Dilqəmə ömürlük, Şahbaza 22 il həbs istənildi

Dilqəmə ömürlük, Şahbaza 22 il həbs istənildi
  19 Dekabr 2014    Oxunub:4056
Bu gün Xankəndidə azərbaycanlı girovlar Şahbaz Quliyev və Dilqəm Əsgərovun qondarma “məhkəməsi” baş tutub.
AzVision.az-ın erməni KİV-nə istinadən verdiyi məlumata görə, prokuror girov Dilqəm Əsgərovun ömürlük, Şahbaz Quliyevin isə 22 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Ermənistan mətbuatının yazdığına görə, prokuror əsas kimi onu göstərib ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev qanunsuz olaraq sərhədi keçib, informasiya toplayıb və video çəkilişlər aparıblar: “Smbat Çakanyanın ölümü şəraiti onu göstərir ki, cinayət bir nəfər, Dilqəm Əsgərov tərəfindən həyata keçirilib. Bundan əlavə “istintaq” tərəfindən Şahbaz Quliyev çəkiliş aparmaması, lakin qrupun tərkibində olması faktı sübut olunub”.

Xatırladaq ki, sonuncu “məhkəmə” hələ dekabrın 12-i keçirilməli idi. Lakin həmin vaxt “məhkəmə” təxirə salınmışdı. Buna səbəb isə girov Şahbaz Quliyevin səhhətdə yaranan problemlər, həmçinin “zərərçəkən” Vreja Balayanın məhkəməyə gəlməməsi olub.

Qeyd edək ki, bu ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə yaxınlarının qəbrini ziyarət edərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüb, digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə öldürülüb.

D. Əsgərov və Ş. Quliyev üzərində qondarma “məhkəmə” prosesi oktyabrın 27-də başlayıb.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti