsaydı, Papa, yaxud Avropa Parlamenti həmin addımı atardılarmı?

Əgər Avropa bilsə ki, erməni `soyqırımı`nı tanımağın qarşılığında islam dünyasının bu cür sərt təpkisilə üzləşəcək, dərhal o mövzunu qapadardı. İndi isə belə çıxır ki, Ermənistanın xristian dövləti olması onun xeyrinə işləyən çox ciddi faktordur, Türkiyənin müsəlman dövləti olmasının isə ümumiyyətlə, mövzuya dəxli yoxdur.

Statistik olaraq müsəlmanların sayı dünyada 1.6 milyarda çatıb – bu, planet əhalisinin az qala ¼-i deməkdir. Əksər müsəlman dövlətləri kifayət qədər varlıdırlar. Təkcə Səudiyyə Ərəbistanında ümumi sərvəti 205 milyard dollar olan 64 milyarder var. Birləşmiş Ərəb Əmirliklərində 37, Küveytdə 17, Qatarda 9 milyarder yaşayır. Bu müsəlman milyarderləri bütün axmaq işlərə həvəslə pul ayırırlar. Yadınızda olar, Səudiyyə şahzadələrindən biri Kim Kardaşyanı `şam yeməyinə` dəvət edərək, 1 milyon dollar vəd etmişdi. Axırının nə ilə qurtardığını bilmirəm, amma əminəm, həmin şahzadəyə desələr ki, `erməni soyqırımı` əleyhinə aksiya üçün maliyyə lazımdır, bir qəpik də verməz. Gerçək islam dünyasına xoş gəldiniz!

Ərəb ölkələri öz maliyyə imkanlarından faydalanaraq, Qərb mediasında hətta yəhudi diasporu kimi nəhəng bir gücü də sıxışdıırlar! Fələstin mözusunda Qərb ictimai fikrini yəhudilərin əleyhinə kökləyə bilirlər ki, bu da ağlagəlməz bir işdir. Onlar azca səy göstərsələr, Amerikada da, Avropada da erməni diasporunu siçan deşiyinə soxa bilərlər. Amma etmirlər – çünki hesab edirlər ki, Türkiyəyə nə qədər çox zərbə dəysə, bu, onların strateji maraqlarına o qədər uyğundur.

Az qala hər gün bu fikri eşidirik ki, `Qərb İslam dünyasını parçalamağa və
məhv etməyə çalışır`. Maraqlıdır, nəyini parçalayacaq? Ümumiyyətlə, `İslam dünyası` anlayışından birdəfəlik əlimizi üzmək lazımdır. Belə bir dünya yoxdur. Əgər varsa, özünü göstərməyin tam zamanıdır.


Teqlər:  





Xəbər lenti