`Prezident icazə versə, Ermənistanı məhv edərik` - General

`Prezident icazə versə, Ermənistanı məhv edərik` - General
  30 Yanvar 2015    Oxunub:17873
“Ermənilər 20 ildir ki, təxribatla məşğul olurlar. Onların bütün təxribatlarının cavabı verilir. İndi də yayırlar ki, guya onların pilotsuz uçan hərbi aparatları vurulmayıb. Fakt odur ki, həmin aparat vurulub. Onun qırıqları da həmin ərazidədir”.

Bunu AzVision.az-a açıqlamasında sabiq müdafiə naziri, general-mayor Dadaş Rzayev deyib.

Qeyd edib ki, cəbhənin Ağdam rayonu istiqamətində Ermənistanın pilotsuz uçan aparatı məhv edilməsini çox yüksək qiymətləndirir:

“Bizim texnikalarımız ermənilərdəkindən çox yüksək səviyyədədir və müasirdir. Ermənilərin təyyarələrini vurmaq üçün bütün silahlarımız var. Bu gün Ali Baş Komandan əmr versə, ordumuz bir həftə ərzində Ermənistanı məhv edər. Gedib İrəvana çıxarıq.

Hərbi Hava Qüvvələrimizin (HHQ) döyüş hazırlığı da çox yüksək səviyyədədir. Ən müasir təyyarələrimiz var. Hədəfi dəqiq vuran ən müsair silahlarımız var. Ermənilər bu saat təşvişdədirlər. Onlar bilirlər ki, Azərbaycan gec-tez öz torpaqlarını azad edəcək.

Bizim əsgərlərin, zabitlərin döyüş hazırlığını çox yüksək qiymətləndirirəm. Erməniləri vurduqlarına görə, onlara sağ ol deyirəm”.

Qeyd edək ki, yanvarın 29-da saat 14.00 radələrində cəbhənin Ağdam rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində Ermənistan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçan aparat (PUA) Hərbi Hava Qüvvələrimiz tərəfindən məhv edilib.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti